“Alo, sənə 7300 manatlıq nömrədən zəng edirəm”


Dünən səhər redaksiyada gənc həmkarımla üzbəüz oturub çalışırdıq. Redaktə etdiyim məqalədə bir abzas ABŞ prezidentinin 1 milyon 100 min dollarlıq “Kadillak prezidential” markalı, zirehli avtomobilindən bəhs edirdi.

Bu avtomobilin bu qədər baha qiymətə olmasına təəccüblənmədim, çünki bilirəm, prezidentlər ölkəyə, millətə rəhbərlik etdikləri üçün gərək etibarlı maşın minsinlər. Xüsusilə də qüdrətli ölkələrin prezidentləri. Çünki belə ölkələrin dostu-düşməni çox olur, nə olar, nə olmaz.

Amma tutaq ki, Vanuatu Respublikasının prezidenti “Kadillak” minsə, nə olacaq, velosiped sürsə, nə olacaq? Balaca ada dövlətidir, bu tərəfindən o tərəfinə gündə 47 dəfə gedib-gəlmək olar.

Ona qalsa, Uruqvayın keçmiş prezidenti Xose Mujika 40-45 il əvvəl buraxılmış köhnə bir avtomobil sürürdü, elə bir maşın idi ki, bizim avtomobil bazarına çıxarsan, bir adam yaxınlaşıb onun qiymətini soruşmaz. Elə maşınlara bizdə “xalaqızı” deyirlər.

Buna görə cənab Mujikanın xəncərinin qaşı düşmədi və bu saat dünyanın ən hörmətli adamlarından biridir. Amma Tramp öz “Kadillak”ından düşsə, hamı ona pis baxar.

Bax, bu düşüncələrlə çalışmaqda davam edərkən, gənc həmkarım səsləndi ki, əmi, işə bax, Bakıda 211-lə başlayan telefon nömrələri satırlar, özü də 7300 manata...

“Ola bilməz”. “Vallah, elədir”. “Link at”. “Budey, burada yazılıb”. Baxırsan ki, bəli, elədir ki var, gənc düz deyir. Hətta detalları da var: nömrənin ilkin ödənişi 1300 manatdır, ödəyirsən, nömrəni alırsan, sonra ayda 500 manat verirsən, 12 aydan sonra borcun bağlanır, olursan nömrə yiyəsi.

Bəs bu nömrənin özəlliyi nədir? Bəlkə 88-88-lə, 55-55-lə, 44-44-lə (və s.) bitir, ona görə belə bahadır? Bizdə qoşa nömrələri “prestijni” hesab edənlər qırılıb qurtarmayıb axı, ildən-ilə də artırlar (ta xəbərləri yoxdur ki, bəzi Avropa ölkələrində bu kimi asan yadda qalan qoşa nömrələri bir qayda olaraq tras fahişələri işlədir - müştərilərin yadında yaxşı qalsın deyə).

Ancaq heç demə, bu “sevimli nömrələr”in başqa özəlliyi yoxdur, 27 91, 08 32 və sair bu cür adi nömrələrdir, yeganə özəlliyi odur ki, bu 7300 manatlıq nömrələr 211-lə başlayır...

İşdən hali olmayanlar və mənim kimi sadəlövh adamlar deyəcək, nə olsun, 211-lə başlayanda nə olur ki?

Heç nə. Bu, sadəcə, o deməkdir ki, bu “qədim nömrə”dir,  mobil operatorun işə təzə başladığı vaxt istifadə olunub, sonra əldən-ələ keçib, indi hər adamda yoxdur. Bu, heç. Əsas məsələ isə budur: 211-lə başlayan nömrələr əsasən nazirlərdə, komitə sədrlərində, rəislərdə, prokurorlarda, oliqarxlardadır.

Yenə deyəcəklər, hə, nə olsun? Yenə heç nə. Tutaq ki, biri oturub evində, ona 211-lə başlayan nömrədən zəng gəlir, o, 211-i görən kimi ilk təəssüratı belə olur ki, bu adam hər kimdirsə, elə-belə adam deyil, bişəkk, “blatnoy” adamdır, nə xahiş edirsə, gərək can-başla yerinə yetirsin.

Amma bu nömrənin “blatnoy” özəllik daşıdığını bilməyən sadəlövh adamlar soruşacaqlar: “Kimdir danışan?”. 211-in sahibi məcburdur özünü və nömrəsini dübarə təqdim eləsin, desin ki, qaqa, görmürsən, sənə zəng 211-dən gəlib. Bu yerdə sadəlövh adam hiddətlənəcək, deyəcək, gəl, min boynuma... sözünü de, görüm, nə istəyirsən, nömrən də 211 olmur, lap 911 olsun, nə edim?

Ta heç nə... qanqaraçılıq, hörmətslik... Ara yerdə 7300 manat heyf olur, gedir. Çünki ölkədə elə qanacaqsız adamlar var ki, onlara birbaşa Trampdan zəng gəlsə, deyəcəklər, ser, xətrinə dəyməsin, amma Obama səndən yaxşı işləyirdi, iki ildir adi bir divarı hördürə bilmirsən...

Bu qeydləri etməkdəykən gənc həmkarım yenidən səslənir: “Əmi, Bakıda 75 min manata dekorativ ağac satırlar. Linkini atıram”.

Bağlantını açıram, baxıram ki, bəli, İspaniya və İtaliyadan gətirilən palma və zeytun ağaclarına dair xəbərdir və göstərilib ki, “ağacların bəzilərinin yaşları 100 ili keçir, qiymətləri isə 75 min manata qədər gedib çıxır”.

Adi bəzək ağacıdır, budağında qızıl alma, brilyant gilas, platin əzgil yetişmir, bir barsız ağaca bu qədər pul verərlərmi?

Amma əgər adi telefon nömrəsinə 7300 manat verirlərsə, adi dekorativ ağaca da 74 min manat verərlər.

75 min nədir ki? Bir cüt adam böyrəyinin qiymətidir...

Samir SARI
Tarix: 19-02-2019, 08:37
Xəbəri paylaş





Xəbər lenti