8 oktyabrın qəhrəmanı hardadı?

 

Pərvanə Əhmədova: “Hər kəsə cavab verməkdən tükəndim”

Milli Şuranın 8 oktyabr aksiyasında hakimiyyətin təxribatçısına verdiyi cavablarla məşhurlaşan və aksiyanın qəhrəmanlarıdan birinə çevrilən Pərvanə Əhmədova son iki gündə naməlum şəxslər tərəfindən oğurlanması, ona hədə-qorxu gəlinməsi haqda yayılan xəbərlərə münasibət bildirib. O, Azadlıq Radiosuna açıqlamasında deyilənləri təkzib edib: «Elə şey yoxdur, şükürlər olsun. Sağ-salamatıq, nəfəsimiz də gəlir».

P.Əhmədova yaşadığı evin boş, qapısının açıq qalması, pəncərəsinin sındırıldığı əks olunan videogörüntülərə də aydınlıq gətirib: «Yəqin hamamın pəncərəsini nəzərdə tuturlar. Oranın şüşəsi əvvəldən olmayıb. Qapının da qıfılı yoxdur, daim açıqdır. Bir mismardır vurmuşuq. Onunla bağlayırıq. Heç bir təxribat-zad yoxdur, şükür olsun Allaha. Hər şey normaldır».

P.Əhmədova, sadəcə, son günlər çoxsaylı zənglərdən yorulduğunu, buna görə də evdən getdiyini bildirir. Onun sözlərinə görə, hazırda qohum evində dincəlir: «Tükənmişdim. Söz-söhbətdən beynim çox yorulmuşdu. Bir az istirahətə ehtiyacım var idi. Taqətim yox idi, ağzımı açmağa halım qalmamışdı. Mən 48 saat, gecə-gündüz yatmadım, gələn zənglərə cavab verirdim. Ona görə də bir müddət uzaqlaşmaq istədim, telefonu söndürdüm. Özüm xəstəyəm. Əvvəldən bitkin durumdaydım. İndi də bu söz-söhbət, suallar, cavablar, aləm qarışdı… Hər kəsə cavab verməkdən tükəndim. Hazırda dincəlirəm. Həm də zökəm oldum möhkəm. Uşaqlar idarə edir məni. Bilmirəm özümə nə vaxt gələcəm. Söz-söhbət yatışsın, sonra üzə çıxacam. Sizinlə danışıram bədənim əsir, vibrasiyadadır elə bil».

P.Əhmədova ona rəsmi qurumlar və ya hər hansı şəxslər tərəfindən təzyiq olmadığını da bildirir: «Hərənin öz müstəqil fikri var. Mən də fikrimi demişəm. Məni heç kim doldurmayıb, ya təxribata getməmişəm. Bu cəhətdən də heç kəsdən təhdid almamışam. Sorğu-sual olunmuşam tanımadığım insanlar tərəfindən. Tanımadığım insanlar danışıblar mənimlə».

O, «piketdə səsləndirdiyiniz fikirlərinizdə dəyişiklik varmı» sualını bu şəkildə cavablandırıb: «Elə bir şey yoxdur. Nəsə fikirləşəcək durumda da deyiləm. Həyatım necə var elədir. Hələlik dəyişən bir şey yoxdur, olduğu kimi qalır. Ora da sosial problemlərimə görə getmişdim».  

 Siam.az

Tarix: 15-10-2019, 07:11
Xəbəri paylaş





Xəbər lenti