Kərgədan məsələsi


“Həyatda elə dəlmə-deşiklər var ki, onların arasından Ölümün həzin musiqisi eşidilir”

(Rabindranat Taqor)

Deyir Sumatra adasındakı axırıncı gərgədan canını bizə tapşırıbdır, Əli İnsanov təzə “yeniazərbaycanpartiyası” yaradıbdır, Bolqarıstanın baş naziri isə Amerikaya səfərə gedibdir. Şəxsən məni ən çox düşündürən bolqar nazirin səfəridir. Görəsən onun Amerika səfəri Azərbaycanda tələbələrin yataqxana ilə təminatına, həmçinin Zirə qəsəbəsindəki istilikxanalara müsbət təsir edə bilərmi? Nazir Vaşinqtondan qayıdandan sonra hara gedəcəkdir? Əgər Yaponiyaya getsə, Beyləqanda taxıl səpini qrafiki necə olacaq? Birdən kefi istədi, Nigeriyaya getdi? Bunların hamısı bizi düşündürür.

Bir də deyir, Qarabağ danışıqları sıfır nöqtəsinə gəlibmiş. Hər il belə olur. Yanvarda danışıqların temperaturu qalxır 40 dərəcəyə. Bir sürü adam, həmsədrlər-zad çalışırlar problemə aspirin, nurofen içirtsinlər, arxasına şam qoysunlar, belini spirtlə ovuşdursunlar. Nəticədə ilin axırına danışıqlar təzədən düşür sıfıra. Əsas məsələ prosesdir, əlbəttə. “Proses maraqlıdır”, o sıfır nöqtəsini çoxdan keçmiş saqqallı lətifədə deyilən kimi. Hərçənd, Elmar Məmmədyarov nikbin danışıbdır, deyir masanın üstündə sənədlər var. O sənədləri cənab nazirin özündən başqa görən olmayıbdır. Bu da bir fokus üsuludur. Hər adam görməyən sənədlərdir. Sirkdə belə şeylər olur, dovşanı salır papağa, sonra quşa çevirir. Quşu uçurdur, tamaşaçıların ağzından şar çıxardır. Şarı iynə ilə deşir, vəssalam. Bununla problem həll olunur. Əsas odur şar deşiləndə zart-part səsinə hazır olasan, qulağını tıxayasan. Çox Ezop dilində oldu, heç özüm də başa düşmədim.

Gözəlliklərimiz artır, əsas olan həm də budur. Təzəlikcə bir şantajçı quldur dəstəsinin məhkəməsi gedirdi. Bunlar hansısa qadını həkimin kabinetinə diş qayırmaq (həm də) adıyla  salıblar, həkim qadına aşiq olub (mədəni yazıram), sonra “bizdə videon var” deyib həkimi yolmağa başlayıblar. Həkim də polisə üz tutub. İş araşdırılıb, məlum olub həkim əslində həkim deyil. Yəni, buna diş qayırmağa icazəni kim verib, məlum olmur. Şantaj edənlərin başçısı isə jurnalist imiş, lakin bunun da yazı-pozusu, qəzeti-zadı yoxdur, eləcə vəsiqəsi var. Mən oxucuları başa düşürəm - əgər söhbətin ardıyca getsək məhkəmənin hakiminin də hakim olmadığı bilinər. Ancaq niyə gedək? Çünki kimsə qıraqdan çıxar, isbat edər ki, nə məndən köşə yazarı olar, nə sizdən oxucu. Kefli İsgəndər demişkən, mən heç bir şeyəm, çöllərin otuyam, ağacların qurduyam, kolların kosuyam.

Üç tələbə qız Bakının mərkəzində, yataqxanada zəhərləndilər, biri öldü. O qədər gözəl-göyçək uşaqlardır, baxırsan, adamın ürəyi parçalanır. Elə bil yiyəsiz dərəyə düşüblər, qurdların əlində qalıblar. Onların yaşadığı yataqxananın bayırdan fotosunu vermişdilər, 1942-ci ildə Stalinqradda elə bina olmayıb. Ancaq bir nəfər də utanıb xəcalət çəkmir ki, 21-ci əsrdə bizim uşaqlarımız hansı murdar, zəhərli şəraitdə yaşamağa və oxumağa məcburdur. Neçə gün keçib, hələ də bilinmir onlar nədən zəhərlənibmiş. Sanki bu hərbi sirdir. Kim öyrənəcək? Savad varmı ekspertizaya? Bizdə xəstələri də “Allah saxlayır” - saxlayanda. Əks halda, yüngül xəsarət alan, intervü verən jurnalistlər, QHT rəhbərləri bir az sonra baxırsan komaya düşdülər, ayılmadılar. Belə hadisələrdə təcili yardım da başqa problemdir. Məktəbli öləndə lap hesab edək gec çağırıblar, bu tələbələrin yanına isə gecə gəlibmişlər. Guya baxıblar, tələbələr xəstəxanaya getmək istəməyib, bu “həkimlər” də çıxıb gedibdir. Zəhərlənmə dərəcəsini görməyiblərmi? Əcəb sistemdir. Guya yanvardan icbari tibbi sığortaya keçirdilər, indi onu da bölgə-bölgə başlamaq istəyirlər. Məlum məsələdir - sistemi qurmaqda çətinlik çəkirlər. Özləri də bilmirlər necə olacaq.

Sonda gərgədan temasına qayıdıram. Sumatra adasında ölən o heyvan xoşbəxt idi, çünki canını Bakı zooparkının toyuq hini  boyda qəfəsində də tapşıra bilərdi. Eyni zamanda, istərdim oxucular mənim bir problemimdən agah olsunlar. Mən bilmirəm “gərgədan” yazmaq düzdür, yoxsa “kərgədan”. Hələ “kərkədan” da var. Bunu düz yazmağı öyrənsəm, hər şey yaxşı olacaq.

Tarix: 26-11-2019, 08:21
Xəbəri paylaş





Xəbər lenti