“Gözəl dövlət idi, kef edirdik”


Əslində Çubays düz deyir, xeyli dərəcədə haqlıdır, doğrudan da eləydi. SSRİ-nin axır vaxtlarında real olaraq işləyənlər az idi.

Mümkün etirazları nəzərə alaraq söhbəti xırdalamağa çalışaq.

Məsələ beləydi ki, “müttəfiq respublikalar” adlandırılan müstəmləkələrdə camaat qul yerinə işlədilirdi, səhərdə axşama qədər tarlalardaydı. Bu, heç. Amma real olaraq nə biz 1 milyon ton pambıq istehsal edirdik, nə də özbəklər bizdən iki dəfə çox. Hər şey kağız üzərindəydi.

Çubays onu da düz deyir ki, hər axşam saat 10-da yayınlanan “Vremya” (“Zaman”) adlı xəbərlər buraxılışında göstərilən ölkəylə gerçəkdə olan ölkə başqaydı. Proqramda eyzən ət, süd, taxıl istehsalının kəllə-çarxda olduğunu göstərirdilər, amma ölkənin iri şəhərlərindəki mağazaların piştaxtaları bomboş idi. 

Yeri gəlmişkən, “Vremya”nın özü dolanışığı yolunu tapmşdı, hər axşam proqram başlayanda göstərilən iri saatin siferblatının içinə “Olivetti” brendinin reklamını qoyurdular, mənfur kapitalistləri söyə-söyə onlardan pul qazanırdılar. 

(Bu “Olivetti” nəmənə şey idi, tamaşaçıların çoxu bilmirdi, amma bilən adamlar deyirdilər ki, bu italyan firmasıdır, yazı makinası, kompüter buraxır). 

Gerçəkdən də sovet xalqı işləməyi sevmirdi. Kimin ağır fiziki işlərdə işləməmək imkanı vardısa, işləmirdi, əlinə bir diplom keçirib, asan, rahat iş tapır, ayda 120-150 rubl pulunu alır, öz işi ilə məşğul olurdu. Burada “öz işi” deyərkən gizli şəkildə cürbəcür materialların ticarətindən tutmuş ta öz şəxsi təsərrüfatında çalışmağa qədər hər şey var. Hər gün ölkə üzrə yüz minlərlə adam səhər işə gedir, tabelə qol çəkir, saat 11-də evinə qayıdırdı. 

Mən çalışdığım təsərrüfatlardan danışıram. İdarə işçiləri az qala tarlada işləyən fəhlədən çox idi. 7-8 aqronom, bir o qədər mühasib, onun yarısı qədər iqtisadçı, kadrlar şöbəsinin işçiləri və digər vəzifə tutan adamlar əllərini ağdan-qaraya vurmurdular. Yazıq fəhlələr işləyirdi (əslində onlar da yol verirdi, özlərini həlak etmirdilər), bu müftə yeyənlər isə duru yerindən məvacib alırdılar. Bir dəfə hündür səslə hamının yannda dedim ki, bu ədalətsizlikdir, 40-50 adam burada havayı maaş alır. Onlar bir-birinə baxdılar, əvvəlcə heç birindən səs çıxmadı, sonra dedilər, sən cəbhəçisən… Hərçənd o sözü cəbhəçi yox, faşist də desə, həqiqət bundan ibarət idi. 

Başqa sahələrdə də eləydi. Məsələn, şair dostumuz Vahid Əlifoğlu (müəllifimiz Zamin Hacının əmisi) tikinti trestinin idarələrindən birində mühəndis işləyirdi. O, danışırdı ki, idarədəki mühəndislərin, mühasib və iqtisadçıların hərəsinin bir kubiki var, işə gəlirlər, tabelə qol çəkirlər, sonra həyətə çıxır, həmin kubiki ağacın kölgəsinə aparır, oturur, söhbət edir, domino oynayırlar, arada nahar edirlər, gəlib görürlər ki, kölgə yerini dəyişib, təzədən həmin kubiki götürüb kölgə düşən yerə daşıyırlar, oturub domino oynayır, lağlağı edirlər, saat 4-5 olur, dağılışıb gedirlər. Yayda bu cür işləyirmişlər, qışda isə yaxınlıqdakı çayxanalarda…

Elə çıxmasın ki, bu cür işləyənlər təkcə bizim müstəmləkədə olub. Xeyr. Moskvanın özündə də beləymiş. 1985-ci ildə hakimiyyətə gələn Qorbaçov sənaye şəhərlərinə səfər edərkən öncədən xəbər vermədən adlı-sanlı sənaye müəssisinə baş çəkib, görüb ki, səhər saat 10-11 radələri olsa da, qarovulçudan tutmuş baş direktora qədər zavodda ayıq adam yoxdur, hamısı kütləvi şəkildə sərxoşdur və nahar fasiləsini gözləyirlər ki, içməyə davam etsinlər. 

Alkoqolizmə qarşı mübarizə kampaniyası məhz buna görə start götürmüşdü. Qorbaçov elə bilirdi ki, mujikin butulkasını əlindən alandan sonra əlacı kəsiləcək, gedib işləyəcək. Amma elə olmadı, mujiklər hökumətə asi oldu, yenidənqurmada aktiv iştirak eləmədilər. Ermənilər də latışların, estonların, litovların başını pozdu, biz də özümüzü qorumaq üçün ayağa qalxdıq, SSRİ dağıldı. 

Bu baxımdan Çubays çox haqlıdır. Kasıbçılıq olmasaydı, hərə bir tərəfə dartmasaydı, olan-qalanı da dağıtmasaydılar, o boyda imperiya dağılmazdı. 

İndi hərdən köhnə əyyamların xiffətini edənlərin ritorikasına fikir verin, görün, nə deyirlər: “Yaxşı vaxtlar idi. Kef eləyirdik, Soçidən vurub Yaltadan çıxırdıq. İki aydan bir Moskvada, Kiyevdə, Leninqradda kefə baxırdıq” və s. Heç görmüsünüz deyələr ki, elə işləyirdik, belə qurub-yaradırdıq? Yox. Hamı kef edirmiş. Mütləq belə bir fikir də olur: “Pul da vardı. Xəzəl kimi. Götürüb gedirdk e”. 

Bəs o “xəzəl kimi pul” hardan idi? Haradan olacaq? İdarə və müəssisələrə ayrılan vəsaitin mənimsənilməsindən, inventarların, materialların dəyər-dəyməzinə satılmasından. Ona görə də bir dəyirmanı 10 il tikib başa gətirə bilmirdilər. 

Konkret misal: 1988-ci Dəvəçi (İndiki Şabran) rayonunda işləyəndə mərkəzi küçə ilə gedirdim, birdən yanımdan keçən avtobusdan kimsə “salam, əmoğlu” deyə səsləndi. Avtobus 30-40 metr irəlidə dayandı, içindən Sənan adlı əmoğlu düşdü. Ay Sənan, sən hara, bura hara, xeyirdirmi? Sənan dedi ki, onları Füzulidən Dəvəçiyə göndəriblər ki, 7 ildir tikintisi başa çatmayan dəyirmanı tikib təhvil versinlər. 

Amma heç Sənangilin idarəsi də o dəyirmanı tikib başa çatdıra bilmədi. Çünki tikintiyə üçüncü dəfə ayrılan büdcə də yeyilmişdi. 

Siz də deyirsiniz, hayıf, gözəl dövlət idi…

Tarix: 10-11-2019, 16:25
Xəbəri paylaş





Xəbər lenti