“Gələnə çəpik, gedənə təpik” ənənəsinin davamı


Ağlım söz kəsəndən (yəni 4-5 yaşımdan) eşidirəm, kimsə böyük vəzifəyə təyinat alanda onu mütləq tərifləyirlər.  Yarım əsrlik müşahidələrim onu deməyə əsas verir ki, bu yüzdə 50 halda yaltaqlıq-filan deyil, başqa şeydir. Onu sonra izah edərəm.

Ancaq məsələn, bizim kəndin vəzifədə (kolxoz sədri, məktəb direktoru, sovet sədri, partkom, idarə müdiri) işləyib-çıxmış, hər gün abunə olduqları qəzeti “Bütün ölkələrin proletarları, birləşin” şüarından ta “qəzet ofset üsulu ilə çap olunur” qeydinə qədər sətir-sətir oxuyan ağsaqqalları dükanın qabağında, bağdakı çinarların kölgəsində oturub Abşeronun ikinci katibinin Xaçmaza birinci katib vəzifəsinə göndərilməsinə qiymət verməsində, yeni kadrı “çox salidni, stroqu adamdır”, “qənimət kadrdır”, deyə tərifləməsində hansı yaltaqlıq ola bilərdi? Xaçmazla bizim rayonun arasında 500 kilometrdən artıq məsafə vardı və nə bizim ağsaqqalların həmin raykoma işi düşəcəkdi, nə də o raykom dünya üzərində Aşağı Seydiəhmədli adlı bir kənd olduğunu və oradakı ağsaqqalların onun şəxsinə yüksək qiymət verdiklərini biləcəkdi.

Özü də bu daima təkrar olunurdu. Vəzifədən çıxarılanların hamısı “yaramaz kadr” olurdu, vəzifəyə gələnlər isə bir qayda olaraq “ümidverici, işləyən, çestni, prinsipial” idilər və iki gün öncə duhazar edilərək vəzifədən qovulanın tayı deyildilər. Bəzən lap lakonik qiymət verirdilər: “Bu, başqa kişidir”. Ağsaqqallardan eləsi olurdu ki, həmin kadrı çoxdan tanıdığını deyirdi, nə vaxtsa hansı qohumuylasa hansı idarədəsə birlikdə işləyiblər, elə vaxtdan da görünürmüş ki, bu, perspektivli gəncdir.

Buna el arasında “gələnə çəpik, gedənə təpik siyasəti” də deyirdilər, amma yenə də deyirəm ki, bizim camaatın yüksək vəzifələrə təyin edilən adamlardan heç bir işləri aşmırdı və məqsədləri həmin adama yaltaqlıq etmək deyildi.

Uzun illərdən sonra bunun əslində nə olduğunu, bu müsbət rəylərin, yüksək qiymətlərin haradan qaynaqlandığını anlayıram.

Bunun adı ümiddir, etimaddır, inamdır.

İnsanlar öz içlərində yüksək vəzifəyə təyin olunan şəxsin prinsipial, mədəni, xeyirxah, təmiz, eyni zamanda “stroqu” (yəni ciddi) adam olmasını umurlar, gözləntiləri bundan ibarət olur. Ona görə də hamı arzusunu dilə gətirir, yenicə ağ səhifə açmış kadrın onu əyri-üyrü xətlə cızıq-cızıq etməsini, qaralamasını istəmirlər.

Hərçənd vəzifəyə gələndə olduqca mədəni biri deyilən adamın sonradan söyüşcülün biri olduğunu öz gözümlə görmüşəm. Təyinatla Dəvəçi (indiki Şabran) rayonunda işləyirdim, partiya-sovet və təsərrüfat fəallarının toplantısıydı. Vəzifəyə yeni təyin edilmiş “mədəni raykom” iclasın gedişində nə təhər əsəbiləşdisə, sovxoz direktorlarının birinə belə dedi: “Bilirsən də, atalar deyib ki, neyniyənin qabağına neynəməsən, deyər, filan yeri yoxdu”. Camaat suya-buza döndü, amma heç kəs mıkk eləməd. Sadəcə, hamı anladı ki, adına “mədəni adam” deyilən şəxs sələfinin tayıdır, ondan artıq deyil və ondan əskik olmayacaq.

İndi baxıram ki, sosial mediada yüzlərlə istifadəçi yüksək vəzifələrə yeni təyin olunan şəxslərlə bağlı xoş sözlər yazırlar. O xoş sözlərin içində bir xeyli məqsədli yaltaqlıq edənlər də var, söz yox. Bunsuz iş aşmaz. Yaltaqlıq camaatımızın önəmli milli xüsusiyyətlərindən biridir. Dünya durduqca da olacaq. Amma bir xeyli adam da var ki, heç bir məkri niyyətləri, şəxsi umacaqları yoxdur, sadəcə, istəyirlər ki, bu gələn adam gedən yaramazın tayı olmasın, adam oğlu olsun, adam balası kimi işləsin, xalqı talamasın, büdcəni dağıtmasın, camaata yaxşı baxsın və sair.

Bunun nəyi pisdir? Lap əla arzulardır, gözəl etimaddır. Bundan beləsi vəzifəyə gələn adamdan asılıdır. O xalqın etimadını doğruldacaqsa, vəzifədən gedəndən sonra mütləq haqqnda “yaxşı kişiydi, qənimət adamıydı” deyəcəklər. Az-az olsa da, belələri olub. Məsələn, mən Gəncədə oxuyanda bu şəhərin rəhbəri olmuş Həsən Həsənov haqqında elə deyirdilər. Hamı deyirdi, “kərpic Həsən” yaxşı işləyirdi, ona görə də povışeniyaya getdi.

Hə, bir də 30 il bundan qabaq mitinqlərdə “Vernite Muslumzade” şüarları görmüşdüm, Sumqayıtın rəhbəri olmuş, Sumqayıt hadisələrinə görə “vurulmuş” Cahangir Müslümzadəni nəzərdə tuturdular. Gün gəldi, Müslümzadəni qaytardılar, deputat seçdirdilər, o da parlamentdəki ilk çıxışında kiməsə “xoruz” dedi, qanqaraçılıq oldu.

Tarix: 4-11-2019, 15:39
Xəbəri paylaş





Xəbər lenti