Müasir “Ştirlits”lərin tamahkarlığı


Uşaq vaxtı davalı filmlərə baxmağı çox sevərdik. Eyzən müharibədən bəhs edən filmləri izləyər, müvafiq mövzuda yazılan roman və povestləri oxuyardıq.

Məsələn, mən özüm yazıçı Əbülhəsənin “Dostluq qalası” trilogiyasından tutmuş ta Hüseyn Abbaszadənin “General”, Süleyman Vəliyevin “Mübahisəli şəhər”, Əfqanın “Qafqaz qartalı” romanlarına qədər onlarla, yüzlərlə müharibə mövzulu əsərlər oxumuşdum. Çox maraqlıydı.

Müharibəyə filmlərdə baxmağın, qanlı döyüşlər haqqında romanlarda oxumağın romantikası başqadır. Bir də var, müharibə edən dövlətlərin arasında casusluq edənlərə dair əsərlər. Onlar da çox maraqlıdır.

Biz uşaq ağlımızla bilirdik ki, öz dövlətinin xeyrinə casusluq etmək qəhrəmanlıq, başqa dövlətin xeyrinə casusluq etmək isə xainlikdir. İkincinin qanı halaldır, tutulan kimi vurulmalıdır. Birinci isə çalışsın, tutulmasın, yoxsa onu da becərəcəklər. Bu işlərin qaydası budur.

Bir ara, məşhur televiziya tamaşasında deyildiyi kimi, “Ştirlits başımızı xarab eləmişdi”. (Yeri gəlmişkən, şair Vaqif Səmədoğluna aid olan və SSRİ dönəmində yazılan pyesdə “Ştirlits” deyilərkən, SSRİ-nin o zamankı rəhbəri Qorbaçov nəzərdə tutulur - o vaxtlar belə bir qənaət vardı ki, bu başı xallı kişi Qərbin Ştirlitsidir və SSRİ-ni dağıdacaq).

Bizə elə gəlirdi ki, bakılı kəşfiyyatçı Rixard Zorge kimi “Ştirlits” də real adam olub və tapşırıqlarını yerinə yetirəndən sonra gəlib öz ölkəsində qəhrəman kimi yaşayıb. Amma sonradan məlum oldu ki, bu obraz fantaziya məhsuludur.

Amma çox maraqlıydı. Oturub fikirləşirdik ki, böyüyərik, əcnəbi dilləri yaxşı öyrənərik və lazım gəlsə vətənimizə qarşı müharibə edən ölkənin içinə sızıb ordan üzü bəri sirlərlə dolu materiallar ötürərik. Çətin iş olduğunu bilirdik, amma kəşfiyyatçı olmağın xüsusi bir romantikası vardı.

Sonradan o da məlum oldu ki, nə romantika, nə lirika, bu sənət başadan-başa zir-zibildir, adamın başına it oyunu gətirirlər. Tutulan əlli-ayaqlı gedir. Bəzən heç pencəyinin boyunluğunda gəzdirdiyi sianid ampulasını ağzına atıb dişi ilə sındırmağa da macal tapmır (Üstündə ölümcül zəhər gəzdirəcəksənsə, Allah kəssin o peşənin romantikasını).

Hərçənd ifşa olunanda özünü zəhərləmək istəməyən kəşfiyyatçıları da dinc buraxmırlar, girəvələyib zəhərləyirlər. Məsələn, rusiyalı kəşfiyyatçılar Litvinenko və Skripalın başına Londonda elə bir iş gəldi. İntəhası, onlar xain kəşfiyyatçılar idi, öz dövlətlərindən başqa dövlətə çuğulluq etmişdilər.

Bəli, bəs necə olub ki, vaxtilə “Ştirlits” olmaq eşqi ilə böyüyüb kəşfiyyatçı olanlar sonradan öz vətəninə qarşı işləyən xain kəşfiyyatçıya çevrilirlər?

Bu sualın ən optimal cavabı budur: heç kəs kefindən casus olmur, insanları buna daxili əclaflıqları və pula hərislikləri vadar edir. Başqa heç nə.

Budur, xəbər yayılıb ki, Anar Ələkbərov adlı həmvətənimiz 2016-cı ilin mart ayından bəri hansısa xarici ölkəyə “şpion”luq edirmiş. Xəbərdə deyilir ki, o, xarici xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

Görürsünüzmü, söhbət maddi maraqdan, pul-paradan gedir. Yəni adam “Ştirlits”liyi siyasi-ideoloji səbəblərdən, vətən sevgisindən etmirmiş, konkret olaraq pulunu alır, vətəni bala-bala satırmış.

Həmvətənimizi əməkdaşlığa cəlb etmiş ölkə hansıdır, xəbərdə bu barədə məlumat yoxdur. Bu, istintaq sirridir. Elə şeylər var ki, açıb-ağartmaq olmur. Məsələn, casusu yaxalanan bəzi dövlətlər var ki, tumanlarını başlarına çəkib elə məhlə-şivəni salırlar ki, adam casusu ifşa etdiyinə peşman olur.

Amma bu, o demək deyil ki, xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan vətəndaşları barədə məlumat toplayan, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat yığan casus boş buraxılmalıdır. Xeyr, beləsini tutursan, cəzasını verirsən, xarici ölkənin xüsusi xidmət orqanı da anlayır ki, o ölkənin də əks-kəşfiyyatı var.

Öz dövlətndən başqa dövlətə çuğulluq edənlər başqa ölkələrdə də var - İsraildən ABŞ-a, Rusiyadan Çiliyə, Avstraliyadan Avstriyaya qədər.

Bir çox insanın tamahı Misir qılıncından itidir, babat pul verən olsa, kimi desən, satarlar. Amma insanın canında bir ifşa olunmaq, rüsvay olmaq, nəslinə töhmətə çevrilmək qorxusu da olmalıdır. Xüsusilə kəşfiyyatçılar anlamalıdır ki, bu işin axırı nədir. Əgər bir kəşfiyyatçı diri ələ keçirsə, demək, o, “kitayski” kəşfiyyatçıdır.

Yeri gəlmişkən, bu saat dünyada ən böyük və ən fərasətli kəşfiyyat şəbəkəsi Çinə aiddir, amma heç biri “kitayski” deyil.

Samir SARI
Tarix: 12-02-2019, 09:45
Xəbəri paylaş





Xəbər lenti