Kəlağayı əmanəti

 

“Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir,

Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam"

(şair burada yubileyində ağac əkilməsinə dəstək vermişdir)

Bakıda yanmamış axırıncı ticarət mərkəzi də yandı, daşlar yerinə oturdu. Yoxsa pis çıxırdı, nəsə fərqli mənzərə alınırdı. Necə ola bilər bütün yarmarkalar yansın, sən yanma? Şair bu temada necə deyibdir? Ay sağ olasan, bu cür söyləmişdir: “Sən yanmasan, mən yanmasam, necə çıxar məmurlar vəzifənin başına?” İndi şübhə eləmirəm ki, “Evrohom”dakı mağazaların heç birisinin sığortası olmayacaqdır. Hər dükanın yüz minlərlə borcu ortaya çıxacaqdır. Yarmarkanın ümumiyyətlə Qarabağ əlili Gülbala müəllimin qaçqın bacısı oğlu Ağabalanın vətən yolunda xaş yeyərkən boğazında dırnaq qalıb həlak olmuş yeznəsi Qarabalanın adına qeydiyyata alındığı bilinəcəkdir. Halbuki, dünənə qədər ora gedib çəkiliş eləsən bu yarmarkanı regionun lideri, iqtisadi inkişafımızın nümunəsi, nə bilim, Marsda ev tikməyə qadir bazar adlandırardılar. Bütün dükanların sığortası, yanğından mühafizə sənədləri, canım sənə desin, siçan-pişik idarəsindən arayışa qədər - yerində olacaqdı. Dünənə qədər. Yanğın başlayan anda bunlar hamısı kül olub gedir. Tüstü kimi havaya uçur.

O cümlədən, həmişəki kimi bizdə yanğın kefi istəyən qədər yanır, sonra sönür. İstəyirsən lap göydən raketlə yağış tök, xeyri yoxdur. Sanki yanğınların öz planları vardır. Lakin gəlin biz siyasətə qarışmayaq. Misal üçün, Nəsiminin ağac əkməyini müzakirə eləmək daha maraqlıdır. Son günlər mən ancaq bu temada oxuyuram. Millət çox narahat olmuşdur ki, nə üçün şairin yubileyində onun rolunu oynayan aktyor ağac əkibdir. Guya şairin dərisini təzədən soymalı imişlər. Ağac əkmək yaxşı işdir. Əkiblər, yemişik, əkirik, yesinlər, necə deyərlər. Hərçənd, indi əkilən ağacların meyvəsi yoxdur, ancaq kölgəsi olacaq, bu da bəsdir, sabah ərəb turistə beş manata satarsan. Əsas məsələ şairin botanik fəaliyyəti deyil, mən həmin gün xronikanı izlədim və ən çox ləzzət aldığım xəbər AZAL əməkdaşlarının ağac əkməsi idi. Biz yəqin ki, dünyada təyyarə sürənə ağac əkdirən ilk dövlət olaraq tarixə düşdük. Qüdrətli dövlət budur. İstəsək buludun üstündə meşə salarıq. Gələn Novruzda Topxanada armud ağacı əkəcəyik. İnşallah.

Meşələrin çoxalması vacibdir, bəlkə bir-birimizin üzünü ağacların arxasından az görərik. Valideynlərinin işgəncə verdiyi uşaqlar, zorla ərə verilən gəlinlər, çörək pulu tapmayan atalar və sairə uca millətimiz evdən baş götürüb meşəyə sığınar. İndiki halda bizim gizlənməyə yerimiz çox azdır. Hara baxırsan düzənlikdir, hamı bir-birini görür, bir-birinin həyatına burun soxur. Sözgəlişi, bu uşaq işgəncəsi temasında bir QHT sədrindən münasibət soruşmuşdular, bacı görün nə demişdir: “Mən inanmıram valideyn və ögey ana uşaqlara elə işgəncə versin. Bunu indiyəcən kimsə mütləq görərdi, xəbər verərdi”. Guya bizdə güclü vətəndaş cəmiyyəti varmış, sosiallıq yaranıbdır, başqa uşaqlara öz balamız kimi baxırıq, işgəncələrə dözümsüzük... Biz hər gün işgəncə və əzab görən adamlarla qarşılaşıb buna susarıq. Belə işlərdə birliyimiz yoxdur, ədaləti qorumaq, humanizm bizə yaddır. Ümumiyyətlə, bizdə hüquq müdafiəçisi, QHT nümayəndəsi adlanan insanlar əsasən boşboğazlardan, əqidəsiz, prinsipsiz tiplərdən ibarətdir. Yaxşı yadıma düşdü, bir ara bu gülməşəkər “sosioloq” “ekspertlərdən” biri küçədə qucaqlaşdığına görə bıçaqlanıb öldürülən gəncin əhvalatına belə axmaq şərh vermişdi: “Bizim mentalitetimiz var, qucaqlaşmaq istəyənlər bunu gizlində, evlərində də edə bilər”. Əlbəttə, axı bütün gənclərə ev verilib, bu sahədə ayrıca dövlət proqramı vardır... Transformatorda həlak olan sevgililər də Burundi sakinləriydi.

Hə, bir də deyir kəlağayını mini yubkalı qızın belinə bağlamaq əxlaqımıza, mənəviyyatımıza zidd imiş, hətta sən demə, kəlağayı bizdə dövlət atributudur - gerb, bayraq-filan kimi. Namus və qeyrət vətənə məhəbbət, xalqa sevgi, insanlara hörmət, ədalətə, həqiqətə, bərabərliyə qayğıdan ibarətdir. Amma deyir namus üstünə boya ilə şəkil çəkilmiş ipək parça imiş. Əxlaq da həmişə paça arasında olur, heç vaxt yuxarı qalxmır.

Barı çalışaq kəlağayı yanmasın.

Zamin Hacı
Tarix: 11-12-2019, 08:29
Xəbəri paylaş





Xəbər lenti