30-cu illər havası və məmləkəti saran nifrət


Məmləkətdə 80-90 il öncənin havası var. Ötən əsrin 30-cu illərində insanların, ziyalıların, siyasi fəalların bir-birinə münasibəti necəydisə, indi də elədir.

Şərləmələr, üzədurmalar, bir-birini casus adlandırmalar, torbatikmələr, rəqibin həbsini, ölümünü arzulamalar və buna çalışmalar, donosyazmalar, hər şey birəbir eynidir. Bəlkə də çəkişən, döyüşən, boğuşan tərəflərin bir-birinə nifrəti 30-cu illərdə olduğundan daha şiddətlidir.

Sadəcə, fərq ondadır ki, indi xüsusi xidmət orqanlarına, dövlətin cəza aparatına yazılan donoslar, verilən işlər umulan effekti vermir, dövlət aparatı o məlumatlar olmadan da kimi cəzalandırmağı, kimi mükafatlandırmağı yaxşı bilir.

Başqa fərqlər də var: əgər ötən əsrin 30-cu illərində Cəbrayıl kəndlilərini Yaponiyaya işləməkdə şərləyib həbs edir, cəzalandırırdılarsa, indi başqa dövlətlərə işləyənlərə, xeyli yumşaldıb desək, açıq-aşkar rəğbət bəsləyənlərə, yad bir dövlətin təəssübünü çəkənlərə dözümlü yanaşılır.

Bəlkə də belə olmalıdır. Görünür, başqa bir dövlətə rəğbət bəsləmək milli təhlükəsizliyə təhlükə törətmir.

Ancaq başqa dövlətlərə rəğbət bəsləyən fəallar arasında qarşılıqlı nifrət o dövlətlərin siyasi dairələrinin bir-birinə nifrəti ilə identikdir. Məsələn, ABŞ və İran arasındakı münasibətlərin müharibə həddinə çatması üzündən ölkəmizdə də iranpərəstlərlə amerikapərəstlərin arasında münasibət düşməncəsinədir.

Bu, sosial şəbəkədəki statuslarda, şərhlərdə açıq-aydın görünür. Adamlar sosial şəbəkənin Azərbaycan seqmentində “döyüşür” mübarizə aparırlar, öz “şir”lərinin haqlı olduğunu yazır, qarşı tərəfə ölüm arzulayırlar.

Türkpərəstlərlə ruspərəstlərin davası da illərdir gedir, bəzən şiddətlənir, bəzənsə səngiyir. Bu da Rusiya və Türkiyə dövlətlərinin arasında siyasi münasibətin nə dərəcədə isti-soyuq olmasından asılıdır. Bir neçə il öncə Türkiyənin hərbçilərinin Rusiyanın hərbi təyyarəsini vurması üzündən iki dövlət arasında münasibətlər son dərəcə gərginləşəndə, ticarət əlaqələri kəsiləndə, gediş-gəliş sıfıra enəndə bizdə Türkiyəyə pərəstiş edənlərlə Rusiyaya rəğbətli olanların arasında da polemika sərt səciyyə almışdı. Sonra bu iki dövlət yenidən dostlaşsa da, Ərdoğanla Putin son 3 ildə 30 dəfə görüşsə də, yenə bu dövlətləri sevənlər sosial şəbəkədə “atışırlar”.

Yerli siyasi qüvvələr arasındakı münasibətlər daha bərbad gündədir. Son 20 ildə hərəsi 3-4 dəfə parçalanmış, ciddi qopmalara məruz qalmış partiyalar nəinki yenidən bir araya gəlməyi, güclü blok yaratmağı düşünürlər, tam əksinə, bir-birini zəiflətməyə, sarsıtmağa, öz sevimli ifadələri ilə desək, “bitirməyə” çalışırlar.

Bir müddət öncəyə qədər belə bir təsəvvür vardı ki, insan hüquqları üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları, özlərini demokrat sayan və ölkənin demokratikləşməsi istiqamətində fəaliyyət göstərən ayrı-ayrı fəallar pis-yaxşı bir aradadırlar, lazımi anda çəkici eyni sindana vururlar.

Ancaq müxalifət partiyasının liderlərindən birinin, konkret desək, Fuad Qəhrəmanlının adının qarışdığı “zorakılıq” qalmaqalı zamanı qəfildən kükrəyən feminizm dalğası göstərdi ki, “müttəfiqlər” arasında da ciddi fikir toqquşması var. Tərəflərin bir-birini söyüb-yamanlaması görünməmiş həddə çatdı və davam edir.

Ölkəmizin ictimai-siyasi arenası 1989-cu ildən bəri bu qədər dağınıqlıq, xaos, hərc-mərclik görməmişdi. Artıq kimin kimə işlədiyi, kimin nə uğrunda mübarizə apardığı, kimin nə etmək istədiyi bilinmir. Bəyan edilən prinsiplərlə tutulan əməllər bir-birinə çox ziddir, riyakarlıq ərşə-gürşə dirənib, qarşılıqlı ittihamlar çalın-çarpaz xarakter alıb. Hamının hamıya iradı var. Hər kəs hər kəsdən incikdir.

Belə bir durumda gerçəkdən də yeni siyasi qüvvələrin meydana çıxmasına ehtiyac var. Ancaq onlar haradan çıxacaqlar? Necə birləşəcəklər? Yeni qüvvələrin aldıqları siyasi tərbiyə, işləmək istədikləri elektoratın səviyyəsi, içində yetişdikləri ictimai-siyasi arena budursa, yaxşı bir şey gözləmək mümkün deyil. Vulkan kimi bir şey lazımdır.

İndilikdə isə püskürən yeganə şey nifrətdir. Məmləkəti nifrət lavası sarıb.

Xalid KAZIMLI
Tarix: 25-09-2019, 08:30
Xəbəri paylaş





Xəbər lenti