““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"

 Öz alçaq həyat səviyəsindən narazı qalan, ictimai mühitdə boğulan, məmur özbaşınalığından təngə gələn, ehtiyac içində çobalayan Azərbaycan vətəndaşlarının sayı günbəgün, saatbasaat artır. Bunu həm də sosial şəbəkələrdə yerləşdirilən tənqid, təhqir və söyüş dolu şikayətlərdən görmək olur. Dələduzlardan başqa hamı içtimai quruluşun dəyişilməsini istəyir.

Bəli, narazılıq güclüdür. Amma çox adam istəyir ki, havanı o yox, kimlərsə başqaları təmizləsin, o da “hazırına nazir olsun”. Bəzi adamlar da mübarizə yolunu və alətini görə bilmir, məlul-müşkül oturub gözlərini döyür, acizənə soruşur: “Axı, mən nə edə bilərəm?”. Onlara elə gəlir ki, mən “haqsızlığa qarşı mübarizə aparmaq lazımdır” deyəndə - adamları zorakılığa, çevriliş etməyə, inqilaba çağırıram. Xeyir, mən istəmirəm ki, ölkəmdə bir damla insan qanı tökülsün, qardaş-qardaşın qatilinə çevrilsin. İnqilab, çevriliş isə qansız başa gəlmir. 

Dinc mübarizə üsulu və aləti həmişə olub və indi daha çoxdur. Onlardan biri, deyərdim ki, ən sadəsi və ən təsirlisi SOSİAL ŞƏBƏKƏLƏRDƏ APARILAN ARDICIL İŞDİR. Məsələn, nə üçün BİZ - öz xalqını azad və xoşbəxt, dövlətini qüdrətli görmək istəyən mübariz ruhlu insanlar SOSİAL ŞƏBƏKƏLƏRDƏ işıqlı ideya ətrafında birləşib, vahid qüvvə kimi çıxış etməyək? Bir qədər də dəqiqləşdirim: təklif edirəm ki, FB-də, ilk addım olaraq, “AR OLSUN” adlı (ad şərtidir) bir “EL QINAĞI” jurnalı açaq, dövlətçiliyimizin kökünü laxladan, xalqımızın adını batıran məmurların, siyasətçilərin, işbazların, dələduzların adını növbə ilə ora daxil edək, törətdiyi bəd əməlləri açıb xalqa göstərək, onları ifşa edək və geniş el qınağına məruz qoyaq. 

Kiməsə elə gələ bilər ki, bu tədbir “fildən bir çimdik qopartmaq” kimi bir şeydir. Mənsə belə düşünmürəm. Müşahidəçi adamlar görüb ki, su kimi çox yumuşaq bir mayenin damcıları ardıcıl olaraq daşın üstünə düşəndə - onu deşir. Zamanında və məqamında ardıcıl deyilən düz söz də belədir. 
Biz, rüşvət verib iş düzəltmək kimi çox zərərli və alçaldıcı vərdişə qətiyyətlə “YOX” deyib, hər gün, hər yerdə, ədalət naminə, mübarizə aparmaq, qanunlarla bizə verilmiş hüquqlarımızı cəsarətlə tələb etmək, onu tapdalayanları ifşa etmək, kütləvi qınaq obyektinə çevirmək yolunu tuta bilərik. Biz SOSİAL ŞƏBƏKƏLƏRDƏ çıxış edən mübarizlərin səsinə səs verməklə, onların çıxışını dəstəkləyib paylaşmaqla - vətənimiz üçün, xalqımızın mütərəqqi təbəqəsi üçün böyük iş görmüş olarıq. 
Buyurun, fikirinizi bildirin. 

ƏRŞAD ƏZİMZADƏ, yazıçı-jurnalist
Tarix: 18-08-2019, 21:57
Xəbəri paylaş





Xəbər lenti