Cənnətdən qovulmuşlar


“Almanlar tamamilə unudublar ki, ”dövlət" deyil, tərbiyə və təhsil məqsəd olmalıdır"

(Fridrix Nitşe, “Bütlərin qürubu və ya çəkiclə düşünənlər” əsərindən)

Azərbaycanlıların Almaniyada qanunsuz miqrasiya ilə, saxta sənəd qayırmaqla məşğul olması temasında yazmağı heç istəmirəm, çünki mən Almaniyanın daxili işlərinə qarışmıram. Eyni zamanda, bu almanlar 41-45-də bir dəfə gəlmişdilər, gördük da bə. Çox mənasız hakimiyyət idi. Camaat gecələr Stalinqrad küçələrinə çıxa bilmirdi. Leninqradda bir dənə müasir işıq dirəkləri qalmamışdı. Hələ Smolensk-Moskva yolunun təmir olunmadığını demirəm. İndinin özündə Almaniya dağılır - bu haqda bizə AzTV dəfələrlə məlumat veribdir. Bəs sənin ağlın varsa, nə üçün 3-5 min avro xərc çəkib, saxta müxalifətçi sənədi qayırıb Almaniyaya qaçırsan? Cənnət vətəni qoyub cəhənnəmin dibinə gedərsən, orda da səni türməyə basarlar. Gəl otur Bakıda, azadlıqdan zövq al. Mən bunu qoltuğumun altından çıxardıb yazmıram, real həyat faktlarıdır. Şair Süleyman Rüstəmin yazdığı kimi: “Cənnət görmək istəyən, Azərbaycana gəlsin”. Özü də bu, tək dünənin cənnəti deyildir, təzəlikcə Qobustan türməsində saxlanılan erməni əsir Aşot müəllim açıqlamışdı, deyir, elə bilirəm cənnətdəyəm. Yemək-içmək, televizor, dövlət təminatı, qocalanda pensiyaya çıxacaq, günü bu gün arzu eləsə məsafədən təhsil konsepsiyamıza uyğun olaraq Narxozun ən blatnoy fakültəsinə qəbul olunar. Ərizə yazsa, ASAN xidmət vasitəsiylə, “bir barmaqlıq, iki qandal, üç zopa, dörd manat pul” sistemiylə YAP-a üzv olar. Bayrağımızı düzəldib kameradan asıb. Videodan da yaxşı yaşadığı görünürdü, toppuş oğlandır.

Məncə, dövlətimiz Almaniyada hüquqları pozulan, dara düşmüş vətəndaşlarımıza diqqət göstərsin. Hətta yaxşı olar Göygöl-Gəncə zonasında 19-cu əsrdən qalma hansısa almanın nəslini tapıb əsir götürək, onları mühacir əsirlərimizlə dəyişək. Müxalifətçi olanda nə olar, hamısı bizim xalqın oğludur, həmçinin dövlət təminatı xalqımızın bütün sferalarını əhatə edir. Xarici İşlər Nazirliyi, şəxsən Elmar müəllim hələ də Almaniyaya kiçik bir nota verməyibdir. Sən canın, bu söhbətdirmi bizim xalqın oğullarını saxta sənəd düzəltməkdə ittiham edəsən? Biz hara, saxtakarlıq hara... İndi yadıma düşdü, 5-6 il qabaq elə həmin bu Almaniyada böyük mafiya tutmuşdular, dəstə üzvləri yerli dəmiryolunun biletlərinin saxtasını düzəldib camaata satırmış. Ortada dövlət dəymiş neçə milyon avrosa ziyan vardı. Mafiyanın başçısı isə azərbaycanlı idi! Bir cavan oğlandı, adı yadımdan çıxıb, gərək saxlayardım. Fəxrimizdir. Heykəlini qoyub, adına medal kəsiləsi igidlərimizdəndir. Çünki bu gəncin hərəkətindən sonra Almaniyanın müstəntiqləri dəmiryolu biletlərində araşdırma aparıb çoxlu boşluqlar tapmışdılar. Sən demə, həmin texniki boşluqlar olmasa saxta bilet düzəltmək olmazdı. Nəticədə hökumət bilet hazırlama üzrə standartları dəyişdi. Yəni, azərbaycanlı almanın standartını tənzimlədi! O alman ki bütün dünyada yüksək standartlı məhsulu ilə tanınır, biz onun xarab yerlərini tapmışdıq. Bundan böyük uğur, bundan böyük ağıl olarmı? Nə qədər xarab maşınlarını gətirib düzəldib sürürük.

Orda bir balaca şəhərdə də yaxşı ad qazanmışdıq. Qanuna görə əgər adamı küçədə it dişləsə, şəhər meriyası babat kompensasiya ödəməlidir, çünki itin buruntaqsız küçəyə çıxarılmasına lazımi nəzarət edə bilməyibdir. İlin sonunda merin müsahibi baxır ki, ey dadi-bidad, nəsə bu it dişləməyindən ziyan çəkənlər və ödəniş alanlar içində azərbaycanlı mühacir yoldaşlar çoxdur. Şübhələnirlər, gizli yoxlama aparırlar. Görürlər hansısa alman qadın iti ilə küçədə gedərkən arxadan bir nəfər gəlir, iti dümsükləməyə başlayır, ta it buna ağız atana qədər. Ondan sonra qardaşımız dünən ölmüşəm, bildir ölmüşəm, vay anam, qərib canım, zalım elə bildi dustaqdı Müsavat, müstəqilliyimiz əbədidir və sairə hayqırıb, türkün məsəli, qılçını tutub uzanır yerə. Bir-iki dərman, yaxşı kompensasiya, get yaşa. Axırda şəhər meriyası məcbur olur qanuna düzəliş eləsin və ora belə maddə yazsın: azərbaycanlıları it dişləyəndə kompensasiya ödənilməsin. Nemesdi də. Buna nə deyəsən? Qansız adamlardır. Ancaq hər halda şöhrətimiz yayılır.

Yaxşı olar biz növbəti illərdə Ərəbistana mühacirət edək. Müsəlman qardaşlarımızdır, qədrimizi bilərlər. Əfqanıstan, Banqladeş, İndoneziya, Nigeriya, Yəmən, İran, İraq da yaxşı yerlərdir. Ən məsləhətlisi Suriyadır. Ordan cənnətə lap qısa yol vardır.

Zamin HACI
Tarix: 16-11-2019, 10:10
Xəbəri paylaş





Xəbər lenti