Ucalığın özünə ucaldılan abidə

Sabahlar Sənin adınla açılır. Axşamlar həsrətinlə çökür qüssə kimi… Baharları Sən gətirdiyin Mayıs eşqinə daha çox sevirik. Yollara bir gün dönəcəksən deyə boylanırıq. Göy üzü ucaltdığın bayraq var deyə daha mavi, daha süslü. İstiqlalımız Sənin verdiyin qurbanlar bahasına daha dəyərli. Sən bizə sevməyi öyrətdin. Bir sevda yolunda geriyə dönüşü olmadan, gözü bağlı uçurumlara atılacaq qədər güclü olmağı da. Rəsulzadənin Azərbaycan sevdası qədər olmayan bütün sevgilər yalan, yarımçıq…

İstiqlalımızı da, bayrağımızı da, bütün sevdiklərimizi də belə sevdik. Sən bizim həyat yolumuzu müəyyənləşdirdin. Qəlbimizdə, yaddaşımızda yaşayırsan bizimlə birgə. Bilirəm, haqqını belə asanlıqla, tezliklə qaytarmayacaqlar. Amma onu da bilirəm ki, 70 il tarix qarşısında bir an kimi necə ötüb keçibsə, bu dönəm də keçəcək və haqqını tapdayanlar öz adlarını tarixə 70 il öncəkilərin davamçısı kimi yazacaq. Mənsə Sənin Bakıda heykəlinin ucaldıldığı günü görmək istəyirəm. Təkcə Cümhuriyyət qurucusuna deyil, ucalığın özünə ucaldılan abidə kimi! İrsini araşdıran Mərkəzin açılışını görmək istəyirəm. Məmləkətdə öz dediyinə özü inanmayanların hay-küyündən, yalanlarından uzaq, gerçək tarixin anladıldığı bir məkan olsun deyə.

Bakı Dövlət Universitetinə adının qaytarıldığını görmək istəyirəm. Haqqının gec də olsa, zərrə-zərrə qaytarılacağına ümidlər ölməsin deyə. Bakıya əbədi dönüşünü arzulayıram. Dünya xalq, millət sevgisinin nə demək olduğunu görsün deyə. Mən o gün Abşeron torpağında bitən qucaq-qucaq çiçəklərlə Səni qarşılamağa gələrəm. Təki Sən qayıt, ömür yetməsə, mən o çiçəklərdən biri kimi yolun üstə bitməyə də hazıram.

Səni sevən milyonlardan biri – M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin məzunu Nəcibə Bağırzadə

Yazı müəllifin facebook səhifəsindən götürülüb

Tarix: 6-09-2019, 15:45
Xəbəri paylaş





Xəbər lenti