Boynuyoğun dövlətlərin vətəndaşı olmaq xoşbəxtliyi...


“Dominikan Respublikasında amerikalı turist qadının fiziki zorakılığa məruz qaldığı kurortu müvəqqəti olaraq bağlayıblar”.

Bu, xəbərin birinci cümləsidir. Yerdə qalan cümlələri, hadisənin təfərrüatını sonra xırda-xırda yazaram, amma icazənizlə söhbətə bir az gendən, Tehran tərəflərdən başlayım.

Uzun illər öncəydi, İranla bizim aramızda nəsə bir pərxaşlıq düşmüşdü, biz də yazmışdıq, İranın səfarətxanası narazı qalmışdı və səfir bizim əməkdaşla söhbətində belə bir cümlə işlətmişdi: “İran boynuyoğun dövlətdir, ağayi...”.

O vaxt biz bu sözü çox çürütdük, səfirin öz dövlətini necə lakonik və dəqiq şəkildə təqdim eləməsi xoşumuza gəlmişdi. O, İranın “boynuyoğun dövlət” olduğunu deyərkən, bişəkk, boynunun yoğunluğu ilə ad çıxarmış bizon öküzlərinin gücünü nəzərdə tuturdu. Bizim bəzi lotular sözü ora-bura yozsa da, həqiqət buydu.

İndi baxıram ki, əslində ABŞ İrandan da boynuyoğun dövlətdir. Özü də bu fikri ABŞ-ın gəlib Fars körfəzində “varmı mənə tərs baxan” deyə meydan sulamasına, Rusiyanı sanksiyalarla çökdürməsinə, Türkiyəni hədələməsinə və digər yerlərdə güc nümayiş etdirməsinə görə demirəm, yazının birinci cümləsindəki xəbərə görə deyirəm.

ABŞ boynuyoğun dövlət olmasa, onun vətəndaşlarını hər yerdə döyə bilərlər. Döyərlər və cəzasız qalarlar. Amma indi məlum olur ki, Delaver ştatının 51 yaşlı sakini Temmi Lourens-Deyliin oteldə döyülməsindən sonra ABŞ-dan bu ölkəyə gəlməkdən imtina edən və rezervasiyalarını ləğv edən turistlərin sayı o qədər çox olub ki, otel boş qalıb və avqustun 15-dən noyabrın 7-ə qədər bağlı qalmağa məcbur olub.

Hələ bu, məsələnin bir tərəfidir. Döyülən qadın otel rəhbərliyini məhkəməyə verib (çünki onu döyən otelin işçisi olub) və 3 milyon dollar təzminat istəyir. Əmin ola bilərsiniz ki, həm Dominikan respublikası, həm də “Majestik Resorts” kurortunun administrasiyası ABŞ-ın boynunun yoğunluğunu, əlinin uzunluğunu, üzünün bozluğunu görəcəklər və döyülən qadına babat təzminat ödəməli olacaqlar.

İsrailin ərazicə cılız cürəpəsinə baxmayın, o da boynuyoğun dövlətdir, imkan verməz ki, dünyanın o başında olsa da, kimsə onun vətəndaşını şapalaqlasın və cəzasız qalsın. Mümkün deyil.

ABŞ-ın bu xasiyyəti barədə bir xatirəm də var. 15-20 il öncəydi, Çingiz adlı bir polis polkovnik-leytenantı vardı, təmiz, prinsipial, amma sərt və hökumətə vəfalı adam idi. Elə bir mitinq-nümayiş olmazdı ki, Çingiz müəllim orada ön sırada olmasın. İcazəsiz mitinqlərin dağıdılmasında ən çox fəallıq edənlərdən biri idi, bəzən ələ keçən aksiya iştirakçılarının ratsiya ilə zərərsizləşdirilməsini özü edirdi. Hamının ondan zəhləsi gedirdi, amma adamın çiynində poqon, əlində ratsiya, başında furajka, arxasında hökumət və qanunlar vardı. Ona bir söz demək mümkün deyildi.

Düzdür, bir dəfə laçınlı qəssablar aksiya keçirən zaman onun başını Yasamalda daşla vurub yarmışdılar, amma Çingiz müəllim tezliklə sağalıb sıraya qayıtmışdı. Hərçənd o baş-daş söhbətindən sonra adamın beynində təbəddülat əmələ gəlmişdi. Bir dəfə o. Yasamal məhkəməsinin girişində ABŞ səfirliyinin işçisi Conatan Henikin qarşısını kəsib dedi ki, içəri girə bilməzsən. Çox abırlı adam olan Henik ona kim olduğunu dedi və siyasi motivli məhkəmədə iştirak etmək arzusunu dilə gətirdi, amma Çingiz müəllim dedi ki, yox, dediyim dedikdir. Coni israr edəndə Çingiz müəllimin babat ingiliscəsinin olduğu (daşdan sonra olmuşdu) ortaya çıxdı, o, üzünü cənab diplomata tutub, təmiz ingiliscə dedi: “Qou houm, ser”. Yəni “rədd ol”

Conatan ta polkovnik-leytenantın sözünü çevirmədi, “qou houm” deyirsən, elə olsun” ədası ilə dönüb getdi.

Bu, Çingiz müəllimin əlində ratsiya, çiynində poqon hərlədiyi axırıncı iş həftəsi oldu. Conatan Henik kimə nə dedisə, o kim də söhbəti haralara çıxardısa, məlum oldu ki, Çingiz müəllim yaşının çatmasıyla bağlı istefaya getməlidir.

Bu söhbət ABŞ-ın “boynuyoğun dövlət” olmasının bir işarəsidir. ABŞ-ın hesabatında adı çəkilən “işgəncə kralı”nın qəfildən infarktdan ölməsi də o xanədəndir.

Yeri gəlmişkən, Rusiyanın boynu da incə, zərif deyil. Onun da diplomatına hər saat “idi na yuq” demək olmaz. “Nervilənər, xlapota” edər.

Amma elə ölkələr də var ki, yeri gələndə dünyaya biseps-triseps nümayiş etdirir, hərdən ağzıüstə yerə atılıb “jim” eləyir, amma qısqı bərk gələndə aşağı ətrafı “jim-jim” edir. Belə dövlətin vətəndaşı başqa yerlərdə döyüləndə reaksiya adətən belə olur: “Görən nə zibil işi var ki, tutub döyüblər. Farağat adamı döyməzlər”.

Ona görə də boyunun yoğun olması hələ heç nə demək deyil. Əsas odur ki, vətəndaşı döyülən, öldürülən dövlət hadisəni o yoğun boynuna verməsin. Honduras və Qvatemala kimi.

 

Samir SARI
Tarix: 17-08-2019, 14:35
Xəbəri paylaş





Xəbər lenti