Elmira Axundova və oğlu yazıçını məhkəməyə verdi - Bu dəfə 10 min manat tələb edirlər


Elmira Axundova və oğlu yazıçını məhkəməyə verdi  - Bu dəfə 10 min manat tələb edirlər
















Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və oğlu Həbib Axundov yazıçı Firuz Haşımovu növbəti dəfə məhkəməyə verib.

İşə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq.


Məsələ ilə bağlı "BakuPost"a açıqlama verən F.Haşımov bildirdi ki, aralarındakı problem 5 il əvvəl yaranıb:



"Yaxın dostum Zakir Məmmədovun qardaşı Fərman Məmmədov mənə söylədi ki, Elmira Axundova ondan yarım milyon alıb. Uzun müddətdir pulunu geri qaytarmırlar. Hətta ondan başqa bir neçə nəfərin də aldadıldığını bildirdi. Xahiş elədi ki, ona pulu geri almaqda köməklik edim. Mən də o vaxtı qəzetdə bu barədə qısa informasiya verdim. Bu xəbər çıxan kimi Elmira Axundova və oğlu Həbib üstümə gəlməyə başladılar. Sonra məhkəmə ilə hədələdilər. Bir dəfə Həbib mənimlə görüşə gəldi, izah etdim ki, mehriban olsunlar, ortaq fikrə gəlib narazılığı aradan qaldırsınlar. Başladı ki, heç nə bilmirəm, sizinlə kriminal dillə danışaram və sair".


F.Haşımovun sözlərinə görə, bundan sonra da müxtəlif qəzetlərdə eyni məzmunlu məqalələrlə çıxışlar edib:
"Amma həmin məqalələrdə heç bir təhqirdən söhbət gedə bilməzdi. Məhkəmədə də vəkillərim onun vəkillərinə üz tutdu ki, Firuz Haşımovun məqalələrində təhqir var, ya yox? Heç bir söz deyə bilmədilər. Bir də gördüm məhkəmə 10 min manat cərimə kəsdi və qərar verdi ki, üzr istəməliyəm. Xətai rayon Məhkəməsində proses zamanı Elmira Axundovanın vəkili əlində tutduğu kitabı hakimin qarşısına qoyanda, hakim kəkələməyə başladı. Baxıb gördüm ki, kitabın üzərində Elmira ilə Prezidentin şəkli var. Xətai rayon Məhkəməsinin qərarından şikayətlər edildi və nəhayət, Ali Məhkəmədə qərar çıxarıldı ki, Firuz Haşımov 10 min yox, 2000 manat cərimə edilməli, amma üzr istəməməlidir. Gülməli vəziyyətə bax ki, “üzr istəməməlidir” deməklə mənim günahsız olduğumu bildirirlər, amma 2000 manat da cərimə edirlər. 20 ay müddətinə mənim 195 manat pensiyamdan ayda 100 manat pul tutuldu. Ayda cəmi 95 manatla dolandım. Bu rəzalətə dözə bilməyərək hörmətli Mehriban xanıma, Prezidentə ard-arda məktublar yazdım. Bildirdim ki, mən ömrüm boyu bu iqtidarı müdafiə etmişəm. Hətta buna görə vaxtilə təqiblərə, təhqirlərə də məruz qalmışam. Heç vaxt təsəvvür edə bilməzdim ki, dövləti üçün hər şeyini verəcək adam belə şəxslərin əlində əsir-yesir olacaq".

F.Haşımov söyləyir ki, indiki məhkəmə prosesi də onun yazdığı məqalə ilə bağlıdır:
"Elmira Axundovanın oğlu feysbukda maşın kolleksiyası nümayiş etdirirdi. Kef çəkdiyi çimərliklərdə şəkillər paylaşırdı. Həmin vaxt da ard-arda bir neçə şəhid xəbərləri yayılmışdı. Mən də məqalə verdim ki, camaatın ürəyi qan ağlayır, sənə kim ixtiyar verib ki, belə şəkillər paylaşıb camaata acıq verəsən? Yazdım ki, belə harın həyat tərzini ayrı-ayrı məmurlar da sərgiləyirlər, bu xəyanətdən də betərdir. Bir də gördüm oğlu da, özü də məni məhkəməyə verib, 10 000 manat istəyir. Deməli, ana 2000, bala 10 000 tələb edir. Binəqədi rayon Məhkəməsi qərar çıxarıb ki, Firuz Haşımov 10 000 manatı verməlidir. Evimə 3 məhkəmə icraçısı gəlmişdi. Pərtlikdən danışa bilmədilər. Çünki evimdə ancaq iki nəfərin istifadə edə biləcəyi sınıq-salxaq mebel var, bir də kitablar. Onsuz da artıq həyatla vidalaşmışam. Müalicəmin dərmanına belə pul tapmıram".
Tarix: 9-06-2020, 16:59
Xəbəri paylaş





Xəbər lenti