Bakıda yerin altına qovulan mədəniyyət – İstedadlı “dilənçi”lərdən kimlər rüşvət alır? - REPORTAJ



Bakıda yerin altına qovulan mədəniyyət – İstedadlı “dilənçi”lərdən kimlər rüşvət alır? - REPORTAJ
Küçə musiqiçiləri dünya şəhərlərinin gözəlliyidir. Sevgi-nifrət döyüşündə hələ ki, üstünlük qazanan nifrəti ləngitməyə bəlkə də yalnız musiqinin gücü yetəcək. Küçə musiqiçiləri bu şansı verir bizə. Hər səhər, ya axşam günün yorğunluğunu üstümüzdən ata bilmək üçün bəlkə də hər gün keçməliyik onların önündən. 3 milyona yaxın əhalisi olan Bakının gurultusundan, qulaq pərdələrimizi zorlayan səs-küyündən qaçmaq üçün bəzimiz qulaqcıqlara, bəzimilərimizsə küçə musiqiçilərinin notlarına sığınırıq. Küçələrdəki bu fərqli mədəniyyətlər sayəsində başqa dünyalara gedə bilmək varkən qulaqcıqlara nə gərək var? Radioları, efirləri bürüyən o hissisiz, sevgisiz mahnılardan ruhumuzu qorumaq üçün, özümüzü yeniləmək üçün bəlkə də onları daha çox dinləməliyik...




Onlar hardadır və niyə var?

Onların əsas məqsədi canlı musiqini müxtəlif səbəblərə görə, konsert salonlarına, əyləncə məkanlarına gedə bilməyən insanların qarşısına gətirməkdir. Əlbəttə bunu edərkən həyatlarını təmin etmək üçün beş-üç manat pul qazanmaq da məqsədlər siyahısına daxildir. Amma onları dinləyənlərin hamısının pulu yoxdur; istədiyiniz qədər ayaq saxlayıb feyziyab ola bilərsiniz. Musiqiyə və gözəl sənətə dəyər verən insanlarsa mütləq bu xidmətin qarşılığında özünü borclu hiss edərsə, önlərində açılan musiqi alətinin qutusuna beşdən-üçdən nə isə atacaq.

...Küçə musiqilərinə Bakının yalnız mərkəzi küçələrində, turistlərin əsasən gəzdiyi küçələrdə rast gəlmək olur. Əgər siz Bakının mərkəzi Nizami (“Taroqovı”) küçəsindəki keçidlərdən, İçərişəhərin qala qapılarından, “Azneft” dairəsindən keçirsinizsə, hökmən onlarla qarşılaşacaqsınız.

Keçiddə saksofon sədalarından doğulan “Gicbəsər”



“Tarqovı”dakı keçiddən ətrafa yayılan möhtəşəm musiqi səsi məni pilləkənləri aşağı enməyə vadar etdi. Arıq, sarışın oğlan kürəyini keçid divarına söykəyib saksofon çalır. Havada Selin Dionun mahnısı var. “Tarqovıda”kı bu keçiddən keçirsinizsə, deməli, bu oğlanı bir neçə dəfə görmüsünüz. Sona qədər dinlədikdən sonra yaxınlaşıb salam verirəm. Yorğundur, deyəsən. Ya da musiqinin sərxoşluğu var üzərində. Danışmağa həvəsli olmasa da, hörmətsizlik etmədi. “Tarqovı” keçidinin tanınmış saksofon ifaçısının adı Sərxandır. Sən demə, Sərxan ixtisasca filoloqdur. Yazarlığı da varmış qəhrəmanımın. “Gicbəsər” adlı kitab yazıb. Sərxan deyir ki, musiqi onun həyat tərzidir. Bülbül adına musiqi məktəbinin məzun olan Sərxanın niyyəti ilə mənzili arasında uçurum yaradan şeylərdən danışdıq.


“Çox istədim ki, təhsilimi musiqi akademiyasında davam etdirim. Amma alınmadı. Mən məktəbi bitirən ili akademiyada nəfəs alətləri üzrə iki yer var idi. Onlardan biri alınmışdı, birini isə satılığa qoymuşdular. Qiyməti isə 4 min manat idi. Mən o 4 min manatı vermək istəmədim getdim tamamilə başqa istiqamətdə ali təhsil aldım”.

“Onlar bizə dilənçi kimi baxır”

Sərxan deyir ki, uzun müddət musiqiyə ara verib. Sonra isə bu küçələr onu musiqi ilə barışdırıb: “Bakıda turistlərin gəzdiyi yer Bulvar və “Tarqovı”dan ibarətdir. Xarici ölkələrdə isə hər şəhərin öz küçə musiqiçiləri var. Bizim elə bir avantajımız yoxdur. Xaricdə küçəyə lisenziya ilə çıxırlar, istədikləri yerdə otura bilirlər, amma burda yalnız keçidlərdə icazə verilir. Təbii ki, bu da qarşılıqsız deyil. Pul ödəməsən keçiddə musiqi ifa etmək mümkün deyil”.

Gün ərzində küçədə musiqi ifa etməklə qazandığı puldan söhbət açanda gülümsəyir: “Atalardan qalma bir söz var: “Kişinin maaşını soruşmazlar”. Mən qazanc üçün gördüyüm işdən zövq alıram. Burda qazandığım pulun məbləğini bilsəniz, siz hazırda gördüyünüz işi atıb gəlib burda mənimlə oturub mahnı ifa edərdiniz”.

Sərxan deyir ki, küçə musiqilərinin dinləyiciləri 3 qrupa bölünür: Rus dili azərbaycanlılar, mental düşüncəli azərbaycanlılar və turistlər: “Azərbaycanda rus dilli əhali bu işə mədəniyyət kimi baxır. Mental düşüncəli azərbaycanlılar dilənçi kimi yanaşır. Avropadan gələn turistlər dinləyirlər, alqışlayıb keçirlər, pul atmırlar qutuya. Ərəblərə isə çox təəccüblü gəlir. Çünki onlar belə şeylə ilk dəfə qarşılaşırlar”.
Sərxanın hal-hazırda tək istəyi odur ki, bu işə dövlət nəzarəti olsun: “İstərdim ki, dövlət bizi görsün və işimizi asanlaşdırsın. Mən dövlətə vergi versəm sevinərəm. Bilərəm ki, dövlətdə bir payım var”.

Bu da tütəkçi Vaqif Mustafayev



“Azneft” dairəsindəki keçiddə balaca boy, səliqəli geyimdə bir gənc tütək çalır. Adı da Vaqif Musatafayevdir. Vaqifin ali təhsili yoxdur. Heç ifa etdiyi alətin də təhsilini almayıb. Uşaqlıqdan ticarətlə məşğul olduğunu deyən Vaqif tütək çalmağı həvəskar kimi öyrənib: “Uşaqlıqdan ticarətlə məşğul olmuşam. Mağazalarım var idi. Amma bir neçə il əvvəl ziyana düşdüm. Türkiyəyə böyük məbləğdə borcum var idi. Evimi hər şeyimi stıb özümü borcsan çıxartdım” Hal-hazırda yeganə iş yeri bu keçid olan Vaqif iki övladını hobbi kimi öyrəndiyi tütəyin pulu ilə böyüdür. Qəhrəmanım deyir ki, qazancı pis deyil amma: “Qazancımın hamısı özümə qalsa pis deyil, amma qazandığmın yarısını məni burda ifa etməyə buraxan adama verirəm. Ona görə də dövlət lisenziya versə yaxşı olar”.

Əlindəki tütəyə diqqət etdim peşəkar musiqi aləti deyildi. Vaqif deyir ki, bu oyuncaq tütəkdir. Zamanında özünə yaxşı tütək almadığı üçün peşman olduğunu deyir.

Menecment necə gitarist oldu?




Həmin ərazidəki başqa bir keçiddə akustik gitara çalan bir oğlan da var. Kameralarımızı görən kimi reportajda iştirak etmək istəmədiyini bildirib, çəkilişimizi dayandırmağımızı istədi. Amma sonra razılıq verdi. Narahatlığının səbəbini soruşanda dedi ki: “Bizim işimiz qanuni deyil”. Bu qəhrəmanım da ali təhsillidir, ixtisasca menecmentdir. Amma deyir, Azərbaycanda bu sahə inkişaf etməyib. Ona görə də hələ menecmentin nə demək olduğunun tam dərk edilmədiyi bir ölkədə o ixtisasın çörəyini yemək mümkün olmur: “Öz hesabıma mühasibat kursuna getmişəm. Amma şirkətlərin verdiyi maaşın məbləğini eşidəndə məni gülmək tutur. Ayda 100 manat verib kursa getmişəm mənə ayda 400 manat maaş təklif edirlər. Azərbaycanda maaşlar çox aşağıdır. Mənə burda oturub ifa etmək daha sərfəlidir”.

Qəribədir ki, cavan oğlan( adını yazmamağımızı xahiş etdi) digər həmkarlaarından fərqli olaraq onlara dövlət tərəfindən lisenziya verilməsini istəmir: “Bilirsiniz dövlət bizə lisenziya versə, bizim üçün məkanlar ayrılacaq və o məkanlarda hamı gəlib ifa etməkdə sərbəst olacaq. Davalar, mübahisələr yaşanacaq. Amma mənə burda ifa etməyə icazə verən adam buna imkan vermir. Başqalarını bura buraxmır”.
İnsanların reaksiyalarının fərqli olduğunu deyən qəhrəmanım əksəriyyət adamların ona yuxarıdan aşağı baxdığını deyir. Və bunu da onunla əsaslandırır ki, o adamlar zəhmətkeş insanlara yüksək dəyər vermək səviyyəsinə qalxa bilməyiblər. Onun ən böyük arzusu Opera Balet Teatrının səhnəsində oynamaqdır. Tenor səsə malik bu istedadlı gənci arzuları ilə baş-başa buraxıb istedad axtarışına davam etdik.

*

Hava qaralmağa doğru gedir. Payızın ilıq nəfəsi yavaş-yavaş boz küçələri qucaqlayır. Və biz üzü Dənizkənarı bulvara doğru yol alırıq. İki gənc böyük eşqlə nağara ifa edirdi. Onlar da çəkməməyimiz üçün xahiş etdilər. Danışmaqdan da imtina etdilər. Nə adlarını öyrənə bildik, nə də həyat hekayələrini. Sadəcə barmaqları danışdı biz də dinlədik.





Havaların soyuması küçə musiqiçilərinin əsas problemlərindən viridir. Çünki soyuq havalarda küçələrdə oturub saatlarla mahnı ifa etmək mümkün olmur. Əlbəttə izləyənlər üçün hava şəraitinin heç bir fərqi yoxdur. Çünki musiqi isti havada insana sərinlik, soyuq havalarda isə istilik bəxş edən bir xoşbəxlikdir.




BakuPost
Tarix: 28-09-2019, 14:09
Xəbəri paylaş





Xəbər lenti