“İlin təqaüdçüsü” 81 yaşlı boz kardinal!



Rubrikamız üçün “ilin təqaüdçüsü” nominasiyasının qalibini seçməkdə də çox baş sındırası olmadıq. Hamımız yekdilliklə bu il 81 yaşın arxasını yerə vuran boz kardinalın adı üzərində dayandıq. Bilirsiniz, 24 ildən bəri Prezident administrasiyasının başında dayanan Ramiz Mehdiyevi, nəhayət, yerindən tərpətdilər. Çətin də olsa, hakimiyyət qocalarının böyüyünü baş qərargahdan uzaqlaşdırdılar. Belə baxanda, böyük uğurdur. İyirmi altı ildir sovet nomenklaturasından qalmış kadrlarla uğraşırıq. Sovet Azərbaycanındakı fəaliyyətlərini də nəzərə alsaq, ölkənin taleyi bunların əlində qocalıb. Yaş olub 80-85, yerlərindən qımıldanmaq istəmirlər. Özlərini rəsmən kreslo ilə göbəkkəsdi hesab edirlər. Vaxt vardı sovet mətbuatı Azərbaycanın uzunömürlüləri haqqında böyük-böyük yazılar yazırdı. Lerik ağsaqqallarının sorağı dünya ölkələrindən gəlirdi. İndi tamam fərqli bir siyasi sistemdə, kosmik sürətlə inkişaf edən texnologiyalar əsrində yaşayırıq. Dünyanın sivil ölkələrində yaşayan insanların orta ömür müddəti uzanıb, bizdə qısalıb. Bizdə uzunömürlülük rekordu keçib hakimiyyət komandasına. Vəzifə kreslosunda səksənin tortunu kəsməyincə, kimsə yerindən tərpənmək istəmir. Adamlar həm özlərinə işgəncə verirlər, həm də millətə. O anlamda, Ramiz müəllimin 81 yaşında təqaüdə göndərilməsini, yəqin ki, xeyir mələyi prezidentin sağ çiyninə savab olaraq yazacaq. İnsafən, akademiki layiqsiz, urvatsız şəkildə də yola salmadılar. Prezident onu şəxsən qəbul edib, “xidmətləriniz unudulmayacaq” dedi, könlünü aldı, qucaqlayıb üzündən öpdü, boynuna Heydər Əliyev ordeni də asıb hörmət-izzətlə evinə göndərdi. Xülasə, Əliyevlər cütlüyü bu minvalla hər işin içində olan və bir çox məsələlərdə onlara diktə edən əfsanəvi kardinaldan canlarını qurtardılar. Hələ bəlkə, bunu ikilikdə şampan şərabı partlatmaqla xüsusi qeyd də ediblər.

Belə görünür ki, Ramiz Mehdiyevi siyasi meydandan uzaqlaşdırdılar. Amma o, həyatımızdan asanlıqla çıxan biri deyil. Əfsanəvi akademik bundan sonrakı ömrünü ölkənin ən ali elm ocağı olan Milli Elmlər Akademiyasının prezidenti kimi başa vuracaq. Şübhəsiz, o bu ölkə üçün heç vaxt sıradan biri olmayıb və olmaq da istəmir. 81 yaşlı Mehdiyev onilliklər boyu ölkənin qara kağızlarına imza atmış adamdır. Sovetlərdən bəri ömrünün ən azı üçdə ikisi Azərbaycana tələ quranların xidmətində keçib. Bütün dövrlərdə onun Kremlin burdakı qeyri-rəsmi canişini olduğu fikri səslənib. Heydər Əliyevin zamanında da, ondan sonra da siyasət qazanının tam ortasında olub, bütün qərarlarda sözü keçib. İlham Əliyevin prezidentliyi dövründə də hakimiyyətin kilid adamı olub, ona yol göstərib, bütün qərarların verilməsində rol oynayıb. Əliyevlər düşünür ki, ölkəni qərbə inteqrasiya yolundan, demokratiyadan uzaqlaşdırmaq üçün əlindən gələni edib. Azərbaycanın indiki totalitar idarəetmə sistemi də, 70-80% onun zəhmətinin məhsuludur. Bir sözlə, kardinal ölkənin siyasi həyatını cəhənnəmə çevirib, gedib elmin fatihəsini verməyə. Əslində, onların siyasi rəhbərliyi sayəsində elmimiz də çoxdan can üstədir. Elə Mehdiyevin fəlsəfə alimi kimi yazdığı qalaq-qalaq əsərlər də elmin ağlar günə qalmasında az rol oynamayıb. On illərdir gələn nəsilləri o kitablara doldurduqları yalan-palanlara idarə etmək üçün yönləndirirlər. Köhnə sovet təfəkkürünün məhsulu olan cızma-qaralarla hər kəsin beynini yumağa çalışırlar. İndi də qoca akademiki elmi təqaüdə göndəriblər ki, adamın kölgəsi həmişə üstümüzdə olsun. Səksən bir illik qurumuş ağacın kölgəsinin nə olacağını da bilirsiniz. Günvurmadan nə qədər adamın xəsarət alacağını özünüz düşünün.  

Azadlıq.info

Tarix: 15-12-2019, 21:10
Xəbəri paylaş





Xəbər lenti