İqbal Ağazadə: “Polis vətəndaşa qarşı cinayət törədib"


“Vətəndaşın polis maşınına eyvandan zibil və ya yüngül əşya atması Cinayət Məcəlləsinin heç bir maddəsi ilə cinayət məsuliyyəti yaratmır. Heç İnzibati Xətalar Məcəlləsi ilə də kimsə bu hadisəyə görə məsuliyyətə cəlb edilə bilməz. Bu hüququn dedikləridir. Kimsə özündən fərdi hüquqlar və ya tövsiflər uydurmasın”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 

İ.Ağazadə qeyd edib ki, bunun adı vətəndaş məsuliyyətsizliyidir, olsa-olsa ictimai qınaq olmalı, bu cür davranan vətəndaşları hamı tənqid etməlidir: “Amma və lakin... Polis bu gün vətəndaşa qarşı cinayət törədib, insanların evinə basqın edib, məhkəmə qərarı, heç bir cinayət hadisəsi olmadan insanları qeyri-qanuni saxlayıb, təhqir edib, əxlaqsız ifadələr işlədiblər. Həmçinin, milli-mənəvi dəyərləri pozub. İnsanların evinə girərək uşaqların, xanımların gözü qarşısında vətəndaşı alçaldıb, bu kadrları çəkib yayıb. Cəmiyyətdən və vətəndaşlardan baş verən hadisəyə görə üzr istənilməlidir. Bu ən doğrusudur. Əgər polis ona zibil atılan həyətə gəlib hərbi salam verib "Biz Vətənə xidmət edirik!" desəydi və ya himnimizi oxusaydılar indi hamı polisin yanındaydı - demək həm də dövlətin. Biriləri vətəndaşın dövlətin yanında olmasını istəmir. Biz barış və dialoq tərəfdarıyıq. Barışın qapısını qapatmayın. Bu Vətən hamımızındır”.



Tarix: 8-06-2020, 23:31
Xəbəri paylaş





Xəbər lenti