Ramiz Mehdiyev ictimaiyyətə dərs keçmək fikrinə düşüb



Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev bu quruma rəhbərlik etdikdən sonra siyasi bəyanatlar verməkdə davam edir.
Belə ki, 27 aprel bəyanatında deyilir ki, “Azərbaycan alimləri kimi son aylarda Azərbaycan cəmiyyətini parçalamaq, xalqla dövlət arasında nifaq salmaq istiqamətində cərəyan edən prosesləri dərin narahatlıq hissilə müşahidə edirlər”.
ABŞ prezidentinin “erməni soyqırımı”nı tanıması, Rusiyanın Dağlıq Qarabağda ziddiyyətli davranışı və Fransa rəsmilərinin Dağlıq Qarabağın tanınmasının vacibliyini intensiv şəkildə müzakirə etməsi yaxın gələcəkdə Azərbaycan üçün problemlər vəd edir.
“Bu proseslərin həm Azərbaycan, həm də qardaş Türkiyə üçün ciddi fəsadlarının olacağına heç kəsin şübhəsi olmamalıdır.
Görünən odur ki, böyük güc mərkəzləri XX əsrin əvvəllərində olduğu kimi, indi də erməni kartından güclənməkdə, öz maraqlarını müdafiə etməkdə olan Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək niyyətindədirlər.
Ümid edirik ki, Avropanın və ABŞ-ın ədalətinə, humanizminə kor-koranə, sadəlövhcəsinə inananlar, özləri üçün Qərb strukturlarından mədət umanlar da baş verənlərdən lazımi nəticələr çıxaracaqlar. Həmin şəxslər, nəhayət, başa düşəcəklər ki, Azərbaycanla bağlı böyük dövlətlərin maraqlarının əsasını ölkəmizin təbii sərvətləri və onun əlverişli geosiyasi mövqeyi təşkil edir”, – Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bəyanatında deyilir. 
Belə vəziyyətdə siyasi baxışlarından, əqidəsindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin ümdə vəzifəsi doğma Azərbaycanı qorumaq olmalıdır.
“Ölkəmizin ətrafında təhlükəli geosiyasi oyunların getdiyi bir vaxtda böyük təhlükəni görməmək, Vətənin mənafelərini xırda siyasi, yaxud maddi mənfəətlərə qurban vermək qəbuledilməzdir. Vətənin taleyini düşünməmək, onun çətin məqamında vəzifə və sərvət davası etmək kimliyindən asılı olmayaraq hər kəs üçün utancvericidir”, – bəyanatda bildirilir. Lakin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti söhbətin nədən və kimdən getdiyini açıqlamır.
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunda olduğu 25 il ərzində Qərbin ünvanına ittiham və nəsihət dolu “boz məqalələr” yazıb. Elmlər Akademiyasına getdikdən sonra, görünür, qərara alıb ki, əsl elm elə budur, ancaq çox güman ki, həm də başa düşüb ki, bundan başqa bir iş görə bilmir.
Contact.az
Tarix: 30-04-2021, 11:36
Xəbəri paylaş





Xəbər lenti