Oğlunun şəhidlik adını istəyən atanı eşidən yoxdur


“Mənə heçnə lazım deyil, oğluma böhtan atmasınlar”

Rzayev Xəyyam Pənah oğlu 2017-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Cəlilabad Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb. Naftalandakı N saylı hərbi hissədə istehkamçı kimi xidmətə başlayıb. 2018-ci ilin martında həlak olub. Şəhid kimi doğulduğu, boya başa çatdığı kənddə dəfn olunub. Amma sonradan atasına bildirilib ki, sizin oğlunuza şəhidlik statusu düşmür. İki ilə yaxındır ki, həlak olmuş əsgərin atası haqq axtarışındadır. Əməkdaşımızla paytaxtın parklarının birində rastlaşan Pənah Rzayev dərdlərini dilə gətirib: “Mən heçnə istəmirəm, sadəcə oğluma böhtan atmasınlar. Dedilər oğlun şəhid olub, gətirib dəfn etdilər. Mənə bayraq da verdilər. İki ay keçəndən sonra isə bildirdilər ki, öz başına qadağan olunmuş sahəyə girib, ona görə minaya düşüb. Oğlum istehkamçı , özü də 11 ayın əsgəri idi. Öz peşəsini də bilirdi, hətta hərbi xidməti başa vurduqdan sonra qalıb xidməti davam etdirmək istəyirdi. Onun qadağan olunmuş sahəyə girməsinə inana bilmirəm”.

Rzayev Pənah ilk olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Cəlilabad Rayon Şöbəsinə müraciət edib. Orada ona qaneedici heçnə deməyiblər. Daha sonra Müdafiə Nazirliyinə, Prezident Admistrasiyasına və digər qurumlara müraciət edib. Amma heç yerdən ona təsəlliverici cavab verilməyib. “Mən savadsız, köməksiz, öz əllərimin zəhməti ilə dolanan bir adamam. Elə boş vaxtım olanda bu işə aidiyyatı ola biləcək bütün orqanalra yazıram. Bilmirəm bəlkə, mən yazmağın yolunu bilmirəm ona görə mənə cavab verilmir. Bir də deyirəm, mənə heçnə lazım deyil, nə ev, na maşın, mənə öğlumun təmiz adı bəsdir”,- deyə Pənah Rzayev bildirib.


Oğul itkisinə tab gətirməyən ata xəstəliyə düçar olduğunu da deyib. Sonda prezident və vitse-prezidentə müraciətinin çatdırılmağını istəyib.
Məsələ ilə bağlı aidiyyatı qurumların mövqe bildirmək imkanı saxlanılır.

azadlıq.info

Tarix: 12-12-2019, 08:20
Xəbəri paylaş





Xəbər lenti