Elmar Vəliyevin “deputatı” təşvişdə...

 Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinə gedilməsi hazırkı deputatlardan bir çoxunun “kürkünə birə salıb”.

Mediada dolaşan xəbərlərə görə, təşviş içində olanlardan biri də Naqif Həmzəyevdir. Gənc deputat yəqin edib ki, daha deputat olmayacaq.

Onun deputat təyinatında (seçilməsi deyil) Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin ciddi dəstəyi olmuşdu.

Sabiq başçının sui-qəsdə məruz qalmasından sonra dayaqlarını itirən N.Həmzəyevi artıq deputat hesab etməmək, mandatını qüvvədən düşmüş saymaq olar.

Məlumatlara görə, gənc vəliyevçi siyahıda deyil və onun deputatlıq dövründəki fəaliyyətinə “2” qiyməti verilib.

İndi 7-dən 70-ə soruşsan ki, Naqif Həmzəyev kimdir? Hamı bir ağızdan deyəcək ki, “Məhəmməd Əmin Rəsulzadə boyda kişiyə dil uzadan deputat”.

Nə yazıq ki, Naqif Həmzəyevin deputatlıq dəftərinin ilk səhifəsində uğursuz nöqtələr çoxdur. “Rəsulzadəni təhqir etməmişəm” deyib and-aman etsə belə!

Ali qanunverici orqanın kürsüsünə sahibləndiyi üçün “ideal təfəkkür” nümayiş etdirən deputat əslində, Rəsulzadə kimi şəxsiyyətə minnətdar olmalı idi. İlk demokratik Azərbaycan qurulmasa idi, indiki Azərbaycanı 20-ci əsrin əvvəllərinə bağlayan tarixi keçmişdən də söhbət gedə bilməzdi. Heç bu gün Naqif Həmzəyev adında deputat da olmayacaqdı!

Necə deyərlər, gec-tez nökər nökərçiliyinə, ağa da ağalığına qayıdır. Ot öz kökü üzərində bitdiyi kimi, dövlət də öz kökü üzərində qurulur.

İddialara görə, Həmzəyevin üstündən xətt çəkilib və onun namizədliyi belə irəli sürülməyəcək.

Əslində, ona böyük şans verilmişdi, fürsət idi, özünü yaxşı tərəfdən təqdim edə bilsəydi, gənc kadr kimi növbəti dəfə parlamentdə yer almaq imkanı olardı.

Amma hər şeyi üz-gözünə bulaşdırdı deyə ona münasibət dəyişdi. Ona daha çox Elmar Vəliyevin “deputatı” deyirlər.

Milli Məclisdə deputat mandatı alan şəxslərin mandatlarının verdiyi 5 ildə özlərini necə aparmaları onlar üçün növbəti seçkilərdə işığın rəngini müəyyənləşdrir: 5 illik fəaliyyət bu işığı ya yaşıl edir, ya da qırmızı.

Sonuncu parlament seçkilərində mandat alan Naqif Həmzəyev elə deputatlardandır ki, onun 5 illik fəaliyyətini gözləməyə ehtiyac qalmayıb desək yanılmarıq.

Həmzəyev üçün qırmızı işığın yanmasına tək bu məsələ səbəb olmayıb. Onun parlamentdəki passivliyi də mandatdan məhrum olması üçün yetərli ola bilər. Düzdür, parlamentdə susqun deputatlar çoxdur və onlar dəfələrlə mandat ala biliblər. Lakin belə deputatların dəfələrlə MM-də təmsil olunma səbəbi ən müxtəlifdir. N.Həmzəyev isə təsadüfi deputatlardan hesab olunur və passivliyi onun özünü doğrulda bilməməsi gerçəkliyini bir daha ortaya qoyur. 2015-ci il noyabrın 1-də parlament seçkiləri keçirilib və nəticələrin təsdiqlənməsi 1 ay çəkib. 1 aydan sonra yeni deputatlar rəsmən işə başlayıblar. Həmin ilin dekabrından bəri keçirilən və stenoqramları Milli Məclisin saytında yerləşdirilən iclasların heç birində N.Həmzəyevin hər hansı məsələ ilə bağlı çıxış etməsi göstərilməyib. Bu qənaətə müvafiq məlumatlarda axtarış apardıqdan sonra gəldik. Gəncə kiçik şəhər deyil, ölkənin həssas bölgələrindən biridir.

Heç şübhəsiz orda da müəyyən problemlər, tələbatlar var. N.Həmzəyevin heç bir məsələyə münasibət bildirməməsi, hər hansı təkliflər çıxış etməməsi Gəncə kimi şəhərin millət vəkili olmağa mənəvi haqq vermir.

Gəncənin deputatı Naqif Həmzəyev üçün karyerasının bitdiyini söyləyənlər var

Sosial şəbəkələrə istinadla xəbər veririk ki, onun növbəti mandat şansının üstündən xətt çəkilib.

Gələn parlament seçkilərində iştirakı gözlənilmir. Onun dayaqlarını itirməsi vəziyyətini ağırlaşdırıb. Belə xəbərlər dolaşır ki, tezliklə Həmzəyev də Gəncəni tərk etməli olacaq.

Məlum hadisələrdən sonra deputat üçün Gəncə erası bitib. Onun nə sözü keçir, nə əlaqələri qalıb. Əslində, parlament dövrünü formal şəkildə yola verməkdə idi.

İndi yeni icra başçısı Niyazi Bayramov deputatı özünə yaxın buraxmır. Dayaqları sarsılmış N.Həmzəyevə aydın olub ki, növbəti dəfə deputat ola bilməyəcək.

Çünki gəncəlilərin də hörmətini qazana bilmədiyi haqda xəbərlər dolaşmaqdadır. Bu şəhərə daha nüfuzlu millət vəkili seçilməlidir.
Tarix: 16-12-2019, 08:22
Xəbəri paylaş





Xəbər lenti