"Obyektivlikdən kənara çıxmadığıma görə həbslə üz-üzəyəm" - BAŞ REDAKTORUN SƏRBƏST İFADƏSİ

 





Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə Criminal.az saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası olub. Prosesdə Anar Məmmədov sərbəs çıxış edib, cinayət işinə xitam, özünə isə bəraət verilməsini məhkəmə heyətindən xahiş edib. Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Ittiham sübut olunarsa jurnalisti 7 ildən çox həbs gözləyir. 
Anar Məmmədovun məhkəmədə dünən verdiyi sərbəst ifadəsinin tam mətnini təqdim edirik:
Hörmətlə Məhkəmə!
 Sizdən xahiş edirəm, mənim bu çıxışıma nə özünüzün, nə də başqalarının müdaxiləsinə yol verməyin. Bu gün mənim statusum təqsirləndirilən şəxs olsa da əminəm ki, vaxt gələcək mənə qarşı qanunsuzluq özü araşdırma predmeti olacaq. 

Criminal.az saytının baş redaktoruyam. Müstəqil jurnalistəm, peşəmdə həmişə obyekt olmuşam. Ölkədə baş verən ictimai, maraq doğuran, cəmiyyətin diqqətində olan, gündəm təşkil edən məlumatları rəhbərlik etdiyim saytda fərq qoymadan, sırf peşə faəliyyəti prizmasından işıqlandırmışam. 
Criminal.az saytının ölkədəki KİV-lərin böyük əksəriyyətindən fərqi də məhz obyektivliyini qorumasıdır. Yarandığı gündən – 2015-ci ildən sonra qısa müddətdə saytın populyarlaşması da məhz bu amilə bağlı olub. 
Criminal.az saytında yer alan həmin məlumatların böyük əksəriyyətini ölkədə fəaliyyət göstərən əksər media qurumları illərdir ki, işıqlandırılmır. Hökuməti və müxtəlif dövlət məmurlarını kəskin tənqid edən məqalələr dərc etmişəm. Bu gün məhkəmə qarşısında dayanmağım peşəmə sadiq qalıb obyektivlikdən kənar çıxmadığıma görədir. Barəmdə cinayət işi başlamamışdan əvvəl Criminal.az saytı məhkəmə qərarı olmadan bloklanıb. Criminal.az-ın "facebook” sosial şəbəkəsindəki səhifəsi, "youtube” kanaları da bloklanıb və ya oğurlanıb. Yüksək vəzifəli müxtəlif hökumət məmurlarının, o cümlədən parlamentin üzvlərinin təzyiqlərinə məruz qalmışam. Saytda barələrində yazılmış xəbərlərin silinməsi üçün müxtəlif formalı təklif, təhdid və hücumlara məruz qalmışam. Həmin məmurların himayəsində olan şəxslər, media qurumları tərəfindən "qara piar” kampaniyası ilə üzləşmişəm. Güzəştə getmədiyimə görə barəmdə Baş Prokurorluğa əsassız müraciətlər olub, dəfələrlə Baş Prokurorluğa çağırılmışam. Sırf peşə fəaliyyətimlə bağlı,  məqalələrimə görə baş prokurorun birinci müavini Rüstəm Usubovdan bir neçə dəfə xəbərdarlıq almışam. Həmin xəbərdarlıqlar bu gün barəmdə olan cinayət işində ağırlaşdırıcı hal kimi göstərilir. Halbuki xəbərdarlığa dırnaqarası əsas hesab olunan məqalələrdə KİV haqda qanunu, eyni zamanda ölkə qanunlarını pozacaq bir sətir olmayıb. 

Təzyiqlər barədə

Daha sonra mülki qaydada məhkəməyə verilmişəm, mənə qarşı külli miqdarda təzminat davası açılıb. Barəmdə Beyləqan məhkəməsi tərəfindən absurd qərar çıxarılıb. Məhkəmə iddiaçıya 40 min manat ödəməyimlə bağlı qərar verib. Halbuki iddiaya səbəb olan həmin məqalə Criminal.az saytının məhsulu deyil. Yazını yazıb ictimailəşdirən ilk mənbə olan sayt kənarda qalıb, məhkəmə xəbəri istinadla dərc etdiyimi bilə-bilə barəmdə qərar verib. Hərçənd ki, iddiaya səbəb olan həmin xəbəri Criminal.az-dan əvvəl ölkənin əksər saytları yaymışdı. 
 
Bundan başqa müğənni Günay İbrahimli mənə qarşı 100 min manatlıq təzminat davası açıb. Burda da müğənni iddiasını şərəf və ləyaqəti ilə əlaqələndirsə də, bu sadəcə diqqəti əsas fiqurdan yayındırmaq olub. Müğənni barədə yazdığım məqalədə Milli Məclisin sədri Oqtay Əsədov və onun mühafizəçisi Rəşadın adı hallanıb. 
Bunu Günayın özü də mənə qeyri-rəsmi də olsa etiraf edib. Deyib ki, bu bir siyasi məsələdir, yazıda Rəşad və Oqtay müəllimin adı hallanıb. 
Məlumat üçün bildirim ki, Oqtay Əsədovun kürəkəni Mehman Qocayev Bakı prokurorunun müavinidir. Və mənimlə bağlı cinayət işində ittihamın ağırlaşdırılması ilə bağlı təqdimatı verən vəzifəli şəxs odur. 
Bu kimi diffamasiya ilə bağlı məhkəmə prosesləri jurnalistlərin, əsasən də mənim qorxudulmağım üçün vasitədir. Mənim diffamasiyaya görə ittiham edilməyimdən yüksək vəzifəli şəxslərə və ya digər nüfuzlu şəxslərə ziyan yetirə biləcək xəbərlərin yayılmasının qarşısını almaq üçün vasitə kimi istifadə edilib. Həbsə alınmaq qorxusu ucbatından jurnalistlər özünüsenzuraya əl atmağa məcbur edilirlər. Bu gün məhkəmə qarşısında təqsiləndirilən şəxs kimi dayanmağım da sırf peşə fəaliyyətimlə bağlıdır, qorxudulmağıma hesablanıb.
Konkret ittihama gəlincə, mənə qarşı başlanan cinayət işi absurddur. Məsələ bir jurnalistin yazdığı bir xəbərə, fikirə, tənqidə görə həbsindən də ötə, ittiham müəlliflərinin dövləti lağlağı obyektinə çevirmələrindədir.
Nə olub? Jurnalist, yəni mən, Elmar Vəliyevə hücumun hökumətin məmur özbaşınalığına etinasızlığının nəticəsi olduğunu yazmışam, demişəm ki, başqa belə hadisələr də ola bilər.
Bu yazıya görə mənə dövlət əleyhinə çağırış ittihamı veriblər. Dövlətimizi çevirmək beləmi asandır ki, jurnalist hökuməti tənqid etməklə bu ittihamı qazanmış olsun?

Barəmdə ağır maddələrlə cinayət işi başlanmasına səbəb kimi göstərilən 2 məqalədən biri  "Gəncənin güllələn başçısının qalmaqllı və bəlalı yolu - General Rasim Musyevlə kəllələşmənin pərdəarxası” başlıqlı yazıdır.  
Məqalənin məzmununu olduğu kimi oxuyuram: 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və mühafizəçisi Qasım Aşbazovu güllələyən Yunis Səfərovla bağlı maraqlı məqamlar üzə çıxıb. Criminal.az saytı həmin şəxsin pasport şəkilini əldə edib. Məlum olur ki, Y.Səfərov pasportu bir müddət əvvəl Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Həmin vaxtdan axtarışa verilsə də, Y.Səfərov pasportu eyni ad-soyadla Rusiyada alıb və Azərbaycana keçib. 
Dünən(3 iyul 2018-ci il) isə saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydandakı pilləkəndə icra başçısına hücum edib. 
E.Vəliyevin hansı səbəbdən güllələnməsi hələ də qaranlıq qalıb. İlkin məlumat budur ki, Y.Səfərovla başçı arasında münaqişə olub. Hətta Yunis icra başçısına öldürəcəyi ilə bağlı xəbərdarlıq da edbmiş. 
Tanıyanlar bilir ki, 2011-ci ildən Gəncənin icra başçısı təyin olunan E.Vəliyev şəhərin bütün dövlət qurumlarını özünə tabe etdirmək istəyib. Polis daxili işlər nazirinə, prokuror baş prokurora tabe olduğu halda E.Vəliyev onları özünə itaət etməyə məcbur edib. Məhz buna görə, Gəncənin mərhum rəisi polis general mayoru Rasim Musayevlə başçı arasında ciddi qarşıdurma baş vermişdi. Rasim Musayev Gəncədə rəis olan zaman şəhid anasına görə icra başçısı ilə aralarından münaqişə baş vermişdi. 
 Şaiyələr yayılmışdı ki, rəsmi tədbirlərdən birində evi sökülən şəhid anası E.Vəliyevə yaxınlaşaraq evinin sökülməsi nəticəsində Qarabağda şəhid olan övladlarının balalarının küçədə qalmasını irad tutumuşdu. İcra başçısı isə sərt şəkildə polisə həmin qadının tutulmasını əmr etmişdi. Rasim Musayev isə şəhid anasına qarşı mülayim münasibət göstəmiş və bu da başçının qəzəbləndirmiş, daha sonra isə R.Musayevə iclasda kobud sözlər işlətmişdi. Hətta başçı ilə Rasim Musayev həmin vaxt əlbəyaxa olmuşdular. Bundan sonra R.Musayev Gəncəni tərk etmişdi, bir müddət sonra Daxili İşlər Nazirliyində yüksək posta, Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. İki il sonra, 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat etdi. 
Hətta sohbətlər dolaşırdı ki, R.Musayev xidməti avtomobilində Hacıkənd ərazisində başçıya yaxın şəxslər tərəfindən gülləboran edilib. 
Dünən isə Gəncədə məlum hadisə baş verdi. Hələlik başçıya qarşı sui-qəsdin əsl səbəbi açıqlanmasa da, xronoloji ardıcıllıq bəzi qaranlıq məqamlardan xəbər verir. Başçını güllələyən Y.Səfərovun Rusiya pastportu olmasına baxmayaraq, axtarışda ola-ola Azərbaycana necə keçməsi düşündürücü məqam hesab etmək olar. 
Bir neçə ay əvvəl ABŞ-a köçən tanınmış politoloq, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz bloqunda E.Vəliyevi Bəylər Əyyubov qruplaşmasının üzvü kimi təqdim edərək onun yaxın günlərdə Bakı şəhərinə mer gətiriləcəyini yazmışdı. 
Ərəstun Oruclunun bloqundan sitat: "Qruplar arasındakı bugünkü mübarizənin əsas, bəlkə də həlledici hədəfi isə hələlik boş qalan Bakı ŞİH-nin başçısı postudur ki, qruplaşmalardan hər biri bu posta nəzarəti ələ keçirməyə çalışır. "Əliyev-Əyyubov qruplaşması” bu posta artıq konkret namizədini də müəyyənləşdirib. Əlbəttə ki, söhbət Bəylər Əyyubovun qohumu və artıq brinci yazıdan yaxşı tanıdığınız respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, Gəncə ŞİH-nin başçısı Yelmar Vəliyevdən gedir. Bəli, Gəncənin tarixi arxitekturasından tutmuş onun ruhuna qədər hər şeyi dağıtmaq üçün əlindən gələni etmiş həmin Yelmar Vəliyev...”  
Tarixə nəzər salsaq görərik ki, Elmar Vəliyev Gəncədə gülələnən ilk icra başçısı deyil. 1993-cü ildə Gəncənin icra başçısı olan Hacı Vaqif öz xidməti kabinetində qətlə yetirilib. Gəncədə kriminal avtoritet kimi tanınan "Zobik” başçının kabinetinə daxil olub və Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də bildirib ki, heç kimə özbaşına vəzifə verə bilməz. "Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurub. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb "Zobik”in düz alnından güllə ilə atır. Orada olan "Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi. Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər. 
Xatırladaq ki, E.Vəliyev Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır. 
Yazıda yer alan fikirlər əsasən hazırda cinayət işimdə adı keçən Gülnar Muradovanın hələ Gəncə hadisələri baş verməmişdən bir neçə ay öncə öz şəxsi problemini Criminal.az-da işıqlandırmaq üçün müsahibə verərkən keçmiş polis rəisi Rasim Musayevin köməkçisi olduğunu deyib. Rasim Musayev haqda xatirələrini danışıb. Həmin xatirələrdən biri məhz Rasim Musayevin Elmar Vəliyevlə aralarında yaranmış münaqişə ilə bağlı olub. G.Muradova mətbuatda əvvəllər yayılmış Elmar Vəliyevlə Rasim Musayevin əlbəyaxa olmaları ilə bağlı xəbərləri təsdiq edib. Ətraflı məlumatlar verib. Gülnar Muradovanın bu haqda verdiyi müsahibənin səs yazısını da məhkəməyə təqdim edirəm. 
Gəncə hadisələri baş verəndən sonra G.Muradovanın həmin hadisə ilə bağlı müsahibəsinə qayıtdım. Bundan başqa Gəncədə 1993-cü ildə başqa bir başçı Hacı Vaqifin "Zobik” adlı şəxs tərəfindən güllələndiyini xatırlatdım. Həmin yazıya keçmiş MTN zabiti Ərəstun Oruclunun bir müddət əvvəl E.Vəliyevin Bakıya mer gətirlməsi ilə bağlı proqnozunu əlavə edərək yazı hazırladım. Bu yazıda dövlət əleyhinə çağırış, vəzifə saxtakarlığına səbəb olan heç bir fikir yoxdur. 
Rasim Musayevlə Elmar Vəliyev arasında baş vermiş münaqişə ölkə mətbuatında müxtəlif zamanlardakı məqalələrdə də yer alıb və bu günə qədər təkzib olunmayıb. Məqalədə sadəcə Gəncə hadisələrinin törədilməsinin mümkün səbəbləri barədə ehtimallar, mülahizələr irəli sürülüb. Hətta bu ehtimallar, mülahizələr yetərincə faktoloji əsaslar olmadan irəli sürülübsə belə, onlar ifadə azadlığı baxımından müəyyən dərəcədə icazə verilən məqbul şişirtmə kimi qəbul edilə bilər. 
İttiham olunduğum digər məqalə isə "Turan” İnformasiya agentliyinin analitik yazısıdır. Bu məqalə Criminal.az saytında həmin agentliyə istinadla "Gəncədə baş verən hadisə Elmar Vəliyevin kobudluğunun nəticəsidir” başlığı ilə dərc edilib. 

Həmin məqaləni də olduğu kimi təqdim edirəm:
"Hakimiyyət ikinci böyük şəhərin əhalisinin özbaşınalıqdan narazı olduğunu görmək istəmir”
"Ölkə rəhbərliyi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı dünənki sui-qəsdi adi kriminal kimi qələmə verməyə çalışır”. Bu barədə "Turan” agentliyinin materialında deyilir.
Müəllif xatırladır ki, "ölkənin baş ideoloqu Əli Həsənov bildirib ki, "adi kriminal hadisəsi baş verib” və "narahat olmağa dəyməz”. Yazı müəllifinin fikrincə, hakimiyyət ölkənin ikinci böyük şəhəri Gəncədə əhalinin şəhər rəhbərinin kobudluğundan, özbaşınalığından narazı olduğunu görmək istəmir, ya da görməzlikdən gəlir. "Məğrur və ləyaqətli gəncəlilər çoxdandır ki, E.Vəliyevdən narazılıq edirlər. O, insanları açıq şəkildə təhqir edir, onların əmlak hüquqlarını pozur, şərəf və ləyaqətini alçaldır. Bu cür davranış dövlət başçısının qaydalarına kəskin ziddir. Belə ki, ölkə başçısı dəfələrlə dövlət məmurlarını vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırıb, özlərini kobud və məsuliyyətsiz aparanların cəzalandırılacağını bildirib.
"Niyə İlham Əliyev Elmar Vəliveyin özbaşınalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır? Yoxsa İlham Əliyev bunları formal olaraq deyir?”, - gəncəlilər şikayət edirlər”, - yazıda qeyd olunub. Adının açıqlanmasını istəməyən sakinlərdən biri bildirib ki, E.Vəliyevə qarşı sui-qəsdin səbəbi onun vətəndaşlarla kobud davranışı səbəb olub. "Belə ki, bir müddət öncə yerli sakinlərdən biri öz problemi ilə bağlı ona müraciət edib. E.Vəliyev çığırıb - bağırıb, söyüş söyüb və hamilə qadını otaqdan qovub. E.Vəliyevə və onun mühafizəçisinə atəş açan həmin qadının qardaşıdır. Gəncəlilər hər zaman qürurlu və qorxmaz olublar. Odur ki, E.Vəliyevlə baş verənlər tez ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çıxarmasa, İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana bilər”, yazıda bildirilib. 
Məsələ ilə bağlı danışan keçmiş MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, hadisənin arxasında xüsusi nəsə axtarmağa ehtiyac yoxdur və Elmar Vəliyevin davranışları bu hadisəyə yol açıb: "Çıxıb küçədə sorğu keçirsəniz və sual versəniz ki, "Azərbaycanda sui-qəsd edilə biləcək beş icra başçısı kimdir?” sizə birinci Elmar Vəliyevin adını çəkərlər. Elmar Vəliyev söyüşlə danışan, camaatı təhqir edən biridir. Ona qarşı münasibət buna görə yaxşı deyil. Belə hərəkətlərin bir gün cavabı olur. Biri sözlə, biri silahla cavab verir. Elmar Vəliyevə də cavab silahla oldu. Onu etdiyi təhqirlərə görə güllələyiblər. Elmar Vəliyevi etdiyi hərəkətlərə görə ölümlə çox təhdid ediblər. Bu şəxs də onu daha öncə təhdid edib və bu da nəticəsidir”.
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə atış açılıb. Hazırda hər ikisi yaralı vəziyyətdə xəstəxanadadırlar. Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında hadisəni törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun həbs edildiyi bildirilib.
Bu məqalə ilə bağlı müstəntiq ittiham aktında göstərib ki, güya başqa sayta istinad etməyim belə məni məsuliyyətdən azad etmir. Lakin diqqətinizə çatdırım ki, jurnalistin fəaliyyəti Kütləvi İnsormasiya Vasitələri Haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin qanunun 62-ci maddəsində məsuliyyətdən azad etmə halları aydın göstərilib. 

Maddə 62. Məsuliyyətdən azad edilmə halları
 
Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat;
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xidmətlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

Hazırda mənim azadlıqdan məhrum edilmə təhlükəsi ilə üz-üzə qalmağım jurnalist kimi mənə qarşı siyasi təzyiqin təzahürüdür.
Hər halda başlıca sual ondan ibarətdir ki, mən bir jurnalist olaraq ifadə etdiyim fikirlərə görə azadlıqdan məhrum edilməliyəmmi? Bu fikirlər mənim cinayət təqibinə məruz qalmağıma səbəb olmalıdırmı? İttihamların əsassızlığı, dövlətin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, Azərbaycan Konstitusiyasına zidd olduğu ortalıqdadır. Diffamasiyanın hələ də cinayət hüquq pozuntusu kimi qaldığı ölkələrdə diffamasiyaya görə cinayət təqibi faktiki olaraq əsassız ittihamlara və həddən artıq ağır cəza hallarına gətirib çıxarmır. 
Bir çox ölkələrdə cinayət hüququndan istifadə olunmur. Diffamasiyanın kriminallaşdırılması (cinayət sayılması) ifadə azadlığına çəkindirici təsir göstərir. Azərbaycandakı hüquqi baza diffamasiyanın kriminallaşdırılması üçün geniş çeşidli imkanlar nəzərdə tutur (məsələn, şərəf və nüfuzun ləkələnməsi). Bu çeşidli imkanlara görə, artıq iki dəfə şərəf və nüfuz ləkələnməsi kimi iddialarla üz-üzə qalmışam. 
Saytımda yazdığım məqalədəki fikirlərimə görə ittiham olunmağım ifadə azadlığına müdaxiləyə bərabərdir, birbaşa müdaxilədir. 
Konvensiyanın 10-cu maddəsində deyilir: 
1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
İstintaq ifadə azadlığına müdaxilə üçün hər hansı ağlabatan əsaslandırma təqdim etməyib. Yayımladığım məqalələrdə dövlət əleyhinə çağırış yoxdur, eyni zamanda vəzifə saxtakarlığı etməmişəm, vəzifə səlahiyyətlərimi aşmamışam. İttiham 3 şahidin ifadəsi üzərində qurulub. 
2018-ci il 10 iyul tarixində müstəntiq Cavid Abasov qeyd etdiyim 2 yazı ilə bağlı ekspertiza keçirilməsi haqda qərar qəbul edib. 6 gün sonra - iyulun 16-da isə 2 şahid – Məlahət Abgül qızı Məmədova və qızı Samirə Zakir qızı Canıyeva peyda olublar. İşdə qeyd olunur ki, ana-bala prokurorluğa müraciət edərək məqalələrimdə dövlət əleyhinə çağırış olduğunu iddia ediblər. 
Həmin müraciətlərdə qadınlar yazıları oxuyub təşvişə düşdüklərini yazırlar. Müstəntiq, ittiham aktını təsdiqləyən prokuror da bu qadınların təşvişinin nədə ifadə olunduğunu araşdırmadan barəmdə cinayət təqibinə başlayıblar. Bu qeyd etdiyim kimi sırf mənim peşə fəaliyyətimin məhdudlaşdırılmasına, qorxudulmağıma hesablanan addımdır. 

Möhtərəm hakim, 

Eyni məntiqlə həmin qadınlar AzTV sədrindən, Yevlaxda dərc olunan "Ad günü” qəzetindəki yazıdan, "Xalq” qəzetinin saytındakı beynəlxalq xronika rubrikasında yayılan xəbərdən də təşvişə düşə bilərlər. Belə çıxır ki, prokurorluq bu 2 qadının təşvişinin qarşısını almaq üçün AzTV sədrini və digər KİV nümayəndələrini də istintaqa cəlb edib ittiham verəcəkdi? 
Bu qədər abdurd olar? 

Təşvişə meylli hər iki qadının psixoloji durumları da sual doğurur. İstintaq materiallarında həmin qadınların psixoloji durumlarının nə yerdə olması ilə bağlı ekspertiza rəyinə rast gəlinmir. 
Maraqlıdır ki, Cavid Abasovun 2 yazı ilə bağlı təyin etdiyi linqvistik ekspertizanın rəyi bu qadınların müraciətindən(16 iyul 2018) 3 ay sonra, oktyabrın sonlarında hazır olub. Ekspert də, Məlahət Məmmədovanın, onun qızı Samirə Canıyevanın yazdıqlarına uyğun rəy verib, yazılarda dövlət əleyhinə çağırış olmasını qeyd edib. Amma həmin çağırışın nədə ifadə olunduğu bilinmir, konkretlikdən uzaqdır, ümumi söz yığnağıdır. 
 Anlaşılmır ki, yazılarda çağırış hesab olunan məqamı kim üzə çıxarıb - şahid, istintaq ya ekspertlər? 
Digər tərəfdən cinayət təqibi üçün əsas hesab olunmuş 2 yazı Gəncə hadisələri baş verən gün və sonrakı ilk günlərdə yazılıb ki, bu da birbaşa peşə faəliyyətinin gerçəkləşdirilməsidir. 
Hər iki yazı reportaj üslubunda yazılmış məqalədir. Məqalələrdə rəsmi mövqelər, ekspert rəyləri, Gəncə sakinlərinin sosial şəbəkələrdə bölüşdükləri fikirlər, tarixən Gəncədə icra başçılarına qarşı sui-qəsdlərdən söhbət açılıb. 
Mənim bu gün cinayət təqibinə məruz qalmağım söz azadlığını boğmağa yönələn siyasətin nəticəsi kimi baxılmalıdır. Dövlət orqanlarının bəzi nümayəndələrinin məni məhkum etdirmək istəyi ilk növbədə ümumən jurnalist fəaliyyətini boğmaq istəyindən qaynaqlanır, çünki dövlət məmurlarının korrupsiya əməlləri, hüquq pozmaları Criminal.az saytında ifşa olunub. Belə olan halda Criminal.az-dakı yazılarda, məqalələrdəki fikirlərin ictimaiyyəti şoka salması və ya onu narahat etməsi başa düşüləndir. 
Bir daha bildirirəm ki, 10-cu maddənin 2-ci bəndinin şərtləri nəzərə alınmaqla, ifadə azadlığı təkcə müsbət qəbul edilən və ya ziyansız sayılan, yaxud əhəmiyyətsiz hesab edilən məlumat və ya ideyalara deyil, həm də dövlətdə və ya əhalinin hər hansı təbəqəsində inciklik doğuran, onları şoka salan və ya narahat edən məlumat və ya ideyalara şamil olunur. Bunlar plüralizmin, tolerantlığın və geniş fikirliliyin tələbləridir, onlarsız demokratik cəmiyyət ola bilməz (bax: Həndisayd Birləşmiş Krallığa qarşı, 7 dekabr 1976-cı il, 49-cu bənd, A seriyaları, № 24). 

Möhtərəm hakim, 

Bu gün müzakirə mövzusuna çevirilmiş yazılar Gəncə hadisələrindən sonrakı günlərə təsadüf edir. Həmin hadisə cəmiyyətdə geniş müzakirə olunurdu,  dərin maraq doğuran məsələ idi. 
Hərbi cinayətlərə və ya insanlıq əleyhinə cinayətlərə bərabər olan, xüsusilə ağır nəticələr doğuran hərəkətlərin səbəbləri barədə müzakirələri sərbəst şəkildə aparmaq imkanının olması demokratik cəmiyyətdə zəruridir (müvafiq dəyişikliklərlə bax: Leidu və İzorninin işi üzrə yuxarıda adı çəkilən qərar, 54-55-ci bəndlər).
Hər iki məqalə özlüyündə ümumi maraq doğuran məsələ, ölkənin ikinci böyük  şəhərinin icra başçısına qarşı sui-qəsd barəsindədir.
 Jurnalistika azadlığı müəyyən dərəcədə şişirtməyə, yaxud hətta provokasiyaya əl atmağı da əhatə edir (digər qərarlarla yanaşı bax: Bladet Tromsö və Stensaas Norveçə qarşı [Böyük Palatanın qərarı], ərizə № 21980/93, 59-cu bənd, AİHM 1999-III).
Ola bilsin ki, müəyyən şişirtmə və ya provokasiya xarakterli iddialar yer alıb, amma bununla belə, ümumi maraq doğuran məsələlər barədə məlumatları yaymaq vəzifəsini yerinə yetirərkən jurnalist azadlığının hüdudlarını aşmayıb. İttiham etmək prokurorluğun, cəza təyin etmə prinsipcə məhkəmələrin işi olsa da, mətbuatın yol verdiyi hüquq pozuntusuna görə cəzalandırılması yalnız müstəsna hallarda, yəni digər təməl hüquqlara ciddi zərər yetirildikdə, məsələn, ədavət yaradan fikirlər ifadə edildikdə və ya insanlar zorakılığa təhrik edildikdə Konvensiyanın 10-cu maddəsi ilə təmin olunan jurnalistlərin ifadə azadlığına zidd sayılmaya bilər (yenə orada, 50-ci bənd; həmçinin bax: Kumpana və Mazarenin işi üzrə yuxarıda adı çəkilən qərar, 115-ci bənd). 
Yazılar xaraktercə analitik məqalədi və oradakı məlumatlar bu məsələ barəsində müxtəlif kütləvi informasiya vasitələrində dərc olunmuş bir çox başqa məqalələrdən götürülüb.

Möhtərəm hakim, 

istinad etdiyim saytların və qəzetlərin məlumatlarını da ifadəmə əlavə edirəm. 
 Məqalələrin mövzusu açıq-aydın ictimai maraq doğuran məsələ idi. Bu məqalələrinnin dərc olunmasından əvvəl və sonra Azərbaycanda Elmar Vəliyevin özbaşınalığın əks etdirən yüzlərlə buna bənzər məqalələr dərc olunub. Bu məqalələrin hamısında Elmar Vəliyevin əməlləri, özbaşınalıqları və bundan doğan narazılıqlar yer alıb. 
Tam əminliklə bildirirəm ki, Cinayət Məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələri ilə təqsirləndirilsəm də, həmin maddələrdə nəzərdə tutulmuş hərəkətlərin heç birini törətməmişəm. Nə dövlət əleyhinə çağırışlarda iştirak etmişəm, nə də vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma hesab olunacaq əməl törətmişəm.  
Yazdığım, eyni zamanda başqa saytlara istinadla yaydığım məqalələrdə ittihamda deyildiyi kimi hakimiyyətin zorla ələ keçirilməsinə və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, dövlət əleyhinə açıq çağırışlarla, habelə dövləti və dövlət hakimiyyət orqanlarını nüfuzdan və dövlətin apardığı siyasətə kölgə salmağa yönələn və ya dövlət hakimiyyəti orqanlarına təzyiq göstərmək məqsədim olmayıb. Sadəcə çoxsaylı digər mənbələrdən əldə etdiyim informasiyalar əsasında gələcəkdə mümkün olan hadisələrin təhlilini dərc etmişəm. 
Mənə qarşı irəli sürülmüş vəzifə saxtakarlığı və vəzifədən sui istifadə etmə ittihamları əsassızdır və bu da ifadə azadlığına müdaxilə sayılmalıdır. 
İttiham  edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki  korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm. 

Möhtərəm hakim, 

Bir daha xüsusi olaraq vurğulayıram ki, yazıların hər ikisi Azərbaycanda, ölkənin 2-ci böyük şəhərində baş vermiş qanlı hadisənin ciddiliyini önə çəkən analitik məqalələr idi. Bu məsələ həmin məqalələr dərc olunan vaxt aktual idi. Bu baxımdan məqalə ümumi və ictimai maraq doğuran məsələyə dair siyasi müzakirənin tərkib hissəsi idi.
Gələcək hadisələr barədə hər hansı rəylər (Quba və İsmayıllı hadisələrinin təkrarlanması fikri) öz təbiətinə görə yüksək dərəcədə ehtimal xarakteri daşıyır. Gözləmək olardı ki, hər hansı şüurlu oxucu gələcək hadisələrin mümkün gedişatı barədə məqalədəki qeydləri fərziyyə xarakterli olduğunu başa düşəcək. 
İstintaq bir neçə şəxsin sırf mülahizələri əsasında qərara alıb ki, Criminal.az saytındakı məqalədəki fikirlər əhalini qorxutmaq məqsədi daşıyıb və onlar narahatlıq keçiriblər. İfadə azadlığı təkcə müsbət qəbul edilən və ya ziyansız sayılan, yaxud əhəmiyyətsiz hesab edilən məlumat və ya ideyalara deyil, həm də dövlətdə və ya əhalinin hər hansı təbəqəsində inciklik doğuran, onları şoka salan və ya narahat edən məlumat və ya ideyalara şamil olunur. Aktual siyasi məsələlər barədə məlumat və ideyaları yaymaq və hökumətin qəbul etdiyi konkret qərarların mümkün gələcək nəticələri barədə rəyləri ifadə etmək jurnalist olaraq mənim vəzifəmdi. Bu vəzifəni yerinə yetirərkən Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə bərqərar edilən müəyyən edilmiş hər hansı sərhədləri aşmamışam. 
Məqalələrdə irəli sürülən fikirlər, müxtəlif vaxtlarda ölkə saytlarında dərc olunmuş yazılardan istifadə etmək ictimaiyyətdə haqlı maraq doğuran məsələ sayılmalıdır. Mən də bunu nəzərə alaraq onları mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmaq istəmişəm. Hər halda yazıların heç birində dövlət əleyhinə çağırış, insanların narahatlığına səbəb olan fikirlərin olduğunu söyləmək olmaz. Ona görə də, istintaq dövlət əleyhinə çağırış, hakimiyyətin zorla ələ keçirilməsinə əsaslanmaq üçün hər hansı münasib əsaslar gətirməyib.

Hörmətli Məhkəmə!

Yekun olaraq bildirim ki, Fətullayev Azərbaycana qarşı 22 aprel 2010-cu il tarixli qərarında da (hazırki işlə eyni xarakterlidir) birmənalı olaraq bildirilirdi ki, ifadə edilən sözlərin xarakterindən asılı olmayaraq ifadə azadlığına qarşı cinayət təqibi həyata keçirilə bilməz. Ona görə də, hörmətli məhkəmə, barəmdəki cinayət işi üzrə günahsız olduğumdan bəraət hokmü çıxarmağınızı xahiş edirəm. 

Ağır Cinayətlər Məhkəməsi, 11 yanvar 2019-cu il 

Tarix: 12-01-2019, 08:25
Xəbəri paylaş





Xəbər lenti