Gənc ana və qızları evdən qaçmağa vadar edən səbəblər


Mehriban Zeynalova: “Qadının öz uşaqlarını qoyub qaçması çox pisdir və ağrılı məsələdir”

Son günlər Azərbaycanın müxtəlif bölgələrində, hətta paytaxt Bakıda evli qadınların, gənc qızların itkin düşməsi xəbərlərinə tez-tez rast gəlirik. Bəzən itkin düşən qadınların sonradan başqasına qoşulub qaçdığı, böyük şəhərlərdə özünə yeni həyat qurmaq istədiyi məlum olur. Ən təəssüf doğuran isə odur ki, qadınlar bəzən övladlarını evdə qoyub çıxır, bunun məsuliyyətini daşımaq istəmirlər.

Qeyd edildiyi kimi, təkcə qadınlar deyil, gənc qızların da tez-tez evdən qaçaraq, paytaxta üz tutması halları baş verir. Məsələn, bugünlərdə Bakıda itkin düşən 18 yaşlı Leyla tapılarkən, məlum olmuşdu ki, onun qaldığı evdə bir neçə evdən qaçan qız yaşayırmış.

Bəs evli, uşaqlı qadınları, eləcə də gənc qızları evdən soyumağa nə vadar edir? Məsələnin kökündə hansı problemlər dayanır?

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı “Yeni Müsavat”a danışdı: “Düşünürəm ki, bunun əsas səbəbləri qadınlara qarşı psixoloji və fiziki şiddətdən irəli gəlir. Lakin övladlarını atıb qaçan qadınlara haqq qazandırmıram. Doğrudur, onların psixoloji durumları buna gətirib çıxarır. Bununla belə, övladı qoyub getmək yolverilməzdir. Övlad insanı həyata bağlayan bir məfhumdur. Bəzən bu ifadə tez-tez səslənir ki, qadınların evdən qaçması xüsusən bölgələrdə baş verir. Amma deməzdim ki, bu belədir. Sadəcə, bölgələrin sayı çoxdur və qadınların evini tərk etməsi müxtəlif bölgələrdə təsadüf edir. Paytaxt Bakının özündə də bu cür hadisələr olur, sadəcə, bu hadisələr çox da səs-küyə səbəb ola bilmir. Ailədaxili şiddət, aqressiya, qadınların istər psixoloji, istərsə də fiziki cəhətdən təzyiqlərə məruz qalması, bütün bunların hamısı qadınların evdən qaçmasına gətirib çıxarır. Heç bir qadın münbit şəraitdən, şiddət görmədiyi yerdən qaçmaz. Problemin kökündə ailədaxili şiddət, diqqətsizlik və sairədir”.

Psixoloq erkən nikahların bu məsələyə təsir etdiyini vurğuladı: “Erkən nikahların nəticəsi olaraq azyaşlı qızlar həm hamiləlikdə, həm də ana olduqdan sonra ailədə müəyyən psixoloji problemlər yaşayır. Məlum olduğu kimi, gənclik və yeniyetməlik dövründə insanların xarakteri, psixologiyası, hormonları hələ tam oturuşmur, buna görə də ana olduqdan sonra bəzən bunu tam dərk edə bilmir və hər cür addımlar atır. Heç də gizlin deyil ki, bizim cəmiyyətdə qayınana mentalitet olaraq qabarıq şəkildədir, xüsusən də regionlarda əksər qayınanalar hökmranlıq etməyə çalışır, sonda bu cür nəticələr olur”. 

Fərqanə Mehmanqızı ile ilgili görsel sonucu

Psixoloq gənc qızların evi tərk etməsi məsələsinə də toxundu: “Onların əksəriyyəti ya atası, ya da qardaşları tərəfindən şiddət görən yeniyetmələrdir. Digər səbəb odur ki, hər ailə müxtəlif olduğu kimi, qızların da xasiyyəti müxtəlif olur, onların bəziləri sosial şəbəkələrdə yayılan informasiyalardan elə anlayırlar ki, böyük şəhərlərdə həyat daha gözəl və asandır. Yəni buna uyub gələnlər olur, amma onların sayı çox da deyil. Bölgələrdə maarifləndirmə işi yoxdur. QHT-lər bölgələrdə layihələr hazırlasa da yetmir. Qadına, uşağa qarşı şiddət ölkədə səngimək bilmir, davam edir. Bu şiddət davam etdikcə problemlər də çoxalacaq. Kütlədə həmrəylik psixologiyası deyilən bir anlayış var. Ölümü, intiharı, ailədən qaçışı insanlar çıxış yolu kimi görür. Ailədaxili müdaxilələr araşdırılmalıdır. Dövlət də bu işdə maraq göstərməlidir. Xaricdə bu praktika var”.

Mehriban Zeynalova ile ilgili görsel sonucu

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə məsələyə bu cür şərh bildirdi: “Bu məsələ ümumi görünsə də, hər bir qadının fərdi olaraq müəyyən səbəbləri, problemləri olur. Ola bilsin ki, bölgələrdə xidmət paketi yoxdur ki, qadınlar əvvəlcədən müraciət edib, problemlərini bildirsinlər, ailəsini qoruyub saxlasınlar. Digər qisim isə ola bilsin ki, zorakılıqla üzləşir. Bir qisim isə sadəcə, özü iqtisadi cəhətdən ayaq üstə durmaq, övladını təhsilli, daha yaxşı mühitdə böyütmək istəyir, mühitlər onu sıxır. Bəzi hallarda isə azad yaşamaq istəyir. Bəzən ”azad yaşamaq" sözünü düzgün qəbul etmirlər. Azad yaşamaq dedikdə, qadın istəyir ki, özü bütün problemlərin öhdəsindən gəlsin. Əlbəttə ki, qadının öz uşaqlarını qoyub, qaçması çox pisdir və ağrılı məsələdir. Çünki burada məsuliyyətsizlik önə çıxır. Uşağı dünyaya gətirən valideynin onun məsuliyyətini çəkmək öhdəliyi var. Onun uşağa yaşatdığı travma heç də bağışlanan deyil. Ən azından uşaqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma əksər hallarda müşahidə edirik ki, ana hara gedəcəyini bilmədiyindən uşağı evdə qoyub çıxır, təxminən əmindir ki, əri uşaqları atıb getməz və yaxud qohumları uşaqlara sahib çıxacaq. Bizim sığınacağa da uşaqlarını evdə qoyub, gələn qadınlar olub. Bunun səbəbini soruşanda, qadın bildirib ki, “bilmirdim hara gedirdim, bilmirdim ki, kimdənsə dəstək ala biləcəyəmmi?”. Yəni bu cür hadisələr olub. Ona görə də uşağını qoyub gedən qadınları həmən qınamaq doğru deyil. Yəni uşağın müdafiəsinə və onunla bağlı narahatlığa görə bu addımı atanlar var. Lakin digər faktlar da var.

Məsələn, sevgilisinə qoşulub qaçan qadınlar var. Onlar düşünür ki, yeni sevgi yaşayır. Burada məsuliyyət hissi az olur. Düşünürəm, burada mərkəz xidmət paketlərinin təqdim edilməsi və bu barədə məlumatlılığın artırılması çox vacib məsələlərdən biridir. Hüquq-mühafizə orqanları müraciət edib vaxtında istiqamətləndirməyibsə, demək, hüquq-mühafizə orqanlarına istiqamətləndirmək üzrə məlumatları vermək lazımdır ki, onları hara göndərmək olar ki, çıxılmaz vəziyyətdə qalmasınlar. Bəzən stereotiplər bu dəstəyin alınmasına maneçilik törədir və təbii ki, zorakılıq halları da olur. Beləliklə, evli qadınların başqa kişiyə qoşulub qaçmasına erkən və yaxud məcburi nikah, həmçinin davranış dəyişikliyi və yaxud özünü dərk etmə problemi, məsuliyyətsizlik faktları səbəb ola bilər. Burada bir məsələ də var ki, qarşı tərəf də düşünməlidir ki, bu insan ailəsini qoyub gedir. Yəni hər ikisi öhdəlik daşıyır. Qarşı tərəf daha çox məsuliyyət daşıyır ki, bir başqasının ailəsinə, onun uşaqlarına nə qədər travma yaşadır. Dəfələrlə şahidi olmuşuq ki, həmin kişilər sonradan o qadınlara sahib çıxmırlar. Qadınlar isə sonradan çox çıxılmaz vəziyyətə düşürlər. Bu cür qadınları cəmiyyətdə əxlaqsız adlandırırlar. Amma onlar daha çox aldananlar, başqalarının məsuliyyətini daşmayanlar, emosialarla idarə olunanlar, təcrübəsiz insanlardır. Həmçinin təhsilsizlik də bu məsələyə öz təsirini göstərir".


Tarix: 24-10-2019, 09:57
Xəbəri paylaş





Xəbər lenti