"Elimizin böyük oğludur... oğrubaşıdır”

 

Mahalbazlıq insanların başını xarab edib. 20 il əvvəl bu haqda çox yazılırdı və belə bir mərəz həqiqətən vardı. İndi daha pisdir, çünki o xəstəlik bütün ölkəyə sirayət edib.

O vaxtlar bir-iki mahalın camaatının bir hissəsinin yeri gəldi-gəlmədi “bir-birini tutmaq” vaqiəsinin şahidiydiksə, indi ölkənin bütün mahallarının, rayonlarının, hətta kəndlərinin camaatında bunun yüksələn xətt üzrə yayldığını görürük.

İndi ayrı-ayrı rayonların (demək olar ki, hamısının) adamları sırf öz rayonlarında doğulub-böyüyüb deyə odioz oliqarxı, kriminal avtoriteti, özünü biabır edən deputatı, səfehlikdə ad çıxarmış müğənnini və sair və ilaxır antipodu şiddətlə müdafiə edir, “elin böyük oğlu” adlandırırlar.

Tarixi şəxsiyyətlərə münasibətdə də elədir. Eyni adamlar millətin anasını ağladan, ölkənin belini qıran məşhur xadimi də müdafiə edirlər, həmin şəxslə mübariz aparan məşhur xadimi də. Çünki ikisi də “elin oğlu”dur. Demək, ikisinə də sahib çıxmaq lazımdır. Mat qalmalı işdir.

Sadiq oxucular məlumatlı olar, bu günlərdə müstəqil Azərbaycan dövlətinin 100 il əvvəl süqut etdirilməsi, bu işdə rolu olan xadimlər, o dövrün hadisələri barədə bir neçə yazı yazdıq, adlar çəkdik. O sırada Nəriman Nərimanovun da adı vardı.
Dünən isə sosial şəbəkədə sırf mahalbazlıq prizmasından çıxış edərək tənqid-təhqir yazanları gördük. AzTV-də redaktor olduğu deyilən Müşfiq Borçalı (Çobanov Müşviq Mədəd oğlu) daha da qabağa gedib, götürüb karikatura paylaşıb və yazıb: “İtlər hürər, karvanlar isə öz yoluna davam edər...”. (Bunun olduqca “orijinal fikir” olduğunu qeyd edək, bu ifadə indiyədək heç kimin ağlına gəlməmişdi).

Karikaturada Nərmanovun alçaq postament üzərindəki heykəli, o heykələ hürən və naməlum əl tərəfindən idarə olunan itlər təsvir olunub.

Bu, Nərimanovun heykəlinin götürülməsi, adının rayon, metrostansiya, küçə və sair yerlərdən yığışdırılması barədə təşəbbüslə çıxış edənlərə cavabdır, daha dəqiqi, onların təhqir olunmasıdır.

İndi təsəvvür edin, bu səviyyənin yiyəsi dövlət televiziyasında mühüm vəzifə tutur. O, özünü bu vətənin oğlu kimi aparmaqdansa, mahal miqyasında qalmaqda davam edir.

Nərimanov Zərdabdan, Ucardan olsa, bu adam onu müdafiə etməzdi. Nərimanovun yerində Mircəfər Bağırov olsaydı, Müşfiq Borçalı onu da müdafiə edərdi. Çünki onun beynindəki identifikasiya kodu eyni mahala mənsubluğa köklənib.

Bir o deyil. Borçalı mahalıyla yanaşı, ölkəmizin qərbində doğulub-böyümüş bir sıra ictimai-siyasi fəallar da bu məsələ xüsusunda tənqidçi ruhdadırlar, Nərimanovu dəyər sayır, müdafiə edirlər. Onların içində hətta hərəkatçılar, süqut etmiş Xalq Cümhuriyyətinin tərəfdarları da var. Bu nədir, devrilmiş, didərgin salınmış, xaincəsinə güllələnmiş Rəsulzadələrlə, Fətəli Xan Xoyskilərlə, Nəsib bəy Yusifbəylilərlə, Behbud xan Cavanşirlərlə yanaşı, onların başına o oyunu açmış nərmanovları, qarayevləri, musabəyovları, sultanovları necə müdafiə etmək olar? Bunu hansı məntiqlə izah etmək mümkündür?

Hələ iki gün öncə gecənin bir saatında zəng edən və 20 dəqiqədən artıq bu mövzuda polemika aparan tanınmış şəxsin adını, onun öz xahişinə əsasən (“bu zəng aramzda qalsın”) çəkmirəm. O da Nərminaovu dəyər sayır, inqilabçının barəsində yazdığım fikirlərlə razılaşmadığını bildirirdi.

“Bizim Cəbiş müəllim” filmində bir epizod var: Makedon Namiqə deyir ki, bax, uşaqların hamısının atası cəbhədə vuruşur, amma sənin atan cəbhəyə getməyib, dezertirdir. Namiq hirslənir, etiraz edir, Makedon davam edir: “Əlbəttə, adamı yandırır, amma neyniyəsən, dezertirdir də”.

İndi Makedonun sözü olmasın, əlbəttə, adamı yandırır, amma adları çəkilənlər xaindirlər dəə... Ermənilərlə ortaq olub xalqımızın igid, vətənpərvər oğullarına güllə atıblar (Gəncə qırğını), dövləti çökdürüblər, ta nə olsun?

Ona qalsa bəzi goranboylular da çıxıb Qatır Məmmədi müdafiə edə bilərlər. Bəlkə də onun haqqında az bilən adamlar qürurla “Qatır Məmməd bizim eloğlumuzdur” deyərlər. Amma baxaq, görək, hələ sovet vaxtı Qatır Məmməd haqqında çıxan kitabda onun dəstəsinin tən yarısının erməni quldurlardan ibarət olması, Gəncəbasar camaatının başına oyun açması, Müsavat hökuməti üçün problemlər yaratması barədə yer alan faktları biləndən sonra da eyni sözü deyərlərmi? Yəqin ki, deyənlər tapılar. Axı Qatır Məmməd də “elin oğlu”dur.

Adamın öz elatını, onun insanlarını sevməsi, öz tanınmış eloğlularıyla qürur duyması qəbahət deyil, normaldır, hətta alqışlanası hərəkətdir. Amma müdafiə edəndə, öyəndə, qürur duyanda həmin adamın şəxsiyyətinə, fəaliyyətinə baxmaq lazımdır. Məşhurdur, “bizdən çıxıb” deyə millətə düşmənçilik edənləri, oğrubaşıları, əxlaqsız adamları müdafiə etmək lazım deyil.

“Oğrubaşı” sözünü təsadüfən yazmadım. Söhbət əsnasında belə deyənlər də var.

 

Tarix: 27-05-2020, 14:04
Xəbəri paylaş





Xəbər lenti