Milli Məclisin deputatı Oqtay Gülalıyevə baş çəkib


Aydın Mirzəzadə: “Müalicə tamamilə dövlətin hesabınadır”

Oktyabrın 29-da yolu keçərkən avtomobil vuran hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağır olaraq qalır. YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə hüquq müdafiəçisinin müalicə olunduğu Neyrocərrahiyyə Xəstəxanasında olub, onun səhhəti ilə maraqlanıb.

Bununla bağlı “Yeni Müsavat”a onun özü məlumat verib.

Deputat bunları deyib: “Oqtay Gülalıyevin səhhəti ilə maraqlandım. Bununla əlaqədar onun müalicə aldığı xəstəxanaya getdim. Ailə üzvlərindən kimsəni görmədim. Onlar gündə bir dəfə gəlirlər. Onlara icazə verirlər ki, gedib baş çəksinlər. Müxalifətçilərdən də kimsəni görmədim. Ola bilər ki, kimlərsə gəlmişdi. Sadəcə tanıdıqlarımdan kimsəni görmədim.

Reanimasiyaya icazəsiz girmək olmaz. Aşağıda müxalifətçilərdən kimsəyə rast gəlmədim. Qəlbimdən keçdi ki, gedim o insana baş çəkim. Ona boru vasitəsilə yemək verilir. Müalicə tamamilə dövlətin hesabınadır. Nə lazımdırsa, hamısı edilir. Bu ziyarət öz təşəbbüsümlə baş tutdu. Mən YAP-da şöbə müdiriyəm. Zamanında müsavatçı İkram İsrafilin oğlunun toyuna getmişəm. O zaman aləm bir-birinə dəymişdi. Müxalifətçilər onun üzərinə getmişdilər. Burada nə var axı? Belə məsələlərə normal baxıram”.

Tarix: 4-11-2019, 15:40
Xəbəri paylaş





Xəbər lenti