Lağlağı epidemiyası

 

Öz təcrübəmdən bilirəm, satirik-yumoristik mətnlər ciddi yazılardan daha çox oxunur, daha çox sevilir. Həmişə belə olub. Axindovun, Mirzə Cəlilin, Haqverdiyevin əsərlərinin populyarlıq səviyyəsi ilə Çəmənzəminlininki, Əl bəy Hüseynzadəninki eyni deyil. Birincilər dillər əzbəridir, hər gün min dəfə təkrarlanır.

Görünür, sosial mediada aşıb-daşan lağlağıların, rişxənd dolu qeydlərin, ironik statusların, qeyri-ciddi şərhlərin qaynağı həmin məsələdir.

Açıqca görünür ki, hər kəsin içində bir Mirzə Cəlil var və o, ən müxtəlif situasiyalarda ortaya çıxır. Allaha şükür, hamının müasir satiriklərdən də xəbəri var, Jvanetskini, Xazanovu, Zadornovu, Cem Yılmazı da tanıyırlar və hər məsələyə onların gözüylə yanaşır, onların ağzıyla mövqe bildirirlər.

Nəticədə biz eyni zarafatları Feysbukda, Tviterdə gündə min dəfə oxumalı oluruq. Bir-iki dəfənin ziyanı yoxdur, oxuyursan, dodağın qaçır, bu zarafatı düşünənə ürəyində “barəkəllah, başı işləyir” deyirsən, amma həmin zarafat başqa səhifələrdə onuncu, yüzüncü, mininci dəfə qarşına çıxanda artıq iyrənc şəkil alır, gülməli olmur.

Nümunələr: “Seçki yoxdur, inanmıram, yalandı, abi”. Bunu ilk dəfə kimsə dilləri əzbəri olan ara mahnısının üç hərfini dəyişərək edib. Yüz dəfə təkrarlanıb, hamımız bilirik. Ancaq bunu mininci, iki min beş yüzüncü dəfə təkrarlamağa nə ehtiyac var?

“Nəsimiyə ağac əkdirdilər”. Son iki gündə minlərlə bu cür status yazılıb, şəkil paylaşılıb. “Rəzalət” adlandıranlar var. Guya ki, 602 il əvvəl rəhmətə getmiş şairi dirildib gətirib işgəncə veriblər. “Yazıq Nəsimi bilsəydi, başına bu iş gələcək...” deyə cümlə quranlar var. Qardaşlar (eləcə də bacılar), onlar aktyor idi, bizim kimi adamlardır, böyük şairimizin adıyla bağlı kampaniyada iştirak edib, tədbirə bədiilik qatıblar. Vəssalam. Niyə dramatikləşdirirsiniz? Yaxşı, bundan faciə düzəldirik, bəs niyə lağlağı edirik?

Həm də ağac əkmək, jarqonla desək, zapadlodur, nədir? Adi jurnalistdən tutmuş prezidentə qədər hamı ağac əkir. “Nəsimi” rolunu canlandıran aktyor ağac əkəndə nə olacaq ki?

Özünüz hər il Yezid-Şümr, imam Hüseyn-həzrət Abbas şəbehi görmüş, ələm uçurdanlara pul vermiş adamlarsınız, bilməlisiniz ki, həyatın içində belə şeylər də var. 20 Yanvar şəhidlərini anma mərasimlərində teatrlaşdırılmış səhnələr olmurmu? Bu da o tipdəndir.

“Nəsimi məzarında fırlanır indi” yazırlar. Niyə axı? Adam 600-650 il əvvəl yaşayıb, amma unudulmur, sözləri dillər əzbəridir, xatirəsi anılır, adına rayon, küçə, park var, abidəsi qoyulub, filmi çəkilib, barəsində roman, poema yazılıb, indi bir gənc aktyor “Nəsimi” paltarı geyinəndə onun ruhuna həqarət olur?

Qayıdaq seçkiyə. Dünənə qədər deputatların ağzını güdənlər, bir ehtiyatsız söz deyən kimi onları hoydu-hoyduya götürənlər, “adamın imkanı ola, bu deputatların 125-nin də mandatını birdən əlindən ala” deyə yazanlar vardı. Budur, o deputatların mandatı topdan xətm olunub. İndi də yazırıq: “Deputat olmaq istəyənləri görəndə adam deyir ki, köhnələr qayıtsın”; “Hardasan, ay Arif Rəhimzadə, ay Hadı Rəcəbli, sizi verənə şükür”; “Deyəsən, hamı namizədliyini verib, bircə mən qalmışam”; “Yeni seçilən deputatlar köhnələri atasına rəhmət oxudacaq” və sair və ilaxır.

Hələ seçkiyə qatılanlarla seçkini boykot edənlərin arasında gedən rişxəndli söz atışmaları... 100 statusun birində ciddi söhbət, təhlil ola, olmaya. Seçkiylə bağlı ciddi yazılar yazan Azər Rəşidoğlunun “paradiqma” deməkdən dilində “diqma” bitib, amma “para”sı da yoxdur, qulaq asanı da. “Vanqa”nın milli davamçısı Kamil Həmidov seçiləcək adamlara dair bir elə proqnoz verir, yenə kostyumu və qalstuku olan dostlar kütləvi şəkildə deputatlığa namizəd olacaqlarını yazırlar. Qardaşlar, hələ bir Kamilin siyahısına düşün, sonra...

Ən mütəhərrik iddia şair Yafəs Türksəsə məxsusdur, o da namizədliyini irəli sürəcək. Soruşublar ki, hansı dairədən, deyib ki, hansı dairədə pullu və saxəvətli namizəd olacaq, o da o dairədən namizədliyini verəcək. Bilirsiniz, bu nə deməkdir?

Şair namizədliyini irəli sürüb, daha sonra imkanlı namizəddən 5-10 manat alıb namizədliyini onun xeyrinə geri götürənlərə sataşır. Bəli, ölkəmizdə belə bir biznes növü də var.

İndi demirəm ki, camaat zarafatlaşmasın, lağlağı eləməsin, olub-bitənlərə satirik prizmadan yanaşmasın. Haşa! Deyirəm ki, arada ciddi olaq. Lağlağı epidemiyasına yoluxmayaq.

Samir SARI
Tarix: 9-12-2019, 09:15
Xəbəri paylaş





Xəbər lenti