40-dan çox ailə hökumətdən qərar gözləyir: “Nazirlər Kabineti nə vaxt qərar qəbul etsə, problem həll olunacaq” - İCRA HAKİMİYYƏTİ


40-dan çox ailə hökumətdən qərar gözləyir: “Nazirlər Kabineti nə vaxt qərar qəbul etsə, problem həll olunacaq” - İCRA HAKİMİYYƏTİ 

Noyabrın 19-da Zığ qəsəbəsində sürüşmə ərazisində yaşayan sakinlər Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirib. 

Sakinlərin sözlərinə görə, həmin ərazidə yaşayan 40 ailənin həyatı təhlükə altındadır. Belə ki, sürüşmə 2010-cu ildə başlayıb. Yoxlama nəticəsində Fövqəladə Hallar Nazirliyi evlərin qəzalı vəziyyətdə olması ilə bağlı rəy verib. Aksiyadan bir gün əvvəl sürüşmə təkrarlanıb. Sakinlər onlara kompensasiyanın verilməməsindən narazılıq ediblər. Həmçinin icra başçısının onlara kömək etmədiyini də vurğulayıblar.  Nazirlər Kabinetində bir qrup şikayətçi qəbul edilib və bildirilib ki, məsələ ilə bağlı icra hakimiyyətinə müraciət etsinlər. Eyni zamanda, problemin həlli üçün Maliyyə Nazirliyinin qarşısında məsələnin qaldırılacağı vədi verilib. 

Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, 2010-cu ildə sürüşmə ilə bağlı müraciət edən 59 ailəyə ötən il ev verilib:

“Bu məsələ Rayon İcra Hakimiyyətinin diqqətində olan məsələdir. Yəni dünənin məsələsi deyil, bir neçə ildir ki, bunun ətrafında danışıqlar gedir. Orada 100-dən çox qəzalı vəziyyətdə olan ev var. Onların bir qismi-59 ev ilk mərhələdə, yəni 2010-cu ildə olmuşdu. Onlarla bağlı Nazirlər Kabinetinə müraciət olundu və Nazirlər Kabinetinin qərarı ilə onlar üçün torpaq sahəsi ayrıldı. Həmçinin maddi köməklik göstərildi və onlar həmin ərazidən köçürüldülər. Hətta qərarla bir dəfə beşmərtəbəli bina da köçürüldü, sakinlər üçün başqa bir bina tikildi. Köçürülmə 2018-ci ildə baş tutdu”. 

Həmsöhbətimiz vurğulayıb ki, qalan 40 vətəndaşın ev problemi Nazirlər Kabinetinin qərarı əsasında həll oluna bilər: 

“Digər sakinlərin evlərində isə sonrakı mərhələdə çatlar əmələ gəlib. Onlar sürüşmə ilə bağlı 2-3 il əvvəl müraciət ediblər. Vətəndaşların hamısı birdən-birə toplaşmayıb, hissə-hissə olub. Bizim hazırda ən ağrılı yerimiz onların probleminin həllidir. Bu problemin həlli üçün dəfələrlə müraciət olunub. Bütün məlumatlar hazırlanıb, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri evlərin qəzalı olması ilə bağlı rəy verib və bu siyah şəklində Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti nə vaxt qərar qəbul etsə, Maliyyə Nazirliyinnin vəsait ödəməsi ilə bağlı məsələ həll olunsa, həmin şəxslərin problemləri də  həll ediləcək. İcra başçısı da daimi olaraq yerlərə nəzarət edir, vətəndaşları dinləyir. Vətəndaşalar da mütəmadi olaraq bizə müraciət edirlər. Nazirlər Kabineti vətəndaşlara icra hakimiyyətinə müraciət etməli olduqlarını ona görə deyib ki, hər hansı informasiya olan zaman dərhal Suraxanı Rayon İcra Hakimiyyətinə məlumat veriləcək və biz də onları məlumatlandıracağıq. Bu proses uzun müddətdir ki, davam edir. Biz icraedici orqanıq. Məlumatı vermişik, vəziyyəti sənədlərlə təqdim etmişik”. 

Tarix: 20-11-2019, 20:52
Xəbəri paylaş





Xəbər lenti