Musa Abbasovdan şikayət: "Atam reanimasiyaya yerləşdiriləndə "Qızınla vidalaş" deyən "həkim" insan ola bilməz"




Jurnalist Ramina Eyvazqızı atasının ölümünə görə Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyini tənqid edib.
 
Pravda.az R.Eyvazqızının yazısını təqdim edir:
 
Neftçilər  xəstəxanasının insanlıqdan kənar davranışlar göstərən direktoru: "Atanız bir aydır buranı zanit edib, bəlkə iki ay qalacaq, xəstənizi köçürün"
 
Nələr gördüm , İlahi...
 
Atamın bircə canı vardı və onu da illərdir, tənqid etdiyim, çirkab içində olan səhiyyə və onun insanlıqdan xəbəri olmayan idarəçiləri ucbatından itirdi. Sözsüz hamımız öləcəyik, amma...
 
Çox xəstəxana kimi, Neftçilər xəstəxanasının da  direktoru Musa Abbasov və onun komandası, ancaq tibbi protokol üzrə hərəkət edənlər üçün xəstənin canı cəhənnəmlikdir. Xəstəyə fərdi yanaşmayanlar Covid adı ilə xəstəxanaya gedən atamı qanaxmadan qurtara bilmədilər. Atam Covidi aşmışdı, boğularaq canını tapşırsaydı, gec xəstəxanaya çatdırılsaydı, yan xəstəlikləri olsaydı, anlamaq olardı. Amma müsbət dinamika ilə yaxşılaşan insan baxımsızlıqdan, səhlənkar münasibətdən vaxtında izolyasiya olunmadı,  xəstəxanada daxili infeksiyalara yoluxdu və bu  üzdən yüksək dozalı antibiotiklərin qurbanı oldu, qaraciyər və böyrəyi sıradan çıxdı. Septik şok!
 
Atam reanimasiyaya yerləşdiriləndə psixoloji zərbəyə məruz qaldı, panik ataka girdi, "buradaca qızınla vidalaş" deyən "həkim"  insan ola bilməz!
 
22 ci gündə də intubasiyada olan atam ayılanda, həkim bacım ona bir neçə gün psixoloji dəstək vermək istəyirdi, xəstənin reabilitasiyası başlamalı idi. Bacımın dəstəyi ilə atamın müayinə və vəziyyəti həkimlərin də çoxunun dediyi kimi müsbətə doğru gedirdi. Hətta həkim fizioterapevt də (öz istəyimiz ilə) massaja başlamışdı. Amma olmadı. Çünki xəstəxana direktoru jurnalist olduğumdan xəbər tutdu və bacımı qovdu.
 
"Xəstəniz covid deyil artıq, bəlkə iki ay burada qalacaq, məşğul edir buranı, köçürün xəstənizi" dedi  və qorxdu...
 
O xəstəxanada saysız nöqsan olduğunu qəşəng bilirdi. Reanimasiyada xəstələrə ancaq növbəli reanimatoqlar baxırdı. Kompleks müalicə və başqa profilli həkim yox idi. Özümüz bir neçə həkim gətirdik. Təsəvvür edin, atamın gec ayılmağının səbəbindən biri ona iki həftədən çox müddətdə vitamin vurulmaması idi. Vicdansızlıq! Bizim təkidlə multivitamin vuruldu. Xəstəmizdən bezən Samirə həkimin davranışları, bacımın sualları atamın sonunu gətirdi. Atamdan qurtulmaq istəyirdilər! Bu müddətdə TƏBİB-ə sorğu göndərirdi ki, axı atam covid deyil, niyə sağalmır? TƏBİB Musa Abbasova bu sualı verdi, amma... Bundan sonra bacım oradan qovuldu. Necə oldusa, yaxsılaşan atam bacım xəstəxananı tərk edəndən sonra pisləşdi.
 
Halbuki TƏBİB-dən aldığım son məlumatda "Atan çətin mərhələni ötürüb, səbrli olun, müsbət dinamika, saturasiya normal, huşu aydındır" deyildi.  Bacım Musa "həkim"ə zəng vurdu ki, icazə verin atama dəstək olum, izn verin onu görüm dedi. "İstirahətdəyəm ailəmlə narahat etməyin" dedi...
 
Öz həmkarlarına hörmətsizlik edən və atamın ölümünü tezləşdirmək üçün planlar quran insan ola bilməz!
 
Bacım 3 gün xəstəxana həyətində qaldı və yalvardı ki, atama, qolu bağlı bir aya yaxındır, ac və yuxulu qalan, ağzı, boğazı intubasiya borusundan sonra yaralı olan və danışa bilməyən insana dəstək lazımdır ki, özünə gəlsin. Yenə olmadı... 3 gün sonra bacıma zəng edib "gəl atanı gör" dedilər. Bacım atamda qanaxmanın başladığını dedi, atam 3 gün içində necə belə ağırlaşdı? Tanınmaz hala gəldi, o qədər əziyyətdən və tam bir ay sonra canını tapşırdı.
 
Növbəti qurban O oldu.
 
Bir qrup gözü puldan başqa heç nə görməyənlər, sizin də əzizləriniz var! Və Musa kimi adam Yeni Klinikanı da artıq idarə edir, yəni ölkədə ondan başqa adam yoxdur. Özü ixtisasca reanimatoloqdur, amma xəstə yerləşdirib pul qazanmaqdan sənəti ilə məşğul ola bilmir. Həkim əvvəlcə insan, sonra həkim olmalıdır. Bəli, reanimasiyada canla başla xəstəyə xidmət göstərənlər də var, amma qansız rəhbərlik, tibb işçisi olanlar belə insanları kölgədə qoyur.
Tarix: 10-05-2021, 16:36
Xəbəri paylaş





Xəbər lenti