Sularda bitən şahin ömrü


Xəzər bunca qəddar olmamışdı bizə qarşı. Bu il yaman çox can aldı. İki-iki, hətta dörd-dörd uddu sevə-sevə ona pənah gətirənləri - gəncləri, məktəb yaşlı uşaqları. Gənc hərbi pilotumuz, polkovnik Rəşad Atakişiyev də o sırada yer aldı. Ürək dağlayan bir statistika...

Rəşad Atakişiyevin nəşi iki gün öncə, nəhayət, dənizdən tapılaraq çıxarıldı. Təxminən 1 ay sonra. Sanki Xəzər də udduğu qiymətli əmanətləri geri vermək istəmir. Dünən mərhum zabitimizlə vida mərasimi keçirildi. Allahdan ona rəhmət, doğmalarına, öncəliklə də iki azyaşlı övladına və hörmətli Qabil Hüseynliyə səbir diləyirik.

Rəşadın son uçuşu Qarabağ üzərində deyil, Xəzər üzərində oldu. Bu da bir alın yazısıdır. Zərrəcə şübhəmiz yox ki, erməni işğalçılarına qarşı müharibə başlasaydı, təcrübəli şahinimiz öz sözünü mütləq orada - Qarabağ səmasında deyəcək, Azərbaycanın hərb tarixinə öz adını layiqincə yazacaqdı. Təlim-məşq uçuşlarının tək hədəfi zatən, bu.

Təəssüf, əcəl imkan vermədi. Bunun texniki, yoxsa insan amili ilə əlaqəli olması yəqin ki, dəqiqləşər. 34 yaşlı Rəşadın səhhətində hansısa problem yaşamaması deməyə əsas verir ki, səbəb böyük ehtimalla, insan faktoru deyil. İstənilən halda, yəqin ki, aidiyyəti qurumlar əsl səbəbi tapıb müvafiq nəticələr çıxaracaq.

Əlbəttə, heç bir ordu belə qəzalardan sığortalanmayıb. Rusiya, ABŞ silahlı qüvvələrində də zaman-zaman bənzər faciələr yaşanır. Ancaq Azərbaycan kiçik ölkədir, üstəlik, bizim nə bahalı MiQ-lər, nə də F-35-lər istehsal eləməyə potensialımız var. Demək, döyüş maşınlarımızın, onlardan da öncə Rəşad kimi peşəkar pilotlarımızın qədrini ikiqat-üçqat bilməliyik. Paralel surətdə Rusiyadan alınan hərbi maşınlarımızın texniki vəziyyətinə əminliyimiz olmalıdır. Olayın bir həssas tərəfi də bu.     

Odur ki, son insident kitab təki, vərəq-vərəq araşdırılmalı, faciəvi xəta, yaxud qüsur dəqiqləşməlidir. Hərbi ekspert Üzeyir Cəfərovun da sözünü gərək qəribçiliyə salmayaq. “Qara qutu”nun oxunmasını sırf Moskvanın öhdəsinə buraxmaq olmaz. Yaxın tarix göstərir ki, əks halda, oxunası bir şey qalmayacaq. Çünki MiQ-lərin istehsalçısı və tədarükçüsü kimi Rusiya məsələdə maraqlı ola bilər.

Bu, həm də ona görə lazımdır ki, müharibə hələ bitməyib və həlledici Qarabağ savaşında hərbi aviasiya aparıcı rol oynayacaq. Hərbi təhlilçilərə görə, Dağlıq Qarabağ və ətraf ərazilərin relyefi, dağ massivlərinin mövcudluğu bunu zəruri edir. Ümumiyyətlə, müasir hərb sənətində belə qənaət var ki, müharibəni məhz hava məkanında üstünlüyü olan tərəf, ölkə aparır. Bu üstünlük isə artıq təmin edilib. Eyni zamanda, Rəşad Atakişiyev kimi rəşadətli pilotların hesabına... 

Dünənki vida mərasimi göstərdi ki, xalq öz vətənpərvər övladlarına, şəhidinə həmişəki kimi, lazımi dəyəri verir, onların xatirəsini, hörmətini əziz tutur. Rəşada da məhz şəhidə olan münasibət, ehtiram var idi cəmiyyətdə. Belə bir ovqat son dəfə 2016-cı ildə, 4 günlük aprel döyüşləri zamanı yaşanmışdı. Bu da təbiidir. Xalq öz ordusunun, silahlı qüvvələrinin arxasındadır. Ondan təkcə qələbə gözləmir, həm də onunla nəfəs alır. Həmçinin dövlət ona layiqli dəyəri verdi - Fəxri Xiyabanda torpağa tapşırıldı.  

Bu, Rəşadın son uçuşu oldu. Şahin ömrü sularda bitdi. Amma Azərbaycanın üçün son deyil sözsüz ki. Rəşad kimi peşəkarlar var, davamı da gələcək. Kim bilir, bəlkə onun oğul övladlarından biri elə onun yolunu davam etdirdi - yarımçıq qalan həyat yolunu tamamlamaq üçün...

Zahid SƏFƏROĞLU
Tarix: 22-08-2019, 08:18
Xəbəri paylaş





Xəbər lenti