“Eldar Mahmudovun həbsi mümkündür” – Keçmiş MTN zabiti


“Eldar Mahmudovun həbsi mümkündür” –       Keçmiş MTN zabiti
İlham İsmayıl: “Vətənə xəyanət, düşmənə casusluq faktları daha çox 2005-ci ildən başlayıb”
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb ki, istintaqla Şıxəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla həmin Nazirliyin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-in Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şıxəliyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib və barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
İctimaiyyətdə belə fikirlər var ki, generalların həbsi “MTN işi”nin yeni mərhələsinin başlanğıcıdır. İddialara görə, Şıxəliyevlə Şirinovun həbsi ilə başlayan proses daha dərinlərə gedib çıxa bilər.
Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq” – İlham İsmayıl  (AÇIQLAMA) – Turkustan.info
Ləğv edilən MTN-in keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl AYNA-ya deyib ki, həbs edilən generallar açar fiqurlar ola bilər: “Ona görə ki, Şıxəliyev 11 il 3 ay müddətində İstintaq Baş İdarəsinə rəhbərlik edib. Hələ 2015-ci ildə, MTN ləğv ediləndə bir çox məsələlər üzə çıxmışdı. İstintaq Baş İdarəsində hansı qanunsuzluqların olduğu, nələrin baş verdiyi haqqında məlumatlar var idi”.
 
“Əlbəttə, MTN-də aparılan istintaqları idarə edən təkcə rəis olmayıb. Yadınızdadırsa, Şıxəliyev MTN ləğv ediləndən sonra istintaqa cəlb edilmişdi, saxlanılmışdı. Sonra buraxıldı. Həmin dövrdə bir qrup DTX əməkdaşı mətbuata çıxmış, konkret olaraq general Şıxəliyevlə bağlı şikayət etmişdilər. Onun həbsdən buraxılmasına etiraz edirdilər. Generalın cinayətlərindən, əldə etdiyi pulları öz rəhbərliyi ilə necə bölüşdürməsindən danışmışdılar. Məsələn, bildirilirdi ki, Şıxəliyev qanunsuz yolla əldə etdiyi maliyyə vəsaitinin 40 faizini özünə götürürmüş, 50 faizini nazirə çatdırırmış, yerdə qalanını da ətrafındakılara, əməkdaşlarına paylayırmış. Bu cür qanunsuzluqlar olub, yəqin ki, indi aparılan istintaqa bunlar məlumdur. Araşdırmalarda bunlar üzə çıxıb və general həbs edilib”, - deyə həmsöhbətimiz bildirib.
 
Digər general Nizami Şirinovun həbsinə gəlincə, İ.İsmayıl qeyd edib ki, bu şəxs Müdafiə Nazirliyində baş verən neqativlərin, düşmənin kəşfiyyat-təxribat əməllərinin qarşısını almalı olan idarənin başında dayanıb: “Məlumdur ki, Azərbaycan Ordusunda 2000-ci ilin əvvəllərindən, xüsusən də 2005-ci ildən 2016-cı ilədək mən bildiyim 36 vətənə xəyanət işi olub. Amma bu faktlar sonradan üzə çıxıb. Belə nəticəyə gəlinir ki, həmin vaxt MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsi ya fəaliyyətsizlik nəticəsində məlumatsız olub, ya da bilib, amma o cinayətlərə göz yumub, həmin cinayətlər idarə ilə razılaşdırılmış şəkildə baş verib. Hesab edirəm ki, general Şirinovun həbsi ilə perspektiv istintaq araşdırması Müdafiə Nazirliyindəki bəzi şəxslərə, ordu rəhbərliyində təmsil olunan bəzi şəxslərə, bəzi hərbi hissə rəhbərlərinədək gedib çıxa bilər”.
 
“Məsələn, indi gündəmdə olan Tərtər hadisələrini götürək. Hərbi ilə bağlı Tərtər məsələsi indi üzə çıxsa da, bunun kökü 2005-ci ilə dayanır. 2017-ci ildə casusluqla bağlı məsələlər üzə çıxdı, vətənə xəyanət edənlər məsələsi aşkarlandı. Amma düşmənə casusluq, vətənə xəyanət edənlər elə həmin il bu əməlləri törətməmişdilər ki... Söhbət 2017-ci ildə həbs edilənlərdən, qanunsuz şəkildə işgəncəyə məruz qalanlardan getmir. O işgəncələrin tutulan MTN generallarına aidiyyəti yoxdur. Lakin vətənə xəyanət, düşmənə casusluq faktları daha çox 2005-ci ildən başlayıb. Hansı ki, həmin vaxt keçmiş MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin başında general Şirinov dayanıb. Mümkündür ki, generalın digər cinayətkar şəxslərlə əlbir olub, yaxud da cinayətləri bilib, amma üstünü örtüb, görməzlikdən gəlib. Ola bilsin, istintaqın gedişində əlavə faktlar ortaya çıxacaq”, - deyə sabiq MTN əməkdaşı əlavə edib.
 
Keçmiş MTN səlahiyyətlilərinin qanunsuzluqlara, cinayətlərə görə həbs edilməsi, amma həmin vaxt başda dayanan şəxsin sərbəst qalmasına gəlincə, ekspert qeyd edib ki, Azərbaycanda ənənəyə çevrilmiş maraqlı hal var: “Hansısa vəzifəli, vəzifədə olmuş adam haqqında cinayət faktları əldə olur, amma şəxsə toxunulmur. Müəyyən bir zamandan sonra cinayət faktları həmin vəzifəliyə qarşı istifadə edilir. Necə ki, bundan əvvəl həbs edilmiş general Rövşən Əkbərov 20 il əvvəl törətdiyi cinayətə görə indi həbs edildi. Ola bilsin ki, Eldar Mahmudovun həbsinə hüquqi əsas olub, amma iradi qərar verilməyib. Amma indi, yaxud da bir müddətdən sonra iradi qərar verilə, məsuliyyətə cəlb edilə bilər. Yəni, sabiq nazirin həbs edilməsi mümkündür”.
Tarix: 6-04-2021, 16:12
Xəbəri paylaş





Xəbər lenti