Siyasi mühacir Mehdi Xəlilbəyli ittihamları cavablandırdı: sensasion detallar – Avropada dava qızışır


Mühacir müsavatçı: “Vasif Talıbov və ya hər hansı Azərbaycan məmuru ilə iş birliyində olmamız mümkün deyil”; “İki iftiraçı üzündən 30 illik siyasi kapitalımıza heç kim zərbə vura bilməz”

Xəbər verdiyimiz kimi, İsveçrədə yaşayan mühacir jurnalist Laçın Məmişov özünün facebook hesabında sensasion sayıla biləcək status paylaşıb. O, həmin yazıda Almaniyada yaşayan mühacir müsavatçı Mehdi Xəlilbəylinin ünvanına şok ittihamlar səsləndirib. Həmin yazının linki burada –

http://musavat.com/news/muhacir-jurnalist-muhacir-musavatcini-vasif-talibovla-biznes-ortaqliginda-sucladi-sensasion-iddia_590849.html

Musavat.com əməkdaşı M.Xəlilbəyli ilə əlaqə yaradaraq, ciddi səs-küyə səbəb olan bu ittihamlara münasibət öyrənib. Müsahibəni diqqətinizə çatdırırıq:

-Mehdi bəy, haqqınızda səsləndirilən ittihamlar yetərincə ciddidir. Bunlardan biri sizin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla biznes ortağı olmanızla bağlıdır. Jurnalist Laçın Məmişov sizin Almaniyanın Köln şəhərində 25 min avro nizamnamə kapitalı  ilə “Sirab Europe GmbH” adında şirkət açdığınızı bildirib. Eyni zamanda “Sirab Europe GmbH” şirkəti ilə bağlı ittihamlarını gücləndirən sənədlər də paylaşıb. Bu sənədlərdən görünür ki, siz bu şirkətin təsisçisi və rəhbərisiz. Nə deyəcəksiz bu iddialara?

-Mən ad çəkməyi sevmirəm. Adını çəkdiyiniz adamın etdiklərinə 5-6 nəfər münasibət bildirər. Onun arxasında azərbaycançılığı, müsavatçılığı sevməyən qüvvələr dayanır. Bu, iftiradan başqa bir şey deyil. Vasif Talıbov və ya hər hansı Azərbaycan məmuru ilə iş birliyində olmamız mümkün deyil. Çünki bizim düşüncələrimiz fərqlidir. Mən azərbaycançılığı düşünürəm.  O ki qaldı, adını çəkdiyiniz şirkətlə bağlı məsələyə, Sirab Naxçıvanın tarixi kəndidir. Sirab suyu da Naxçıvanın tarixə yazdığı bir markadır. Qürur duyuram ki, 60-70 illik istehsalda olan bir markadan yararlanıram.

“Yubileydə insident yaradan Hollandiyadan olan Orduxan Temirxan oldu. Öz provakativ işləri ilə cığallıq elədi, tədbiri pozdu. Ona etirazımızı bildirdik. Dedik ki, bu tədbirin bir məqsədi var. Bizi manipulyasiya edə bilməzsən. Hər şey ordan başladı”


Bəli, belə bir şirkətimiz var. Amma onu 25 min avroluq nizamnamə kapitalı ilə açmışıq. Bu vəsaiti şəxsi büdcəmdən, bank hesabıma yatırıb, daha sonra şirkəti açmışam. Yaxından-uzaqdan, Azərbaycan iqtidarı ilə əlaqəsi olmayan şirkətdir. Cəsarəti çatırsa, adını çəkdiyi qarşı tərəfdən bunu soruşsun. Digər tərəfdən, Sirab Avropada rentabelli olmayan ticarətdir. Azərbaycan bazarında onun qiyməti baha olsa da, Avropada  bazarı yoxdur. Birmənalı iftiradır.  

-Bu adda olan şirkət hansı fəaliyyət növü ilə məşğuldur bəs?

-Bu şirkətin qurucusuyam, o, hər bir işlə məşğuldur. Daşımaçılıq, eksportla məşğuldu. Daxili bazarda da gücümüz nəyə çatırsa, onu edirik. Belçikadan, Fransadan heyvan tədarükü etmişik. Türkiyə, ərəb və Şərqi Avropa ölkələrilə də ticarət əlaqələrimiz olub.

-Almaniyada mühacir həyatı yaşayan biri üçün 25 min avroluq kapital tapmaq da suallara səbəb ola bilər. Hardandır bu maliyyə mənbəyi?

-Hardandı deyəndə ki, 50 yaşım var. 30 ildir sərbəst ticarətdəyəm. 30 illik fəaliyyət müddətində ticarətdə inkişaf etməmək, heç olmasa, 25 min avro pul qazanmamaq gülüncdür. Mən heç vaxt arxa sıralarda olmamışam. Aktiv insan olmuşam. Ticarətimi etmişəm. Ədalət prinsiplərini əsas tutaraq işlərimi yürütmüşəm. İl olub ki, mənim şirkətim 200-300 min avroluq eksport həyata keçirib. Özüm 16 ildir burda olsam da, ticari fəaliyyətim ümumilikdə 30 ilə yaxındır. Mən təkcə Azərbaycanda yox, Sibir, Qazaxıstan, Ukraynada da çalışmışam. 90-cı illərdə Şərq ölkələrinə eksport etmişəm. Rusiyadan qara metal eksport etmişən. Həm də Sovetlərin yeni dağılan dövrlərində ciddi ticari fəaliyyətim olub.

-İddialar bununla bitmir. Jurnalist Laçın Məmişov iddia edir ki, sizin fəaliyyətinizə saxta partiya biletlərinin, arayışların, məhkəmə qərarlarının, qəzetlərdə saxta “təqib olunan siyasi fəallar” haqqında məqalələrin yerləşdirilməsi, Almaniya hökumətinə təqdim olunmaq üçün bir nüsxəlik saxta qəzetlər, vizalar hazırlanması, qanunsuz miqrasiya, insan alveri və şantaj məsələləri də daxildir. Hər biri ayrı-ayrılıqda cinayət sayılan, sübuta yetirilərsə, uzunmüddətli həbs cəzası ilə nəticələnəcək işlərdir. Bunlar haqda nə deyərdiz?

“Sözlə başa saldıq, alınmadı. Öz dili ilə anlatdıq, başa düşdü. O vaxtdan quyruq acısı qalmışdı”


-Bəli, bu işlərin hamısı cinayət tərkibli işlərdir. Məni tutaq ki, dostlara qarşı diqqətin azlığında ittiham etmək olar. Amma Müsavatla bağlı hansısa ədalətsizlik, saxtakarlıqla viza, sənəd düzəldilmə məsələsi ilə yaxından –uzaqdan əlaqəm yoxdur. Bu, bir-iki nəfərin iddiasıdır. Heç bir obyektiv, dürüst bir insan mənə qarşı belə iddialar irəli sürə bilməz. Mənə Azərbaycandan çox zənglər olur. “Avropaya gələcək insanlar var, onlara yardım edin”, deyə xahişlər gəlir. Biz müsavatçısı, cəbhəçisinə, siyasi mənsubiyyətinə fərq qoymadan, şərt irəli sürmədən onlara təmənnasız yardım etməyi özümüzə vicdan borcu hesab edirik. Sonrakı mərhələlərdə yanında olmağı, problemlərini həll etməyi də təmənnasız özümüzə vəzifə bilmişik. Yaxın dostların intervüsünə girmişəm, tərcüməsinə diqqət etmişəm, qanunauyğun olmayan suallar, sərt suallar veriləndə buna müdaxilə etmişəm.. Amma bunların xaricində, deyilən iddialar nə əxlaqıma, nə aldığım tərbiyəyə, nə də tutduğum mövqeyə uyğundur.

-İddialar sırasında sizin 200 ədəd TIR-larınızın olduğu da yer alır. Bu da yalandır?

-200 TIR-ın maya dəyəri 3-4 milyon avrodur. Belə şey yoxdur. Ümumiyyətlə, barəmdə səsləndirilən ittihamlar da məntiqsizliyi ilə bir-birini inkar edir. Hansısa bir ticarətçi, 200 TIR-ı olan şəxs ümidsiz insanın cibinə göz dikərmi, ona pul qarşılığında saxta sənəd və sair düzəldərmi? Bu, məntiqə uyğun deyil. Onları layiq olduğu sözlərlə adlandırmaq mənim əxlaqıma uyğun gəlmir.

- L.Məmişov onu da iddia edir ki, M.Xəlilbəyli Almaniyada yaşayan bir həmvətənimizin üzərinə bir neçə nəfərlə hücum təşkil edib, ağır xəsarətlər yetirib və onu şantaj edib. Bundan əlavə, yazı müəllifi sizin yaşadığınız ölkədə partiyanızın adı, sənədləri ilə insan alveri ilə məşğul olduğunuzu, Azərbaycanda heç bir siyasi fəaliyyəti olmayan, amma kriminal işlərlə məşğul olan cinayətkarların yerləşdirilməsini təşkil etdiyinizi, Avropada əsl siyasi mühacirlərə qarşı banda, kriminal qruplaşma formalaşdırdığınızı bildirir. Etik qaydalara görə bəzi məsələləri açıqlamadığını deyən L.Məmişov aidiyyatı qurumlara zərurət yaranarsa, hər şeyi çılpaqlığı ilə təqdim edə biləcəyini vurğulayır.

-Burda ədalətli, hüquqi sistem var. Almaniyada məhkəmə sisteminin bütün atributları çalışır. Hansısa bir fərdin hərəkətində hüquq pozuntusu olsa, hüquqçular, məhkəmə, prokurorluq dövriyyəyə girir. Mənim barəmdə cəmi bir məhkəmə qərarı var. 2016-cı ildə sürücülük vəsiqəsi olmadan yaxalanmışam. Əfsuslar olsun ki, həmin vaxt məhkəmə mənə 600 avro məbləğində cəza vermişdi. Mənim bundan əlavə polisdə, prokurorluqda işim yoxdur. Bunların hamısı alman hüquq sisteminə su kimi aydın olan şeydir. Hər kəs istəsə, bu məlumatı ala bilər. Hətta bu cərimə məsələsi ilə bağlı Almaniya hökuməti də məlumatlıdır. Çünki yerli hökumət Azərbaycan vətəndaşları haqda məhkəmə qərarlarını Almaniya hökumətinə yollayır. Burda hüquqsuz, qaydasız yaşamaq heç də asan deyil.

- Laçın Məmişovla aranızda hər hansı mübahisə, insident olubmu? Barənizdə bu qədər ciddi ittihamlar səsləndirməsinin səbəbi nədir?

-Bu adam Köln şəhərində Müsavat AKM-in keçirdiyi tədbirə təxribat üçün gəlmişdi. Təxribatyönlü əməllərini keçirirdi. Videodakı kimi, şər-böhtandan danışdı. …Əlim sərpdi.

-Yəni, əlbəyaxa dava oldu?

- Bəli. Təxribatın qarşısını almaq üçün ona 1-2 saat izahat apardıq. O, öz yalanlarını bir həqiqət kimi tədbir iştirakçılarına video şəklində təqdim etməyə çalışırdı. Sözlə başa saldıq, alınmadı. Öz dili ilə anlatdıq, başa düşdü. O vaxtdan quyruq acısı qalmışdı.

- Yazıda ən çox diqqət çəkən hissələrdən biri də budur ki, Avropadan Azərbaycana, eyni zamanda Azərbaycandan Avropaya export və import işləri ilə məşğul olan, rəhbərlik etdiyiniz bu şirkətin bütün yük maşınları heç bir maneə görmədən Azərbaycandan keçib gedir. “Əgər bu adam doğurdan da siyasi mühacir və müsavatçıdırsa, o zaman Talıbovlar ailəsi ilə hansı biznesi ola bilər. Yox, əgər əksidirsə, o zaman bu adam Müsavat Partiyasında nə gəzir?”, - deyə sualı edir.

- Niyə bizim cəmiyyətdə belə fikir var ki, müsavatçısıdırsa, acından ölməlidir? Kimsə müsavatçıdırsa, onun heç nəyi olmamalıdır?

-Yox, sadəcə, hakimiyyəti tənqid edən bir müsavatçı mühacirin bu cür geniş imkanlarının olması iddiası sual yaradır.  

- Hər bir sözün arxasında hüquqi qüvvə, sənəd olmalıdır. Belə bir sənəd yoxdur ki, onların iddia etdiyi kimi ticarət olub. Hüquq mühafizə orqanları 17 ildir ki, bəlii cinayət prosesual məcəlləyə görə mənə qarşı iş açıb. Azərbaycan hüquq mühafizə orqanlarının sorğusu əsasında İnterpolun qırmızı bülletenində axtarılıram. 13 il əvvəl Yunanıstanda İnterpol məni yaxaladı, məhkəmələr oldu. İsveçrədə də yaxalandım, yenə məhkəmələr keçirildi. Yalnız Almaniya qanunlarına əsasən Azərbaycana geri verilmədim. İndi özünüz düşünün: Azərbaycanın hüquq-mühafizə orqanları ilə bu qədər problemi olan adamla hansısa azərbaycanlı məmur iqtisadi əməkdaşlıq qura bilər? Öz nüfuzuna və biznesinə zərər vurar? Mənim özüm Azərbaycanda olan məmurlara qarşı necə sıcaq münasibətdə ola bilərəm? Mənim vicdanım, əxlaqım buna yol verməz.

“Mənə qarşı şounun müəllifləri ancaq separatçılar, cənub bölgəsindən gəlib burada əjdahaya dönənlər və AND-çılardır...”


- Məmişov “Sirab Europa GmhB”-nın yük daşımaları həyata keçirtdiyi ölkələrin adlarının yer aldığı screen də paylaşıb. Eyni zamanda, o, Müsavatın Avropa Koordinasiya Mərkəzinin Almaniyadakı təsis konfransında iştirak edərkən sizin ona təqdim etdiyiniz vizit kartını da yazısının içərisində qeyd edib. Həmin vizit kartının üzərində M.Xəlilbəylinin “Sirab Europa GmhB”-nın təsisçisi olduğu göstərilir.

ÐаÑÑинки по запÑоÑÑ Mehdi XÉlilbÉyli

Laçın Məmişov 

-Birincisi, inanmıram ki, Azərbaycanda bu adda hansısa özəl bir şirkət hökumət məmuruna məxsus olsun. Özləri qorxarlar ki, bir mülkə, şirkətə sahib olsunlar. İkinci məsələ də Sirab Naxçıvanın bir brendi, markasıdır. Bu marka ilə Azərbaycanda çoxlu şirkət açıla bilər. YAP iqtidarı var. Kimsə dönüb, YAP adında şirkət açsa, YAP üzvü olacaq? Bakıda ‘’Sevinc’’ adlında çoxlu şadlıq sarayları var. Hamısı sizə məxsusdur? Bu, yasaq deyil. Mən qürur duyuram ki, öz ölkəmin, bizim dövlətin, coğrafiyanın markasından istifadə edirəm.

- Jurnalist eyni zamanda sizin izi itirmək üçün www.sirab.eu ttp://www.sirab.eu saytını bağladığınızı da vurğulayır.

-Saytı zamanım olmadığından onu inkişaf etdirə bilmədiyim üçün bağlamışam. Onun zamanı bitib və çoxdan bağlanıb. Heç bir iz itirmək məsələsi yoxdur. Ticarəti sərf etmədiyi, aylıq əlavə məsrəfləri olduğu üçün bağlamışam.

-Laçin Məmişov  Müsavat Partiyasını təcili tədbirlər görməyə çağırır. O, sizin Müsavat AKM-dən, eyni zamanda, partiya üzvlüyündən kənarlaşdırılmanızı və bu haqda Müsavat Partiyasının rəsmi məlumat yaymasını tələb edir. Bu barədə partiya rəhbərliyi ilə aranızda danışıq olubmu?

-Mənim azərbaycançılığım, o coğrafiyaya olan sevgim hər kəsə bəllidir. Gəlişigözəl söz olsa da, azərbaycançılıq yolunda canımdan keçməyə hazıram. Mənim tərcümeyi halımı, yaşamımı dost qüvvələr bilir. 20-25 ildir bu məsələlər davam edir, İsa Qəmbər də, Müsavat da, ayrı-ayrı funksionerlər də davamlı olaraq ittiham altına alınır, bəzən də söyülür. Bir mərkəzdən idarə olunan bir şeydir. Əfsuslar olsun ki, belə məsələ ilə qarşılaşmışıq. Müsavat Partyası ilə bu mövzuda danışmağa ehtiyac yoxdur. Hər kəs hər şeyi bilir, bəllidir. Bizim tutduğumuz mövqedə, yaşantımızda saxtakarlıq olmayıb. İki iftiraçıdan  başqa bir nəfər göstərin ki, məni saxtakarlıqda ittiham etsinlər. Bunlar sözün əsil mənasında iftiradır. Biz hər zaman qaçqınlara yardım etmişik. Çoxlu ailələr var ki, bizim yardımımızdan faydalanıblar. Bu mövqedə olan adamı 500-1000 avro üstündə ittiham etmək doğru deyil.

-“İki iftiraçı” dediniz. Sizə qarşı ittihamlar yönəldən digər şəxs kimdir?

- İkinci fərd isə Rəşad Məmmədov adlı biridir. O, mənim sürücüm işləməyib. Mənim sürücüm Türkiyədən olub. 70 yaşlı bir kişi onunla bağlı məndən xahiş etdi ki, dostumun oğludur, ona yardım edərsən. Üstəlik dedi ki, bu şəxs mənə orta məktəbdə dərs deyən müəllimənin oğludur. Evimdə qonaq oldu. Yol-izi başa salmışam. Dedim ki, bu cür hərəkətlər etsən, sənə ziyanı olmayacaq. İki-üç gündən sonra Frankfurt şəhərində vəkildən xahiş etdim ki, ona təcili termin (görüş üçün vaxt) versin. İki gündən sonra termin verdi. Köln şəhərindən qalxıb getdi o vəkilin yanına. Sənədlərini hazırladı. Mən ona internet üzərindən otel tapdım. Ailəsi ilə orda  yaşadı. Nə sənədlərindən, nə sübutlarından xəbərim və onlara aidiyyatım olmayıb. Onun heç bir sənədinə əlimi vurmamışam. Bu adam mənə ancaq “patron” deyə müraciət edirdi. Mən də xahiş edirdim ki, belə ifadələrə ehtiyac yoxdur. İndi məndən qorxulu monstr obrazı yaradıb. Mən onun evində iki dəfə olmuşam. Həmin vaxta qədər 50-60 nəfəri aldadıb, əlindən vəsaitini alıb. Hətta anasından, atasından 20 min manat aldadıb alıb ki, qardaşına yardım edəcək. Qardaşı da bunu təsdiqləyə bilər. Azərbaycanda olanda hüquq-mühafizə orqanlarında çalışıb. Təxribatçı və insanlara ədalətsiz mövqedə olan biri kimi tanınıb. Maddiyat onun üçün önəmlidir. Mən iftiraçı adam deyiləm. Siz bunu dəqiqləşdirmək üçün onun ata-anasına, qardaşına zəng edə bilərsiz. Yaxınlarının pulunu yeyən adamın dediklərinin heç bir əsası ola da bilməz.

-Mehdi bəy, xaricdə yaşayan soydaşlarımızın arasında ciddi insidentlər var. Bir müddət elə siz də daxil olmaqla bir çoxu bir qədər loyal mövqe görən kimi “Yeni Müsavat”ı, onun yazarlarını tənqid, bəzənsə təhqir atəşinə tuturduz. Ordan bura inqilab, sərtlik çağırışları edənlər də çox idi. Sonradan bu şəxslər öz aralarında anlaşmazlığa düşdülər, bir-birini ciddi yeyinti, pozuntu faktlarında ittiham etdilər. Niyə belə edir xaricdəki mühacirlər?

-Mən bura ilk dəfə gələndə yaşadığım kampda 13 ailə vardı. Bunların hamısı bir-birilə soyuq münasibətdə idi. Gələn vətəndaşlarımız alman dilini qətiyyən bilmirdilər. Həddən artıq sıxıntılar yaşayırdıar , əsasən də dil problemi. Nə ərəblə, nə yuqoslavla, nə də əfqanla danışa bilirdilər. Məcburən öz həmvətənləri ilə danışanda isə içlərindəki neqativ enerjini boşaldırdılar. Başqaları ilə danışıb, münasibət qura bilmədikləri üçün öz milləti ilə danışanda intriqalar çıxırdı.

O ki qaldı, məni ittiham edənlərə, bu mövzuya hansısa müstəvidə qayıtsam, həmin tərəfin reklamı olar, onların statuslarına maraq artar. Almaniya hüquqi dövlətdir. Hüquq öz fikrini söyləyər. Heç kimlə kin saxlayan deyiləm. Mənim bu işlərə həvəsim və zamanım yoxdur. Bu müsahibəni də yetərli hesab edirəm. Diskussiyaya qatılmaq istəmirdim. Sadəcə dələduzluğa, ədalətsizliyə öz münasibətimizi bildirməsək, ucundan tutub, ucuzluğa gedə bilərlər. Facebook mənimçün faydasız vaxt itkisidir. Onların FB-dəki videosu da iftira olduğu üçün axıracan baxmadım. Dostlar zəng edib dedilər. Mən də soyuqqanlılıqla cavab verdim.

6fd8d0ed-5a6e-4e87-926f-22c9d5077c92.jpg (66 KB)

Almaniyada Rəsulzadənin 135 illik tədbirindən tribuna fraqmenti

Əsas məsələ 26 yanvar M.Ə.Rəsulzadənin 135 illik yubileyinin keçirilmə qərarı zamanı baş verdi. AKM rəhbəri İlham Həsən zəng etdi ki, belə tədbir keçirmək istəyirik. Qənimət Zahid də zəng edib ki, bu tədbiri birgə keçirək. Müsavat-AXCP arasındakı soyuqluğu aradan qaldırmaq üçün birgə topantı keçirək. Amma biz də bildirdik ki, bu tədbir M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı ilə bağlı olacaq və heç bir siyasi çıxış edilməyəcək.

840ec19b-87e7-4993-b760-82d209c72f85.jpg (97 KB)

Almaniyada Rəsulzadənin 135 illik tədbirindən zal fraqmenti

Adı da ‘’Birlik’’ qrupunun tədbiri olacaq. Razılaşmışdıq. Amma digər tərəf cığallıq etdi. Tədbir normal keçdi. Yubileydə insident yaradan isə Hollandiyadan olan Orduxan Temirxan oldu. Öz provakativ işləri ilə cığallıq elədi, tədbiri pozdu. Ona etirazımızı bildirdik. Dedik ki, bu tədbirin bir məqsədi var. Bizi manipulyasiya edə bilməzsən. Hər şey ordan başladı.

Dünənki mənə qarşı şounun müəllifləri də ancaq separatçılar, cənub bölgəsindən gəlib burda əjdahaya dönənlər və AND-çılar idi. Müsavata, AKM-ə iftira atmaq xarakteri daşıyan bir aksiya idi. Hər kəs hər kəsi tanıyır, bilir. İki iftiraçı üzündən 30 illik siyasi kapitalımıza heç kim zərbə vura bilməz.

P.S. Müsahibədəki ittihamlarla bağlı adları çəkilən və barələrində ittihamlar irəli sürlən hər kəsin mövqeyini mövqeyini işıqlandırmağa hazırıq. Tək bir şərtlə -  açıqlamalar etik standartlara uyğun və konteksə aid olsun...

Tarix: 10-02-2019, 00:16
Xəbəri paylaş





Xəbər lenti