Rüşvətxorlar soyulacaq


“Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,

Mömin mənəm, kafir mənəm, mən külli-insan olmuşam"

(Nəsimi)

Deyir Xarici Dillər Universitetimizi bitirənlərin bir çoxu xarici dil bilmirmiş, sonradan dil öyrənmə kurslarına yazılırmış. Guya hansı universitetimizdə adına uyğun təhsil öyrədilir? Dil öyrənmək o qədər vacib deyildir, əsas odur hökumətlə dil tapasan. Misal üçün, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş sədri, hazırda adı cürbəcür maliyyə fırıldaqlarında hallanan Rüfət Aslanlının tərcümeyi-halına baxsan, görəcəksən yazılıbdır: “Filan ildə Narxozu qırmızı diplomla - fərqlənmə ilə bitirmişdir”. O cümlədən, şübhə etmirəm ki, Beynəlxalq Bankın eks müdiri Cahangir müəllim oxuyarkən əlaçı şagird, tələbə olubdur. Ancaq nəticə nədir? Axırda bu əlaçılar dövlət büdcəsinin, xalqın əmlak və pulunun üstünə əlaçı üsullarla daraşıblar.

Hərçənd, insaf naminə qeyd etməliyik ki, korrupsionerlər arasında oxumayan tələbələr daha çoxdur. O məşhur afyorizmdə deyilən kimi: “Üç alan tələbə yoldaşlarınıza hörmətlə yanaşın, gələcəkdə onlar sizə rəhbərlik edəcəklər”. Adam həyatda elə şeylər görür ki, bəzən evdə uşağın gündəliyini alıb orda “5" qiyməti görəndə kədərlənirsən, fikirləşirsən bunun axırı Azərbaycanda necə olacaqdır, nə cür çörək tapacaqdır. Bəlkə uşaq ”2" alsa, sırtıq, həyasız, tərbiyəsiz, savadsız yetişsə daha məsləhətlidir.

Ancaq ölkəmizdə korrupsiya ilə mübarizə tədbirləri də bir an səngimir, hər gün yeni-yeni rüşvətxorların tutulmasını izləyirik. Misal üçün, srağagün gömrük işçilərini tutmuşdular, bunlar poçtla ölkəyə qanunsuz telefon gətirənləri, ya da məktuba marka yapışdırmayanları - dəqiq yadımda qalmayıb -  himayə edirmiş. Dünən isə Cəlilabad Məşğulluq İdarəsinin müdirini damladılar. Sən demə, camaatdan rüşvət alıb guya işə düzəldirmiş. Başa düşmürəm, ölkəmizdə hər il milyonlarla yeni iş yeri açılır, bəs bu camaat məşğulluğun müdirinə niyə rüşvət verib iş tapmaq istəyir? Əlbəttə, ölkəmizin uğurlarına kölgə salmaq istəyən qara qüvvələrin izi olmamış deyildir. Rayonun sərhəddə yerləşdiyini nəzərə alsaq, hətta lap dəqiqi xaricdən maliyyələşən qara qüvvələrdir. Sözgəlişi, bu yaxında iki-üç keçmiş MTN zabitini də xaricə casusluq, dövlət sirrimizi satmaqda suçlayıb, tutmuşdular, bunlar da bizi istəməyənlərin çoxluğunu göstərir. Həmin vaxt bir nəfərlə söhbət edirdim, dedi ki, bizim hansı dövlət sirlərimiz var. Dedim, bax, sən bilirsənmi Xaləddin müəllim Binəqədidə raykomun katibi işləyəndə nə qədər yığıb aradan çıxdı? Dedi, yox, bilmirəm. Dedim, budur dövlət sirri. Elə bu anda qabağımızdan 67 nömrəli avtobus keçirdi, dedim bəs bunun yiyəsini necə, tanıyırsanmı? Məlum oldu tanımır. Paytaxtda nə qədər yiyəsi naməlum villalar var, bir ara hökumət özü düşüb sökürdü, lakin o dövlət sirri də çözülməmiş qaldı. Bilmədiyimiz şeylər çoxdur. Sokrat demişkən, bilmədiklərimizi ayağımızın altına yiğsaq, burnumuz bulvardakı Bayraq dirəyinin ucuna dəyər.

Korrupsioner yoldaşlarla mübarizənin yeni elan olunmuş Nəsimi ilində daha vüsət alacağını proqnoz edirəm. Hətta ola bilər onların dərisini soyaq. Az qala hamısı şeir də yazır, o baxımdan mümkündür biz korrupsionerlərin soyulması zamanı “Ağrımaz” rədifli yeni şeirlər eşidək. Həmin şeirlərə musiqi də yazmağa məmur tapılar. Elə türmədəki Quska müəllimə müraciət eləyə bilərik, yaxşı üsyankar mahnıları var idi, bir ara az qala “Bella çao” onun mahnılarının yanında yalan olmuşdu.

Amma və lakin mövzudan uzaqlaşmayaq. Vəzifəli şəxslərə qarşı şəffaflıq tədbirləri, gəlir deklarasiyalarının açılması sevindirici haldır. Bu dəqiqə gir sayta, hansı nazir kirayədə qalır, hansı deputat metroya minir - hamısını öyrənə bilərsən. Tam aşkarlıqdır. (Bu da casusların işini çətinləşdirir, bilmirlər hansı məlumatı xaricə ötürsünlər).

Zamin HACI     
Tarix: 12-01-2019, 09:33
Xəbəri paylaş





Xəbər lenti