Oğru elə bağırdı ki… yaxud bir məmurun qisas əməliyyatı

            Azərbaycanda məmur və oliqarxların özbaşınalığı davam etməkdədir. Bu məsələ dəfələrlə ən yüksək postlarda oturan şəxslər tərəfindən etiraf edilib. Amma yenə da bu özbaşınalıq davam edir. Məmurların övladları, yaxınları, oliqarx, iş adamı adlandırılan insanlar ölkədə ağlagəlməz özbaşınalıq edirlər. Dəfələrlə deyilməsinə baxmayaraq, bu kimi proseslərin qarşısını almaq mümkün olmur. Redaksiyamıza müraciət edən Ağamalıyev Hafiz Atamalı oğlu da üzləşdiyi problemlərdən və qanunsuzluqdan şikayətçidir. Bildirək ki, H.Ağamalıyev 40 ilə yaxındır ki,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) mülki şəxs kimi çalışır. Onun əmək fəaliyyəti dönəmində heç bir qüsuru, qanunsuzluğu olmadığlından Xidmət rəhbərliyi də H.Ağamalıyevdən razı olub. Elə şikayətçi özü də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaradıldıqdan və burda yeni rəhbərliyin ciddi islahatlarından razılıqla bəhs edir. Amma təəssüf ki, bəzən qüsursuz fəaliyyətdən narazı qalıb süni problemlər yaradan da tapılır.
Hafiz Ağamalıyev bizə məktubunda bildirir ki, uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində işləyib. 2017-ci ildə iş yerinin Bakı şəhərinə dəyişdirilməsi ilə bağlı Xidmət rəisinə müraciət edib və bu müraciət müsbət həll olunaraq H.Ağamalıyev Xidmətin Sabunçu rayon şöbəsinə işə keçirilir. Burada İslam Məmmədov adlı zabit(şikayətçinin sözlərinə görə müavin vəzifəsi daşıyırmış) H.Ağamalıyevə rayon şöbəsinin rəisinə qarşı birgə fəaliyyət göstərmək, onu vəzifədən almaq təklif edir. Dəfələrlə edilən bu təklifinə rədd cavabı alan İ.Məmmədov yaşı 60-ı keçən H.Ağamalıyevə qarşı qərəzli münasibət göstərməyə başlayır. Amma öz fəaliyyətində qüsursuz olan Hafiz Ağamalıyev hər kəs tərəfindən müsbət xarakterizə olunur. Bu duruma əsəbləri dözməyən Rəis müavini İ.Məmmədov iş şəraitində H.Ağamalıyevi təhqir edir və cavabını alır. Bu olay iki dəfə açıq ürək əməliyyatı keçirən Hafiz ağamalıyevin səhhətinə çox pis təsir edir və o uzun müddət yataqda qalmalı olur. Rəis müavini İslam Məmmədovun qeyri-etik və qeyri peşəkar fəaliyyəti isə cəzasız qalmır. O vəzifəsindən azad olunaraq sərəncama göndərilir. Bundan sonra İ.Məmmədov H.Ağamalıyevdən qisas almaq üçün ona qarşı şər böhtan kampaniyası aparır. Heç bir əsası olmayan məktublar əsasında H.Ağamalıyev haqqında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmaya başlanılır.
Ağamalıyev Hafiz Atamalı oğlu həm mətbuata, həm də ölkə rəhbərliyinə ünvanladığı məktubda özü ilə bağlı şər böhtan kampaniyasına son qoyulmasını və ədalətin təmin olunmasını istəyir.
Mövzunu davam etdirəcəyik
Tarix: 25-02-2019, 22:45
Xəbəri paylaş





Xəbər lenti