Möhtəkirliyin beləsi...


Qardaş Türkiyədə bir məşhur söz birləşməsi var: “Din tüccarı”. Bu ifadə altında dindən, inancdan siyasi məqsədlərlə, maddi maraqlar naminə istifadə edənləri nəzərdə tuturlar.

Qəribədir ki, ticarətə, alverə bu qədər meylli camaatımız din tüccarlığı sahəsində elə də uğur qazana bilməyib. Düzdür, dindən, imandan danışa-danışa, bu istiqamətdə müəyyən biznes qurub, milyonlar qazanan adamlar var, amma çox azdırlar. O qədər azdırlar ki, hətta sektorda rəqabət belə yoxdur.

Əvəzində, heç demə, keçmiş qardaş Rusiyanın paytaxtında din ticarətinə girişən vətən övladları varmış.

Bu günlərdə onların barəsində bir yazı çıxıb, bir neçə adamın, o cümlədən eks-prezident Ayaz Mütəllibovun, Bakı şəhərinin keçmiş prokuroru Məmməd Quliyevin adı çəkilir.

İndiki cavanlar Ayaz Mütəllibovu tanısalar da, böyük ehtimalla Məmməd Quliyevi tanımırlar. Necə tanısınlar? Məmməd Quliyev onların təvəllüdündən qabaq, 1990-92-ci illərdə prokuror və deputat (o vaxt beləydi) olaraq çox fəal idi, eyzən parlamentdə əsəbi, hiddətli çıxışlar edirdi, deyirdi, nə demokratiya, nə azadlıq, nə ədalət, yaşasın Mütəllibov, yaşasın Moskva. Bu gün deputat Hadı Rəcəbli, Rüfət Quliyev, Mirkazım Kazımov necə çıxışlar edirlərsə, Məmməd Quliyev də o zamanlar o cür çıxışlar edirdi.

Sonra Məmməd Quliyev, Orxan Məmmədlinin sevimli ibarəsi ilə desək, elə oldu ki, şəhərə, Moskvaya gedəsi oldu.

Ora da soyuq, qürbət yer. Adamları havasından da soyuq. Könül ana dilində danışan, gözü-başı qaynaşan, qaraşın adamlarla ünsiyyət istəyir. Bəs necə olsun, bu insanlar, sayı milyonlarla ölçülən vətən oğulları harada toplaşsınlar?

Ayaz müəllim də, Məmməd müəllim də qərara gəlirlər ki, bir yer tapsınlar, məscid tikdirsinlər və ora Moskva azərbaycanlılarının ibadət, toplanış yerləri olsun.

Gözəl təşəbbüsdür, deyilmi? Başqa xalqlar yüz bu cür obyektlər tikdirir, ətrafında birləşirlər.

Xüləs, ideya dəstəklənir, bazarlardakı bizimkilərdən bəs qədər pul toplanır, adı çəkilən müəllimlərin ümumi tanışı olan Rəşid Bəyazidov adlı adam bu layihəni gerçəkləşdirir. Məscid tikilir, dindarlarımızın ixtiyarına verilir. Ay, nə gözəl!

Təbii ki, bal tutanın barmaq yalaması adətdəndir, hətta qaçılmaz prosedurdur, üstəlik, qətiyyən qəbahət deyil. Ona görə də məscidin idarə edilməsinə Rəşid müəllim baxır. Məscidə yığılan ianələr də, təbii ki, Bəyazidova çatır.

Ancaq elə olur ki, Məmməd müəllim rəhmətə, Ayaz müəllim vətənə gedəsi olurlar, Rəşid müəllim isə Moskvada qalır. Bir müddətdən sonra adam dindarların qabağına çıxıb deyir ki, burda sizin məscidiniz-zadınız yoxdur, bura mənim şəxsi əmlakımdır, bütün sənədlər də öz adımadır, filan qədər icarə haqqı verməsəniz, ibadət edə bilməzsiniz.

Ah, qürbət, zalım qürbət, ağladırsan adamı... Üstəlik, bütün Rusiyada iqtisadi böhran var. Rəşid müəllim aylıq məzənnə qoyur - 300 min rubl. Pulunu ver, namazını qıl. Yoxdur pul, netu namaz.  Azərbaycanlılar ona deyirlər, torpaq sənindir, amma məscid bizimdir, bizim pulla tikilib. Rəşid müəllim də deyir, elədirsə, sökün kərpiclərinizi, yoxsa mən özüm sökəcəyəm. Bax, belə bir, mərhəmətli, inanclı, ağzıdualı mömin adam.

Ancaq sonra tərəflər qürbət eldəki pənah yerini sökəsi olmurlar, razılaşırlar ki, nəzir qutusuna yığılan ianələr Rəşid müəllimə çatsın. Bir-iki ay elə olur. Ancaq Bəyazidov görür ki, nəzir qutusuna o qədər də pul-para yığılmır, deyir, davay, aylıq icarə haqqımı ödəyin, yoxsa buranı taciklərə, dağıstanlılara verəcəyəm, sünni məscidi eləsinlər.

Bax, bu yerdə Bəyazidovun haqqını vermək lazımdır. O, bu məscidi kilsə etmələri üçün ermənilərə və ya sinaqoq düzəltmələri üçün yəhudilərə də verə bilərdi. Görün, insan nə dərəcədə din təəssübkeşidir, hesab edir ki, məscid eləcə təriqətini dəyişdirsə, kifayətdir. O, tamahkar adam olsa, sökdürər, yerində AVM tikdirərdi...

Bəli, durum budur. Təəssüf ki, pul qazanmaq imkanı olan yerdə dini təəssübkeşlik, milli həmrəylik, vətən sevdası arxa plana keçir. Bu durumun adı heç “din tüccarlığı” da deyil, “din möhtəkirliyi”dir. Bunu heç bir kommersant eləməzdi ki, bizimkilər eləyib. Hayıf o “Bəyazidov” soyadına. Tanımayan adamın yanında deyəndə möhtəşəm səslənir.

Samir SARI
Tarix: 12-01-2019, 13:59
Xəbəri paylaş





Xəbər lenti