"Nə yeməyə pulum var ,nə dərmana. Kapitalbankın problemli kreditlər şöbəsindən Ruslan və Əlirza adlı şəxslər zəng edib,..."-GƏNC MÜƏLİMƏ ÖLKƏ RƏHBƏRLİYİNDƏN KÖMƏK İSTƏDİ

           
"Nə yeməyə pulum var ,nə dərmana. Kapitalbankın problemli kreditlər şöbəsindən Ruslan və Əlirza adlı şəxslər zəng edib,..."-GƏNC MÜƏLİMƏ ÖLKƏ RƏHBƏRLİYİNDƏN KÖMƏK İSTƏDİ
Ağdam rayonundan məcburi köçkün ,gənc müəllimə Qarayeva Aynur Cavid qızı çətin duruma düşüb. Kredit borcu ucbatından tamamən müflis olan, intihar həddinə sürüklənən qadın ölkə rəhbərliyinə müraciət edib.
Həmin müraciəti olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
Azərbaycan Respublikasının vitse-prezidenti
Mehriban xanım Əliyevaya,
Banklara Nəzarət Palatasına,


Mən Qarayeva Aynur Cavid qızı 2018-ci ilin dekabrında Kapital Bank-dan 3500 dəyərində 1 kart götürdüm. Həmin kartdakı pulu oğlumun müayinə və müalicələrinə xərclədim. Dörd ay hər ayda 260 manat ödəniş edirdim və 60-70 manat faizinə çıxdıqdan sonra yerdə qalan məbləği lazım olduqca çıxarırdım. Nəzərinizə çatdırım ki, özümün də ayda 260 manat kredit ödənişim var. May ayında 1 kart krediti üzrə şərtlər dəyişdirildi və bank 50 faiz pulun alış məqsədi ilə istəfadə olunmalı olduğunu bildirdi. Özüm 2-ci qrup, ürək qüsurlu əliləm, 130 manat pensiya alıram və Bakı şəhəri, 195 saylı məktəbdə müəlliməm, 420 manat maaş alıram. Yanvardan 130 manatlıq pensiyam, may ayından da bu günə kimi pensiya və maaşım heç bir məhkəmə qararı olmadan bank tərəfindən 100 faiz tutulur. Yalnız iyul ayında məzuniyyət pulu çox olduğundan kartdan pul çıxarmışam. Onu da digər borcumla bağlı banka ödəmişəm. Avqust və sentyabr ayı maaş almadığım üçün bank borcları gecikib, yalnız 130 manat pensiyam tutulub. Beş ayda bank mənə nə çörək, nə dərman almağa imkan verməyib. Bank borclarımın uzaldılması ücün müraciət etdikdə zamin istəyirlər. Yaxınlarımın isə ya krediti var, ya da işsizdir. Və bu son iki ayda dəfələrlə Kapitalbankın problemli kreditlər şöbəsindən Ruslan və Əlirza adlı şəxslər zəng edib, kobud danışır və “Pulu haradan tapırsan tap, ödə”,- deyirlər. Oktyabrın 1-də problemli kreditlər şöbəsinin müdiri Zaur müəllimin yanına getdim. Məni çox laqeyd qarşıladı, növbədə hec kim olmamasına, hec yerə tələsməməsinə baxmayaraq, danışıqları qısa kəsərək, “Bank şərtləri birtərəfli poza bilər və zamin tap, yoxdusa, get ödə”,- dedi. Bankdan əsəbi və çox sarsılmış ayrıldım. Heç 15 dəqiqə keçməmiş Ruslan müəllim zəng edib krediti nə vaxt ödəyəcəyimi soruşdu və tez vaxtda telefona bankdan 1 kart üzrə 1222 manat ödəniş etməli olduğum bildirildi. Bu şəxslərə insanların çətin durumda əsəblərini pozmaq, dəstək olmaq əvəzinə sıxışdırıb intihar həddinə gətirməkmi tapşırılıb? 2019-cu il yanvardan bu gunə kimi 1 kart borcuma istər maaşımdan, istər nağd olardaq 1200 manatdan çox pul ödədiyim halda, 3500, 1 kart üzrə 3850 manat borcum var. İllərdir Kapitalbankdan kredit götürüb bağlamışam. Hər dəfəsində sığorta ödəmiş və faizlərini sonuna qədər ödəmişəm. Amma nə 2017-ci ildə evim yandıqda, nə də 2019-cu iliin iyununda ağır əməliyyat keçirtdikdə sığorta heç nəyə yaramadı və bank mənə güzəşt etmək əvəzinə üst-üstə faizlərlə dilənçi gününə salır. Nəzərinizə çatdırım ki, oğlum onurğa zədəli əlildir. 2018 ci ilin dekabrından əlillik pensiyası kəsilib. Rayon xəstəxanası Bakıdan, buradakı Maştağadan sənəd istəyir və maddi durum çox çətin olduğundan uşağı xəstəxanada yatırdıb sənədləri həll edə bilmirəm. Özüm 1 ildən çoxdu əmək pensiyasına keçməli olduğum halda DSMF-nin Saatlı şöbəsi dəfələrlə şifahi və yazılı müraciətimə baxmayaraq, işə baxmır. Atam I Qarabağ savaşında itkindir. Anam müəllimdir. TN də 42 iş stajı ilə maaş alır, DSMF-dən 25 stajla pensiya. İki dəfə məhkəməyə müraciət etmişəm və nəticəsizdir. 2017-ci ilin iyununda Saatlı rayonu ərazisində məcburi köçkünlər üçün tikilmiş qəsəbədə olan evim yararsız işıq xəttlərinə görə yandı. Uşaqlar zəhərləndi. Departamentin Saatlı rayon nümayəndəsi evin təmirini edəcəklərini deyib, dəyən zərər üçün 900 manat kompensasiya yazdı. Lakin 3 il keçməsinə baxmayaraq bir qəpik də ödənilmədi. Nazirlikdən məlumat aldıqda bildirdilər ki, hadisə haqqında nazirliyə məlumat da verilməyib. Uzun yazmağım o ki, bu qədər borc birdən-birə yaranmayıb. Evin təmiri və uşağın müalicələrinə xərclədiyim pulların faizləri xəclədiyimdən çoxa çıxır. Əminəm ki, dövlət başçısının bu özbaşınalıqlardan, məmur qudurğanlığından xəbəri yoxdur. Çünki dəfələrlə Mehriban xanıma müraciətlərim dinlənilib və təsdiqini tapıb. Mənim daha sözümü deyəcəyim, qapısını döyəcəyim kimsə qalmayıb. Hələ maaş almamışam, karta 1660 manat borc yazılıb. Bəs mən yeməyə, dərmana nə verim? Üç ay əvvəl ağır əməliyyat keçirmişəm və ağır işdə işləyə bilmirəm. Səhhətim yalnız müəllim işləməyə imkan verir. Oktyabrın 2-də karta 305 manat maas yüklənib və hamısı bank tərəfindən çıxılıb. Sonra səhər tezden Ruslan bəy yenə zəng edib qalan borclarımı tez vaxtda qaytarmağımı tələb etdi. Dövlətdən müdafiəmi və vəkillə təminatımı istəyirəm."
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandıra bilərik!
Teref.az
Tarix: 5-10-2019, 22:35
Xəbəri paylaş





Xəbər lenti