"Rəis oğruları deyil, məni günahkar çıxardı..."

    "Başa düşdüm ki, iş necə danışılbsa cənab polislər cinayəti açmaqda maraqlı görünmürlər"
Qobustan rayonun Təklə-Mirzəbala kənd sakini Ağayev Akif daxili işlər naziri Vİlayət Eyvazova Qobustan rayon polisinin passivliyindən şikayət edib. Criminal.az saytına da daxil olan şikayətdə deyilir:
"Təklə-Mirzəbala kəndində 5 sot torpaqda tikdiyim evdə ailə üzvüm olan kiçik oğlum Sadiq Ağayev həyat yoldaşı ilə yaşayır. Sadiq qonşu Çuxanlı kəndindəki kafedə və yanındakı avtoyuma məntəqəsində işləyir. Mən isə ailəmi dolandırmaq üçün mövsümlə əlaqədar Sabirabad rayonu ərazisində çobanlıq edirəm. Bu il sentyabrın 9-da oğlum Sadiq yaşadığı evdə oğurluq hadisəsi baş verib, evdən 634 manat pul, 1 ədəd mis su səhəngi, 4 ədəd xalça oğurlanıb. Hadisə barəsində oğlum polisə şikayət verib, sentyabrın 17-də də 102 xidmətinə zəng edib polisin işə soyuq yanaşmasından şikayət edib. Bu arada şübhəli şəxs kimi polis Nurlan Dəmirovdan və Ariz Hüseynovdan izahat alıb. Qalan əsas cinayəti törətməkdə şübhəli bildiyimiz Müslümov Aydın Müseyib oğlu isə hələ ki polisə gətirmirlər. Lakin Nurlanın anası və atası bizə gəlib xahiş etdilər ki, nəyiniz oğurlanıbsa hamısını biz ödəyərik, təki gedib şikayətinizi polisdən götürəsiniz. Onlar bizdən həm polis şöbəsində, həm də evimizə gəlib yerli bələdiyyə sədri Natiq Babayevin yanında xahiş etdilər. Həm də qeyd etdilər ki, oğulları hadisə vaxtı evdə yox, çöldə olubdur. Eləcə də Arizin atası Hüseynov Pənah da bizə gəlib əvvəlcə şikayəti geri götürməyi xahiş etdi. Biz cavab verdik ki, işi polis araşdırır. Artıq məsələyə polis baxır. Həmin gecə Arizin atası yenidən evimizə gəlib bizə hədə-qorxu gəldi ki, hadisəni özünüz törətmisiniz. Sizi həbs etdirəcəm". 

Şikayətçi daha sonra yazır ki, Arizin atası Pənah narkotikə görə əvvəl həbs olunub, oğlu Ariz də 1 il 6 ay müddətinə cinayət məsuliyyətinə cəlb oluub: "Çox təəssüflər olsun ki, mənim son 25 gün əvvəl verdiyim şikayətən sonra 2 gün əvvəl Qobustan rayon polis Şöbəsinə getdim. Polsi rəisi məni qəbul etməkdən imtina etdi. Cinayət axtarışları şöbəsi rəisi də məni qəbul etsə də oğruları deyil məni günahkar çıxardı. Başa düşdüm ki, iş necə danışıbsa cənab polislər cinayəti açmaqda maraqlı görünmürlər. Baxmayaraq ki, oğrulardan birinin Nurlanın atası da, anası da evimizə gəlib övladlarının yarıtmaz işini etiraf edib və dəymiş zərəri ödəməyə hazır olduqlarını bildiriblər. Hadisələrin gedişi də, məntiq də təsdiq edir ki, oğrular məhz oğlumun yanında olmuş və onunla taksidə evinə kimi gəlmiş şəxslər tərəfindən törədilib. Yəni bu cinayəti açmaq üçün 7-ci sinif şagirdi olmaq məncə kifayət edərdi. Odur ki, cənab Prezidentdən və onun etimad edib yenicə daxili işlər naziri təyin etdiyi cənab Vilayət Eyvazovdan bir daha xahiş edirəm ki, kəndimizdə evlrdə baş vermiş silsilə oğurluq faktlarını, eləcə də mənim evimdən oğurlanmış pul və əşyaları tapmaq iqtidarında olmayan polislərdən alıb, Abşeron və ya Şamaxı rayon polis işçilərinə həvalə edəsiniz və şəxsi nəzarət altında saxlayasınız".



Tarix: 29-10-2019, 09:14
Xəbəri paylaş





Xəbər lenti