"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...”
Azərbaycanda satışı qadağan olunsa da, bir çox kitab mağazalarında kriminal avtoritetlərin həyatından bəhs edən kitablar satılır. Ekpsertlər bildirir ki, bu kimi kitablar gənclərimizin psixologiyasına mənfi təsir edir və onların cinayət əməllərini törətməsində bu cür kitabların rolu istisna edilmir. Bəs, buna necə nəzarət olunur? 

Moderator.az-ın sualını cavablandıran milli təhlükəsizlik nazirinin sabiq müavini, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bu sahədə yaşanan xaosun nəşriyyatlara nəzarətsizlikdən qaynaqlandığını bildirdi:

“Ümumiyyətlə, təhlükəsizlik xidməti konkret qanun və əsasnamə çərçivəsində fəaliyyət göstərir. Onların özlərinin vəzifə səlahiyyətləri var. Əgər Azərbaycanın milli təhlükəsizliyinə ziyan verən hər hansı bir hal faktı və yaxud buna yönəlik kitablar yayılırsa, müvafiq qaydada tədbir görülür. Bu gün əgər ölkənin ictimai və milli maraqlarına zərər verə biləcək bir ədəbiyyat yayılırsa, bu ilk növbədə təhlükəsizlik xidmətinin və kitab nəşr edən nəşriyyatların işidir ki, bunun qarşısını alsınlar. Bununla bağlı Azərbaycanda kitab nəşri sahəsində nəzarətsizlik var”. 

Qeyd edək ki, kitab mağazalarında kriminal aləmdə “Loti Quli” kimi tanınan Nadir Səlifov haqqında “Mən Quliyəm”, Rövşən Lənkəranskidən bəhs edən “Kriminal dünyanın tacı” və bu kimi kitablar satılır.