Yeməyə baxan oğlanın yeyintisi


“Qurd nə bilir qatır bahadır?!”

(Azərbaycan ata sözü)

Yemək-içməyimizin təhlükəsizliyinə baxan bir idarə vardır, adının baş hərflərini yanaşı qoyanda məhşur kompüter oyunlarından birinin adına oxşayır. Həmin oyunda maşına minib müxtəlif dünya şəhərlərində adam öldürürsən. İstəyirsən güllələ, istəyirsən maşınla vur - uşaqlar kompüter salonunda oynayanda görmüşəm, yoxsa belə qanlı işlərlə aram yoxdur, lap virtual olsa da. Hər cür adam var, eləsi var adamyeyənlər temasında qorxu kinolarından ləzzət alır. Oturub ağzını marçıldada-marçıldada baxır. Səhər isə durub gedir filan nömrəli məktəbdə musiqi dərsi keçməyə, idarədə vətəndaşlara pasport verməyə, nə bilim, Biləcəri-Roma müasir işıq dirəkli asfalt yolunu çəkməyə. Yəni, adamın kino zövqü ilə həyat tərzi üst-üstə düşməyə bilər. Bəşər tarixində əksər silsilə (çox adam öldürmüş) manyaklar həyatda sakit adam olmuşdur.

Əlbəttə, mövzumuza qayıdaq, söhbət ondadır ki, bizim həmin yemək təhlükəsizliyi idarəmizin müdirinin də bu saat dünyanın fərqli ölkələrində biznesləri tapılmaqdadır. Jurnalistlər bunu pisləyirlər, halbuki, fəxr etməyə dəyər. Deməli bu qardaşımız yeyən oğlandır! Yeməsə biznesi necə qurardı? Özü yeyirsə, mütləq kimisə doyuzdurur. Çörəkli kişidir. Ən azı özünü doyuzdurmaq bu dəqiqə ciddi bacarıq tələb edir. Bu temada ata sözü də var: “Yedin dadındır, verdin adındır, qaldı yadındır”. Başqa bir elmi analiz də var, deyir kişilər dörd cür olurlar: “Biri var özü yemir, başqalarına  verir, o, səxavətli kişidir. Biri var özü yeyir, başqalarına da verir, bu da kişi adamdır. Biri var özü yemir, başqalarını da yeməyə qoymur, onu lənətə gəlsin”. Dördüncü nə təhər kişi idi, düzü yadımda qalmayıb, siz də üstünü vurmayın.

İndi bu yeməyə baxan adam özü yeməsə, bizim yeməyimizin içindən siçan quyruğu, it dirsəyi, pişik quyruğu, canım sənə desin, qoyun qığı və tarakan bığı çıxmaq ehtimalı artar. Yeyir, baxır problem yoxdur, bizə də deyir nuş eləyin. Sonra yediklərindən xaricdə biznes qayırır. Əsasən buna ilişirlər, guya biznesi vətəndə qayırsa daha patriot olarmış.

Məncə çox yanlış yanaşmadır. Birincisi, bizim biznesmenlərimiz xaricə nə qədər çox pul qoysalar respublikamız o qədər tanınar, Azərbaycan həqiqətlərini yayarıq. Yoxsa sən get Biləcərinin tinində dükan aç - kimə lazımdır?

İkincisi, ağbirçəklərimizin bu temada bayatısı var, deyir: “Geyməyə kətan yaxşı, Ölməyə kəfən yaxşı, Xərcləməyə qərib ölkə, Yığmağa vətən yaxşı”. Millət çalışır hər zaman bu öyüdü əldə rəhbər tutsun. Haçan baxırsan, mütləq xəbər lentində belə başlıq olur: “Filankəs məmurun xaricdə biznesi tapıldı”. Bəzən də məmur işdən çıxarılan kimi bunun xaricdə bir sürü şirkəti tapılır. Hər iki halda respublikamız qürur duyur. Şirkət açmasalar, yığdıqları pulları cırsalar nə edərdik? Yenə bunlar yığıb doyublar. Qoy şirkət açsınlar, hamısı bizə qalacaq. Keçən əsrin əvvəlində milyonçu Tağıyev neft pullarıyla Almaniyada bir kafe açmışdı, müdirə də vəsiyyət edib ki, 200 il ərzində hansı azərbaycanlı mühacir bura gəlib alman sosiskası ilə pivə istəsə müftə verərsən. Pulunu ödəyib qabaqcadan! Günü bu gün Almaniyada sığınacaq tapan müxalifətçi mühacirlərimiz o kafedə müftə yeyib-içirlər, Yutubda ölkəmizi tərifləyirlər. Yüz il sonra da bizim nəticələrimiz Qoşqar müəllimin (yemək cangüdənimizin ismi-şərifi belədir, dağ kimi adamdır) xaricdə açdığı hamam xalatı firmasının geyimlərini kontrastlı duşdan sonra geyinib divanda oturanda babalarına - bizlərə rəhmət oxuyacaqlar. Ki, nə yaxşı o zaman imkan vermisiniz, belə adamlar biznes qurubdur. Biz də o zaman rahat olub qəbrimizdə dombalaq aşacağıq.

 

Zamin HACI
Tarix: 20-02-2019, 09:50
Xəbəri paylaş





Xəbər lenti