İllər “at belində”: zaman niyə belə uçub gedir?

 

Elə hey qaçhaqovdayıq. İnsanlar tələsirlər. Sanki az vaxt qalıb və hamı nəsə eləmək üçün çalışır. İndi adamlar ən çox vaxt azlığından gileylənirlər. Elə biri yoxdur ki, asudə vaxtı olduğunu ürəklə deyə bilsin.

Zamanın işıq sürəti ilə keçməsi, ayların, illərin “at belində” olması texnologiya əsri ilə əlaqələndirilir. Yəni internet həyatımıza elə girib ki, öz sürəti kimi həyatımızın da sürəti paralelləşir.

İnternet və ya “ümumdünya hörümçək toru” bəşəriyyət üzərində hakimiyyəti ələ keçirib və həyatımızı, işimizi və əyləncəmizi ömürlük dəyişib. İnterneti zarafatyana  “milyardlarla insanın eyni anda hallüsinasiyası” da adlandırırlar.

Fransız rəssamı Leo Kayar maraqlı bir müşahidə aparıb: Luvra gələn turistlər heç bir əsəri 5 saniyədən artıq seyr etmirlər. İnsanlar kompüterdə və ya smartfonda şəkillərə baxarkən də təxminən bir şəklə 5 saniyə vaxt sərf edirlər.

Biz indi hər şeyi sürətlə edirik. Əhatəli məktublar yox, qısa SMS-lər yazırıq. Kitabdakı təsvirlərdən, oxu prosesindən zövq almırıq, əvəzində internetdə mümkün qədər çox səhifəyə sürətlə baxmağa çalışırıq.

Uzun yazıları oxumuruq, çıxışları dinləmirik. Alimlərin fikrincə, bunun günahı məhz internetdədir.

Belə ki, internet insanların şüurunu dəyişdirib. Bizim beynimiz seyr etməyə və düşünməyə imkan verməyən internetə uyğunlaşmağa çalışır.

Təfəkkürümüz tam yox, qırıq-qırıq epizodlar halında işləməyə başlayır, oxumağımız səthi, “atüstü” xarakter alır. Nəticədə biz adi “informasiya qəbuledicisi”nə çevrilirik. Alman filosofu Şopenhauer deyirdi ki, mən heç zaman gələcək haqqında düşünmürəm, o, həddindən çox tez gəlir.

Azad İsazadə: “Vaxtın sürətli keçməsi həm də yaşlanmaqla əlaqəlidir”

Azad İsazadə: ile ilgili görsel sonucu

Bu mövzudan danışan psixoloq Azad İsazadə “Yeni Müsavat”a həyatın sürətinin yüksəlməsinin səbəblərini açıqladı. Onun sözlərinə görə, əvvəllər bir kənddən o biri kəndə gedən yolda insanlar iş planlaşdırırdı: “İndi ona vaxt qalmır. Qabaqlar məktub yazmaq janrı varı idi, bu gün itirilib. Taym menecment anlayışı var. Yəni vaxtdan necə düzgün istifadə edirsən. Vacib və təcili olan-olmayan işlər o qədər yığılır ki, biz vaxt itiririk.

Biz işimizin hansının vacib olduğunu səhv salırıq. Əgər taym menecmenti planlaşdıra bilsək, onda zamanın sürətindən şikayətlənmərik".

A.İsazadə bütün günahı internetin üstünə qoymaqla razılaşmır: “İnternetdən əvvəl də vaxt çatdırmırdıq. Sadəcə, uşaqlıqda gün qurtarmırdı. Axı uşaq oynayır və dərs oxuyur, vaxtı çox qalır. Uşaq vaxtı adamın məşğuliyyəti çox olmur. Böyüdükcə işlər artır. Odur ki, vaxtın sürətli keçməsi həm də yaşlanmaqla əlaqəlidir. Sadəcə, həmin problemi internet sürətləndirib. Necə ki, maşının sürəti artıb, eləcə də həyatımızın sürəti yüksəlib.

Amma maşında sürət artdıqca idarəetmə də pozula bilər. Bu gün həyatımızın sürətinin artması bizi bu çətinliklərlə üzləşdirir".

Cəlil Cavanşir ile ilgili görsel sonucu

Cəlil Cavanşir: “İldırım sürətli evliliklər, işıq sürətli boşanmalar və ”fastfud" həyatlar..."

Yazıçı Cəlil Cavanşirin dediyinə görə, uzun müddətdir bu barədə düşünür - niyə heç nəyə zamanımız çatmır: “Halbuki hər şey çox sürətlidir - sürətli yaşayıb, sürətlə yaşlanırıq. İldırım sürəti ilə evliliklər, işıq sürətli boşanmalar və ”fastfud" həyatlar...

Günahı internetin də üzərinə ata bilərik, qloballaşmanın üstünə də. Məncə, əsl günahkar kapitalist sistemdir. Kapitalizmə görə çox sürətlə yaşamaq məcburiyyətindəyik.

Sürəti azaltsaq, geri qalacağıq. Mümkün qədər bu ritmlə, bu templə, bu sürətlə ayaqlaşmalıyıq. Amma adam yaşamaq da istəyir. Həzin külək, narın yağış, ağappaq qar havasında. Daha asta sürətə ehtiyacımız var..."

Qaynar.info saytının baş redaktoru Zahir Əzəmətin fikrincə, dünyanın hər yerində şəhərlərdə zaman sanki daha sürətlidir: “Hər gün eyni qrafiklə çalışanlarda həm də bütün günlər bir-birinə oxşamağa başlayır, zaman daha da qısalır, sürüşkən olur. Üstəlik, bizim kimi ölkələrdə 7-8 saatlıq iş rejimi ilə yox, az qala 12-15 saat çalışdığımızı və həyatın mümkün olandan da artıq boz keçdiyini də nəzərə alsaq, deməli, zaman sürətli deyil, sadəcə, biz yaşamırıq”.

Emil SALAMOĞLU

Tarix: 17-12-2019, 08:28
Xəbəri paylaş





Xəbər lenti