Kərəm Həsənovun qırılan qələmi...

 Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdiriləndən sonra Kərəm Həsənov da komitə sədri kimi vəzifəsini itirdi. 
Yenisabah.az onun karyera yüksəlişi ilə bağlı yadda qalan məqamları təqdim edir.
Kərəm Həsənovun adı 2005-ci ildən başlayaraq vaxtaşırı mətbuatda çəkilməyə başlayıb. 2005-ci ilin sentyabrında ölkə başçısının sərəncamı ilə onun rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi adı altinda müstəqil quruma çevrildi.
2005-ci ilin oktyabrında isə Kərəm Həsənovun karyera yüksəlişində böyük əməyi olmuş iqtisadi inkişaf naziri Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edildi. Bundan sonra media Fərhad Əliyevin həbsində Kərəm Həsənovun müstəsna xidmətləri barədə yazmağa başladı. Həmin materiallarda iddia olunurdu ki, Fərhad Əliyevin “vurulmasında”  Kərəm Həsənovun sabiq nazirin rəqiblərinə ötürdüyü məlumatların mühüm rolu olub. Kərəm Həsənovun Fərhad Əliyevə qarşı ifadə verdiyi də iddia olunurdu.
Fərhad Əliyevin həbsindən sonra Kərəm Həsənovun o zaman Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışan indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun patronajlığını qəbul etdiyi barədə mülahizələr səsləndirilməyə başlandı. Bu mülahizələr Fərhad Əliyevlə Kəmaləddin Heydərov arasındakı ziddiyyətlər barədə yayılan məlumatların təhlili nəticəsində irəli sürülürdü. Sonradan bu mülahizələr ictimai rəydə fakt kimi yerini tutdu.  
2010-cu ildən isə Kərəm Həsənovun adı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamı kimi çəkilməyə başladı.  Həmin dövrdə Kərəm Həsənovun iqtisadi gücünün artması, qardaşı Malik Həsənovun deputat seçilməsi onun daha güclü himayədarının olduğunu göstərirdi.
2015-ci ildə “MTN işi” zamanı isə Kərəm Həsənovun Eldar Mahmudova xidmətləri üzə çıxdı. Hakimiyyətdəki yüksək rütbəli məmurların və sahibkarların əmlakları barədə məlumatların əmlak komitəsindən sızdırıldığı iddia edilirdi. “MTN işi” ilə bağlı məhkəmə proseslərində isə bəlli oldu ki, dəstənin hədəfinə gələn sahibkarların əmlakları əllərindən alınarkən əmlak komitəsi sənədləşmə işlərini ildırım surətilə həyata keçirib. Hətta bəzən iş vaxtının bitməsi belə nəzərə alınmayıb.
Bəzi iddialara görə Kərəm Həsənov Eldar Mahmudovun  çətiri altında olarkən hakimiyyətdəki digər məmurlarla hesablaşmırmış. Hətta onun bəzi hallarda Eldar Mahmudovun dəstəyi ilə maraqları toqquşduğu məmurlara zərbə vurduğu da deyilirdi.
Bəlkə də bu səbəbdəndir ki, Eldar Mahmudov işdən çıxarılandan sonra Kərəm Həsənov “patronsuz” qaldı və karyerasının sonu çatdı.
Siam.az
Tarix: 24-10-2019, 12:42
Xəbəri paylaş





Xəbər lenti