Ədalətin qılıncı “Həsənov piramidası”nın başı üzərində


Ədalətin qılıncı “Həsənov piramidası”nın başı üzərində
KİVDF-də baş verən qanunsuzluqlara görə təkcə Səfərli cəzalanmalı deyil
 
Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin keçmiş rəhbəri Əli Həsənovun başı üzərində “qara buludlar” toplaşır. Xatırladaq ki, vəzifədən uzaqlaşdırıldıqdan sonra, ənənəyə zidd olaraq, Həsənov Prezident tərəfindən qəbul olunmadı ki, bu da yuxarı elita üçün onun istənilməyən adam olmasına birbaşa işarə idi. İndiyədək, bir zamanlar "Azərbaycan mediasının atası" (və sonra bəlli olduğuna görə, "ögey atası") yoxlamalar və cinayət işlərindən kənarda qalırdı. Lakin get-gedə Həsənovun ətrafında dairə daralır.
 
Ostap Benderin dediyi kimi, "buz sındı, cənab münsiflər". Yerli mediada artıq onun, həyat yoldaşının və bütün Həsənovlar ailəsinin şirkətlərinin siyahısı verilir və onların, təxminən 200.000 manatdan çox vergi borcunun olması barədə məlumatlar yayılır. Bu xəbərdən bir neçə gün əvvəl Hesablama Palatası tərəfindən AR Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyətində ciddi nöqsan və pozuntular aşkarlandığı və yoxlamanın nəticələrinin Baş Prokurorluğa göndərildiyi barədə də məlumatlar yayıldı. Düzdür, rəsmi olaraq KİVDF-i icraçı direktor Vüqar Səfərli idarə edirdi, lakin bu qurumda bütün önəmli qərarların qəbul edilməsinə Əli Həsənovun rəhbərlik etməsi “Polişinel sirri” idi.
 
Dünən Azərbaycanın bir çox media qurumlarının keçmiş "xaç atası"na daha bir zərbə vuruldu. 17 iyun 2020-ci ildə Azərbaycan Baş Prokurorluğu KİVDF-də baş verən qanun pozuntuları ilə əlaqədar cinayət işi qaldırıldığı barədə məlumat yaydı. Məlumatda deyilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Fond tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasına daxil olmuş materialları araşdırıb. Araşdırma zamanı Fondun vəzifəli şəxslərinin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etmədikləri, vəsaitləri başqa məqsədlər üçün istifadə etdikləri, tikinti qaydalarını pozduqları, mediaya göstərilən yardımların paylanması zamanı qanun pozuntularına yol verdikləri aşkar edilib.
Bu qanunsuz hərəkətlərə görə, Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb. 
Xatırladaq ki, KİV-ə Dövlət Dəstəyi Fondu dövlət başçısının fərmanı ilə 2009-cu ildə təsis edilib və hər il Azərbaycan Prezidentinin medianın inkişafı üçün ayırdığı külli miqdarda vəsaitin təyinatını bu Fond “səhv anlayıb” və KİV sahəsində faktiki inhisarçıya çevrilib.
 
Yerli KİV-lərin verdiyi məlumata görə, Fondun mövcud olduğu dövrdə quruma 40.749.346 manat vəsait ayrılıb ki, bunun da bir hissəsi mediaya dəstək üçün xərclənib. Bu dəstəyin hansı şərtlərdə və necə təmin edildiyi ayrı bir məqalənin mövzusudur. Fondun maxinasiyaları və medianı bir neçə "kastaya" bölməklə onlara müvafiq maliyyə dəstəyi göstərilməsi barədə məntiqdən uzaq olan qərarlar haqqında bütöv bir kitab yazıla  bilər.
 
O da faktdır ki, bu bölünməni Əli Həsənov özü müəyyənləşdirirdi və nəticədə "yüksək kastaya", adları yalnız şəhərdə tək-tük qalan kiçik qəzet köşklərinin satıcılarına tanış olan KİV-ləri daxil edilirdi. "Üç kasta" ilə yanaşı, ölkədə "qəbulolunmayanlara" çevrilən digər media qurumları da birtəhər fəaliyyət göstərirdi. Belə bir acınacaqlı mənzərənin yaranmasında, vaxtilə Əli Həsənovun “uzaqgörən” məsləhətçiləri olmuş, amma indinin özündə də "ideoloji cəbhədə" işləyən, medianın düşdüyü bataqlıqda daha da dərinə getməsinə vasitə olan insanların rolunu da qeyd etmək lazımdır.
 
Və Fondun həyata keçirdiyi bütün layihələrin ən çox narazılığa səbəb olanı "mənzil məsələsi" oldu. Qeyd edək ki, yuxarıda göstərilən 40 milyondan əlavə, KİVDF-ə jurnalistlər üçün üç yaşayış binası tikilməsi məqsədilə 67 milyon manat vəsait ayrılıb. Bu məsələyə münasibətdə fikirlər əvvəldən haçalanmışdı. Bəziləri hesab edirdilər ki, dövlət jurnalistlərə mənzillər verməməlidir (çünki bu, onların fikrincə, jurnalistləri hakimiyyətdən asılı vəziyyətə gətirir), bunun əvəzində əməkdaşların özlərinə ev almaları üçün medianın inkişafına normal şərait yaradılmalıdır.
Digərləri isə qeyd edirlər ki, bu, Prezidentin hədiyyəsidir və hədiyyə jurnalistin mövqeyinə heç bir təsir göstərə bilməz. İstər bu, istərsə də digərlərinin öz arqumentləri var idi, amma fakt faktlığında qalır: bu binada jurnalistikaya illərini vermiş, ona ticarət kimi yanaşmayan layiqli həmkarlarımız da mənzillər ala bildilər. Lakin həmin jurnalistlərin sayı o qədər də çox deyildi və belə bir fikir yarandı ki, "Həsənovun kontorası" həqiqi jurnalist adını daşımağa, ev almağa tam haqqı olan az sayda jurnalistə ev verdi ki, bu fonun arxasında öz böyük saxtakarlıqlarını həyata keçirə bilsin. 
Təsadüfi deyil ki, yerli mediada dəfələrlə icraçı direktor Vüqar Səfərlinin başçılıq etdiyi KİVDF-in keçmiş rəhbərliyinin jurnalistikaya heç bir aidiyyəti olmayan insanlara jurnalistlər üçün tikilmiş evlərdə mənzillər verməkdə ittiham olunduğu barədə materiallar dərc edilib. Ancaq o zaman Baş Prokurorluq, nədənsə bu məlumatlara reaksiya vermirdi.
 
AYNA ölkədəki tanınmış KİV-lərin baş redaktorlarının jurnalistlər arasında mənzillərin paylanmasına münasibətini öyrənib.
 
"Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu deyib ki, mənzillərin paylanması zamanı KİVDF-in qanun pozuntularına yol verib-verməməsi ilə bağlı konkret heç nə deyə bilməz: "Amma mən bilirəm ki, Fondun mənzillərin paylanması ilə bağlı addımları jurnalistlər arasında böyük narazılığa səbəb olmuşdu".
 
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid düşünür ki, mənzillərin paylanması zamanı 40-50 nəfər jurnalistikaya dəxli olmayan insanların mənzil alması mümkündür, amma: “Bu amil qazancları az olan jurnalistlərə mənzil hədiyyə edən dövlət başçısının xoş jestini şübhə altına qoymur”.
 
"Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin sözlərinə görə, bəzi şəxslərə münasibətdə mənzillərin paylanmasında ədalət prinsipi qorunub saxlanılıbsa, digərlərinə münasibətdə bu prinsip pozulub.
 
Bir sözlə, mənzillərin paylanmasında həm razı, həm də narazı olanlar var. Və bütün jurnalistlər arzu edirlər ki, Azərbaycan mətbuatının qarşıdan gələn 145 illik yubileyi dönəmində üçüncü binada mənzillərin paylanması zamanı ədalət prinsiplərinə tam əməl edilsin. Bunun üçün sadəcə olaraq, Prezidentin "Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması haqqında" sərəncamına əsaslanmaq lazımdır.
 
İnsan öz əməllərinə görə cavabdeh olmalıdır və Fondun rəhbərliyinə qarşı iddialar təsdiqlənərsə, şübhəsiz ki, Vüqar Səfərli və onunla birgə qanunu pozanlar qanun qarşısında cavab verəcəklər. Əsas odur ki, Femidanın qılıncı təkcə üzdə cavabdeh olanları deyil, medianın inkişafı üçün ayrılan milyonlarla pulun xərclənməsində, maxinasiyalarda iştirak edən bütün şəxsləri cəzalandırsın. Artıq cəmiyyətdə bu məsələ ilə bağlı təkcə Vüqar Səfərlini deyil, həm də Əli Həsənovun rəhbərlik etdiyi “maliyyə piramidası”nın bütün bütün fiqurlarını məsuliyyətə cəlb etməyə çağırışlar səslənir...
Müəllif: Rəşad Rüstəmov   
Tarix: 18-06-2020, 21:26
Xəbəri paylaş





Xəbər lenti