“Adının təmizə çıxması” üçün 14 gün...


“Adının təmizə çıxması” üçün 14 gün...
Axı, ev şəraitində müalicə alanların protokola nə dərəcədə əməl etdikləri sual doğurur
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirir ki, “COVID-19 testinin nəticəsi pozitiv çıxmış şəxslər üçün təcrid müddəti 14 gündür. Bu müddətdən sonra vətəndaşın adı avtomatik olaraq sistemdən çıxarılır”.
 
Yəni təcrid müddəti tamamlandıqdan sonra vətəndaş yenidən COVID-19 testi vermir. Lakin adı sistemdən çıxarıldıqdan sonra həmin şəxs insanlar arasında sərbəst şəkildə gəzə bilər.
 
Məlumdur ki, xəstəxanalarda müalicə alanlarla yanaşı, ev şəraitində də müalicə alan COVID-19 xəstələri var. Həmin xəstələrin isə nə dərəcədə protokola uyğun müalicə olunub-olunmaması sual altındadır.
 
Bu halda virusa yoluxmuş şəxsi 14 gündən sonra tam sağlam hesab etmək olarmı? Bu müddət başa çatdıqdan sonra həmin şəxsin başqalarını yoluxdurma riski nə qədərdir?
 
AYNA suallara cavab axtarıb.
 
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, bu müddət xəstənin ağırlığından asılıdır: “Əgər yüngül, orta-ağır xəstədirsə, 10-11 gündən sonra virus olmur”.
 
Professor, həkim Adil Qeybulla isə söyləyib ki, 14 gün nisbi rəqəm kimi götürülüb və profilaktik məqsədlə müşahidə üçün nəzərdə tutulub: “Mikrob aşkar edildikdən 14 gün sonra nəfəs yollarında demək olar, tapılmır, orqanizmə keçir. Bu zaman da müalicə olunur. 14 gün nisbi rəqəm kimi götürülüb. Bu müddət karantin rejimində profilaktik məqsədlə müşahidə üçün nəzərdə tutulub. Tutaq ki, kimsə xarici ölkədən gəlir. Bu zaman 14 günlük karantinə alınır, əgər heç bir koronavirus əlaməti yoxdursa, test nəticəsi mənfidirsə, həmin adam ölkəyə buraxılır”.
 
Həkim hesab edir ki, hazırkı vəziyyətdə 14 günlük təcrid müddəti effektiv deyil: “Mən hesab edirəm ki, bunun bir mənası yoxdur. Əvvəla, çox adam heç iki həftəni gözləmir və ya qeydiyyata düşmür. Evdə müalicə olunur, əhali arasında da sərbəst gəzir. Bunun yeganə yolu dünyanın hər yerində olduğu kimi kütləvi testləmədir, nəzarət sistemi yox. Yəni insanlar kütləvi şəkildə test edilməlidir, xəstəlik vaxtında aşkarlanmalı və insanlar müalicə edilməlidir”.
 
İnfeksionist həkim İlahə Vəliyeva isə qeyd edib ki, COVID-19 xəstələrinə evdən çıxmaları üçün 14 gün yox, 21 gün vaxt qoyurlar: “Xəstələrə evdən çıxmaları üçün 21 gün vaxt qoyuruq, yəni bu müddətdən sonra kimisə yoluxdurma riskinin olmayacağını deyə bilərik. Lakin həmin müddətə qədər yoluxdurma baxımından riskli sayılırlar”.
 
Həkim əlavə edib ki, 21 gündən sonra ola bilsin ki, xəstənin başqalarını yoluxdurma dövrü keçir, amma reabilitasiya dövrü bir müddət davam edir.
Tarix: 17-04-2021, 18:41
Xəbəri paylaş





Xəbər lenti