Göydən düşmüş kabinet


“Dünyada qeybdən xəbər verən, özü də indicə öz qulağımla eşitdiyim tərzdə xəbər verən bir meymun olduğunu mənə inandırmaq üçün ən möhkəm inam lazım gələrdi, amma gördüm və inandım”

(Servantes, “Lamançlı Don Kixot”)

***

Öncə bütün hörmətli təhsil zəhmətkeşlərimizi 5 oktyabr Beynəlxalq Müəllim Günü münasibətiylə qutlayır, hər birinə plyonkası sökülməmiş “Nazpəri” şokoladı, qərənfil buketi və Nizami Gəncəvinin Namiq Qaraçuxurlu tərəfindən ana dilimizə tərcümə edilmiş beşcildliyini arzu edirəm. Zarafat idi, qorxmayın. Kefinizi açmaq istədim. Yaxşı müəllimə bu saat qızıl komplekt bağışlamaq dəbdədir. Mümkün qədər zənciri yoğun olmalıdır. Keçək mövzuya.

Mövzu isə ondan ibarətdir ki, harda avtoritar rejimlər varsa, orda camaatdan padşaha qədər hər kəsin mistik qüvvələrə böyük inamı olur. Özünə hörmət qoyan padşahın alimə deyil kahinlərə ehtiyacı vardır. Qədim Misirdə də belə olubdur, Sovet hökumətinin vaxtında da. Lenini nahaq yerə mumiyalayıb mavzoleyə uzatmayıblar. İkinci dünya savaşı zamanı isə Stalin vəziyyətin xarab olduğunu görəndə bəzi ikonaları təyyarəyə mindirib cəbhə xətti üzərindən uçurdurmuş. Lap təzə əhvalat da var Moskva tərəflərdə. Rusiyada bir yakut-saxa millətindən şaman uzaq Sibirdən üzü Moskvaya piyada yol gəlirdi, məqsədi də bu idi ki, Putini aşırtsın. Bilməyənlər bilsin ki, o qardaş tərtəmiz türk millətindən idi, saxalar türkdür, bizim qardaşımız sayılır və bəlkə Qarabağın qisasını almaq istəyirdi. Şaman deyirdi Putin şər qüvvədir, gedirəm onunla döyüşəm, vəzifədən qovam, Rusiyada xeyir qələbə çalsın və sairə.

Normal, sivil, inkişaf eləmiş ölkələrdə belə aksiyalar əyləncə xarakteri daşıyır, camaat bir müddət buna baxıb kefini açır. Ancaq Rusiya hakimiyyəti şamandan gerçək formada qorxdu! Tutub zindana saldılar, hətta dəli elan elədilər.  Kosmosda stansiya saxlayan dövlətin prezidenti şamandan qorxursa, bunu necə izah edəsən? Sözgəlişi, bir ara ruslar Beynəlxalq Kosmik Stansiyaya ikona asıb dua-filan eləmişdilər.

Biz də qonşularımızdan geri qalmırıq. Azərbaycanda son illər mistik qüvvələr yalan olmasın, hakimiyyəti ələ keçirmək üzrədir. Pirlərə aid “elmi” verilişlər, cin çıxartmaq üçün döyülüb öldürülən yazıq adamlar, cadu ilə bəxti bağlanan, dua ilə işə düzələn, nə bilim, ocağa gedib sağalan... Çoxdur belə tragikomik durumlarımız. Vəzifəli şəxslərin kabinetinin şər qüvvələrdən, cadu-pitidən təmizlənməsi aksiyaları da geniş yayılmağa başlayıbdır. Şəxsən mən özüm bir ara yaşadığım binaya koordinat vermək lazım gələndə adama deyirdim: “Filan yerə gəl, orda taksi sürücülərindən Falçı Filankəsin yaşadığı binanı soruş, sənə göstərərlər”. Yetərincə məşhur adam idi, qardaşın bir ayda qəbul eləyib falına baxdığı adam sayı qədər oxucunu mən 25 ildə yığa bilməmişdim.

Cin çıxartma proseduru zamanı qətl törədənlərin məhkəməsindən reportajda bir maraqlı cümlə var idi: “Uşağı xəstəxanaya aparanda həkim dedi bunu pirə aparın”.  Mərhumun atası isə deyir: “Cin çıxardanlara demişdim yavaş vursunlar, ancaq elə döymüşdülər qarnı qapqara idi”. O qədər idiotdur ki, sanır yavaş vursalar cin çıxar, uşaq sağ qalardı.

Əlbəttə, sadə zəhmətkeşlərin cinə-falçıya-zada inanmağını kütləvi savadsızlıqla, eyni zamanda əlacsızlıqla izah etmək mümkündür. Öz imkanlarınla yaşamaq mümkün deyil, fikirləşirsən bəlkə sehrli qapı açıldı. Ancaq bəs varlılarımız, məmurlarımız niyə mistikaya aludə olmağa başlayıb? Onların ki pulu çoxdur. İş, arvad, ər, bəxt problemi yoxdur, “cin girəndə ” də xaricə klinikaya gedirlər. Deməli “cəhalət kasıblıqdan doğur” klassik modeli bu halda işləmir. Uzun müddət bu temada fikirləşdim və düşünürəm səbəbi tapmışam: bizim məmurlar öz qanacaq və qabiliyyətlərinə yaxşı bələddirlər. Bilirlər o ağılla vəzifə tutmalı deyildilər. Məsələn, iki eşşəyin arpasını bölə bilmirsən, ancaq icra başçısı qoyublar. Seçicilər küçədə qarşına çıxsa tanımayıb salam da verməz, lakin ya vəlvələdən, ya zəlzələdən səni deputat qoyublar. Burda rasional səbəb, elmi izah axtarır, tapmırlar. Fikirləşirlər burda nəsə ilahi, sehrli qüvvənin rolu olmuşdur, çalışmaq lazımdır o sehrli qüvvəyə minnətdarlıq çatsın. Kabineti Azərbaycan xalqından almış olsan, nəziri də ona verərsən. Göydən düşübdür, göyə də verirlər.

Tarix: 5-10-2019, 08:33
Xəbəri paylaş





Xəbər lenti