Nərimanov rayonunun icra başçısı 8 milyonluq mənzil korrupsiyasında suçlandı - Rəsmi cavab gəldi..

Nərimanov rayonunun icra başçısı 8 milyonluq mənzil korrupsiyasında suçlandı - Rəsmi cavab gəldi..
“160 nəfər  kasıb ailədən  qanunsuz şəkildə  8 (səkkiz) milyon manat məbləğində pul alıblar. Hara gedib bu pullar? Niyə bizim pulumuz qismən ödənilməlidir?..” 
*** ***
 
“Bu məsələ artıq Nərimanov Ryon İcra Hakimiyyətinin marağında və ya səlahiyyətində olan bir məsələ deyil...”
 
***  ***
 
“Bakı Ağır Cinayətlər Məhkəməsindəki ilk iclasda müttəhimlər kürsüsündə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin keçmiş rəhbəri Yoməddin Şıxəliyev əyləşib...”

*** ***
 
Moderator.az redaksiyasına hazırda Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşı Elşad Haqverdi oğlu Ələsgərovun Azərbaycan  Respublikasının  Prezidenti
cənab  İlham  Əliyevə, surətləri isə  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də təhlükəsizlik və hüquq-mühafizə, istintaq orqanları rəhbərlərinə ünvanlanmış təkrar müraciəti daxil olub. Vətəndaşın müraciətinin saytımız vasitəsilə ictimailəşdirilməsi haqda xahişini nəzərə alaraq onu olduğu kimi təqdim edirik:
 
  
“Azərbaycan  Respublikasının  Prezidenti cənab  İlham  Əliyevə
 

Surəti: Azərbaycan  Respublikasının  Birinci vitse-prezidenti Mehriban Əliyevaya
 
Surəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi 
 cənab Əli Nağıyevə
 
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab  Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova
 
Surəti: Nərimanov Rayon İcra Hakimiyyətinə
 
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin  Fərzəliyevin qanunsuz hərəkətlərindən
vətəndaş Ələsgərov Elşad  Haqverdi oğlu  tərəfindən
 
                                                            TƏKRAR  MÜRACİƏT
 
Hörmətli cənab Prezident! 
 
 
2021-ci ilin martında Sizə ünvanlanan ilk müraciətimə cavab verilməməsi və nəhayət, aprel ayında ikinci müraciətimə cavab olaraq Nərimanov İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın 15 aprel 2021-ci il tarixdə bizə verdiyi qeyri-dəqiq və yalan izahatla bağlı dərin narahatçılıq keçirdiyim üçün həmin müraciətimi bir daha təkrar olaraq media vasitəsilə Sizin nəzərinizə çatdırmaq qərarına gəldim. 
 
Belə ki, həmin izahatda deyilir: “Sizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevə və digər dövlət qurumlarına Nərimanov İcra Hakimiyyəti tərəfindən hüquqlarınızın pozulmasına dair yazmış olduğunuz müraciətə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, ərizənizdə toxunduğunuz xüsusatlar üzrə bütün hüquqi münasibətlərinə qanuni qüvvəsini almış yekun məhkəmə aktı(hökmü) ilə hüquqi qiymət verilmiş, məsuliyyətə cəlb edilmiş bütün şəxslər cəzalandırılmışdır”.  
 
Göründüyü kimi, Nərimanov İcra Hakimiyyəti başçısının müavini tərəfindən imzalanmış bu cavabda mənimlə bərabər onlarla zərərçəkənə hər hansı məbləğ ödənilməsi haqda bir kəlmə də yoxdur.  İkincisi də, ötən müraciətlərimdə  və aşağıda ətraflı bəhs edəcəyim dələduzluq işi lə bağlı qaldırılmış cinayət işi yekunlaşmayıb. Həmin işə 2018-ci ilin fevralndan bir neçə il ərzində Bakı Ağır Cinayətlər  Məhkəməsində baxılmış, lakin sonradan yenidən araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
 
Cənab Prezident!
 
Bilirəm ki, Sizin bütün müraciətlərə operativ qaydada cavab vermək imkanınız məhduddur. Amma eyni zamanda onu da bilirəm ki, Siz hər bir vətəndaşın pozulmuş hüquqlarını bərpa etmək üçün ölkəmizdə aparılan hüquqi islahatların qarantısız. Həmin müraciətimi ulu öndər Heydər Əliyevin sözü ilə başlayaraq bildirmişəm ki, "Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda". Eyni zamanda müraciətimdə qeyd etmişəm ki, bu  müraciəti Sizə yazmaqda ən böyük məqsədim heç də yalnız  mənə dəyən zərərin  qaytarılmaması deyil, eyni zamanda ölkəmizdə belə halların olmasından bir daha  utanc hissi keçirməməyim, belə hallarla üzləşdikdə Sizin göstərişlərinizi  heçə sayan, mənim kimi yüzlərlə vətəndaşın haqqını tapdalayan, dövlətimizi və Sizi xalqın gözündən salmağa çalışan  məmurların, vəzifəli şəxslərin, dələduzların qanunsuz hərəkətlərinə son qoymaqdır.
 
İşin hallarını olduğu kimi təkrar nəzərinizə çatdırıram: 
         
 
Bildirirəm ki,  mən Ələsgərov Elşad Haqverdi oğlu 7 ildən çoxdur ki, məhkəmələrdə və istintaq orqanlarında gedən süründürməçiliyin, daha doğrusu isə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin qanunsuz hərəkətlərinin və onunla iş birliyində olan məmurların birgə korrupsiya qalmaqalının  qurbanına çevrilmişəm. Artıq bütün ölkə də bilir ki, Abdin Fərzəliyev və onunla həmfikir olan dələduz məmurlar əlbir olaraq dövlət vəsaitini mənimsəmələri ilə yanaşı, mənim kimi yüzlərlə vətəndaşında halal zəhmətlə, min bir əziyyətlə  qazandığı pulları da ələ keçirmişlər. Təəssüf hissi ilə qeyd edirəm ki, 2013-cü ilin avqust ayından bəri bir çox digər vətəndaşlar kimi mən də dələduzluq yolu ilə mənimsənilən pulumu ala bilmirəm. 
 
Hörmətli cənab Prezident! 
 
İş materiallarından da görünür ki, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB-nin prezidenti Abdullayev Səmyar Abdulla oğlu, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə razılaşdırılmış şəkildə  Bakı şəhər sakini Nəsibov Məzahir Dursun oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək mən də daxil olmaqla, yüzlərlə vətəndaşın, eləcə də dövlətimizin küllü miqdarda vəsaitini mənimsəyiblər. Həmçinin bildirirəm ki, bu cinayət işi üzrə mənim (Ələsgərov Elşad Haqverdi oğlu) 2014-cü ilin avqust ayında  60.000 AZN pul vəsaitim mənimsənilmiş və  mən zərərçəkmiş şəxs kimi tanınmışam. Heç kimə sirr deyil ki, bu büdcə talançılığını həyata keçirən məmurlar barəsində məsələ dəfələrlə yuxarı instansiyaların nəzərinə çatdırılmışdır. Uzun müddətdir həllini tapmayan bu qanunsuzluqlara baxmayaraq, ümid edirdim ki, bu ilin əvvəlində mənə dəyən zərəri ala biləcəm. Çünki hazırkı cinayət işinin məhkəmədən istintaqa geri qaytarılması  və bir sıra zərərçəkmişlərin pulunun qaytarılması ilə bağlı atılan addımlar məni belə düşünməyə vadar edirdi. Amma çox təəssüflər olsun ki, Nərimanov Rayon İcra Hakimiyyətinə dəvət edilən zərərçəkmişlərlə aparılan danışıqlar və onlara deyilənlər  bunun tam əksini sübut edir. Hazırda  min bir bəhanə ilə zərəçəkmişləri yola gətirməyə çalışan Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin adamları çalışırlar ki, zərərçəkmişlərə dəyən zərərin bir qismini qaytarmaqla onları şikayətlərini geri götürməyə və dəymiş zərərin tam qaytarılması ilə bağlı tərtib edilmiş sənədlərə imza etdirsinlər. Əlacsızlıqdan, uzun müddətdir evsiz-eşiksiz qalan vətəndaşların bir qismi isə  pulsuzluqdan və süründürməçilikdən təngə gələrək  məcbur olub bu sənədləri imzalayırlar ki, bu məmur özbaşınalığından xilas olsunlar. Həmçinin zərəçəkmişləri yola gətirməyə çalışan Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin adamları elə bir görüntü yaratmağa çalışırlar ki, guya zərəçəkmişlərə ödənilən pul vəsaiti məhdud olduğu üçün, kim bu sənədləri imzalamasa, onlara pul verilməyəcək və ya onlara pul çatmayacaq. Bu söz söhbətdən qorxan və narahat olan vətəndaşların bir qismi isə  məcbur olub həmin sənədləri imzalayırlar. 
 
Cənab Prezident !
       
 
Zərəçəkmişləri yola gətirməyə çalışan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adamları ilə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev hazırkı məsələni zərəçəkmişləri təkrar aldatmaqla  ört-basdır etməyin yollarını axtarırlar. Onlar əslində 2013-cü ildə mənim 80 000 ABŞ dolları məbləğində pulumu aldadaraq əlimdən alsalar da, həmin dövrdə manatın məzənnəsinə uyğun olaraq 60 000 AZN məbləğini qeyd ediblər. Onsuz da bizə dəyən maddi və mənəvi zərər külli miqdardadır. Məhkəmə, vəkil və sair xərcləri hesablayanda itirdiyimiz vaxta və əziyyətimizə heyfim gəlir. İnsanların heysiyyatı və həyatı ilə oynayan məmurların qanunsuz hərəkətlərinə son qoyulmasa, bu özbaşınalıqlar davam edəcək. Söhbət nəinki gözdən əlillərin, eləcə də gözdən əlil olmayan insanların halal haqqının yeyilməsindən gedir. Bu gün mütəşəkkil korrupsiya və dələduzluq nəticəsində sosial vəziyyəti onsuz da çətin olan ailələrə mənzil verilməsi adı ilə pullarının  mənimsənilməsindən 7 ildən çox keçsə də, bu məmurlar hələ də kimlərəsə arxayın olub yenə də sadə insanları aldatmaqda davam edirlər. Nə üçün mənə dəyən zərərin bir qismi ödənilməlidr? Bilirəm ki, Sizin göstərişiniz belə deyil. 
 
Bildirmək istəyirəm ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hələ də  pulların tam qaytarılmasından imtina edir və ona yaxın məmurlarla şəbəkə halında birləşərək korrupsiya və məmur dələduzluğunu davam etdirir. 
 
Cənab Prezident! 
        
 
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  və onun adamları  zərərçəkmişlər və korrupsiya qurbanları barədə ictimaiyyətdə mənfi rəy  formalaşdırmağa çalışırlar. Yeyinti piramidasında Məzahir Nəsibov kimdir axı?
 
Biz yaxşı bilirik ki, sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün “işbaz” kimi Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilmişdir. Bu iş üzrə indiyə qədər heç bir rəsmi açıqlama verilməyib, aydınlıq gətirilməyib, 132 mənzilin hara və kimə verildiyi bilinmir. Halbuki,  Nərimanov rayonu ərazisində gözdən əlillərə məxsus ərazidə - F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsindən bazarla müqayisədə ucuz qiymətlərə mənzil verilməsi adı ilə binanın inşasına başlanan tarixdən 20.02.2016-cı il tarixinədək olan dövrdə respublikanın müxtəlif regionlarında yaşayan 160 nəfər civarında kasıb ailədən (yəni bizlərdən) qanunsuz şəkildə  8 (səkkiz) milyon manat məbləğində pul alıblar. Hara gedib bu pullar? Niyə bizim pulumuz qismən ödənilməlidir? 
 
Hörmətli cənab Prezident!
        
Ulu öndərimizin dediyi kimi, cinayətkar cəzasız qalarsa,  dövlətimizin gələcəyi də qaranlıq olar. Ulu öndərimizin bizə miras qoyduğu hüquqi dövlətimizdə cinayətkarların cəzasız qalmasına imkan vermək olmaz. Biz vətəndaşlar da bunu istəmirik. Bilirəm ki, Siz də öz çıxışlarınızda  ölkəmizdə gedən məhkəmə - hüquq islahatları barədə dəfələrlə danışmısız. Biz sadə vətəndaşlar Sizə inanırıq. İnanıram ki,  7  ildən sonra olsa da, mənə  dəyən zərərin tam olaraq qaytarılması  təmin ediləcək və nəinki bizim işimizlə bağlı, eyni zamanda qətiyyətli, uğurlu siyasətiniz sayəsində ölkəmizin hər yerində məmur özbaşınalığı və hüquq pozuntuları sayəsində vətəndaşların haqları bərpa olunacaq, hər yerdə qanunculuq bərqərar ediləcəkdir. 
 
Dərin hörmətlə,
 
Ələsgərov Elşad Haqverdi  oğlu 
 
 
Ünvan: Bakı, Nərimanov, T.Şıxəliyev küçəsi, ev-14, mənzil - 17
 
Əlaqə telefonları: 055-777-29-55
 070-777-29-55”
 
 
Moderator.az-ın vətəndaş Elşad Haqverdi oğlu Ələsgərovun bəhs edilən müraciəti ilə bağlı suallarına cavab olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov bunları bildirib:
 
“Vətəndaşın bəhs etdiyi məsələyə artıq uzun illərdir ki, hüquqi müstəvidə baxılıb və müvafiq qurumlar buna hüquqi qiymət verib. Yəni bu məsələ artıq Nərimanov İcra Hakimiyyətinin marağında və ya səlahiyyətində olan bir məsələ deyil. Burada söhbət müəyyən qrup dələduzların vətəndaşları aldadaraq  Gözdən Əlillər Cəmiyyətinin sifarişi əsasında tikilmiş binada onlara mənzil veriləcəyinə dair vədlər verməsindən gedir. Həmin dələduzlarla bağlı işə də artıq  Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və buna hüquqi qiymət verilib. Ayrıca vətəndaş Ələsgərov Elşad Haqverdi oğluna gəldikdə, konkret həmin vətəndaş  tərəfindən Nərimanov İH-nə heç bir müraciət daxil olmayıb. Ola bilsin, o kollektiv şəkildə müraciətə imza atıb. Ancaq bundan sonra həmin vətəndaş tərəfindən hər hansı bir müraciət daxil olsa da, biz yenə də əlimizdə olan materiallara əsasən verilmiş hüquqi qiyməti, yəni məhkəmə qərarını yazılı şəkildə vətəndaşa təqdim edə bilərik. Həmin vətəndaş da aldığı cavabdan narazı qalarsa, yenidən hər hansı bir hüquqi instansiyaya müraciət edə bilər. Amma bir daha təkrar edirəm ki, sözügedən iş artıq yekunlaşmış hesab olunur”. 
 
Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmisi bəhs edilən məsələ ilə bağlı cinayət işinin yenidən istintaqa qaytarılması haqda şikayətçi tərəfindən  verilən məlumata da münasibət bildirib. 
 
“Məlum məsələ barəsindəki cinayət işinin yenidən istintaqa qaytarılması haqda isə bizim məlumatımız yoxdur. Hətta qaytarılıbsa da, bu, artıq həmin istintaqı aparan qurumun işidir və Nərimanov İcra Hakimiyyətinin səlahiyyətində olan bir məsələ deyil. Əgər əlavə bir dələduzluq faktı aşkarlanıbsa, buna prokurorluq və məhkəmə orqanları yenə də öz hüquqi qiymətini verəcək. 
 
Onu da əlavə edim ki, şikayətdə adı hallanan Məzahir Nəsibov ad-soyadlı şəxsin də Nərimanov Rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur və İcra Hakimiyyətinin rəsmi internet saytında təqdim edilən ştat cədvəlində də bu ad-soyadda əməkdaş yoxdur və keçmişdə də olmayıb”- deyə sektor müdiri vurğulayıb.
 
Ötən illərdə mediada gedən məlumatlardan da bəlli olur ki, bəhs edilən dələduzluq işində  Nərimanov Rayon İcra Hakimiyyətinin azı bir əməkdaşının bilavasitə iştirakı olub. İcra başçsının məhkəmə proseslərində şahid qismində ifadə vermiş  1-ci müavini Şahmar İbadov da sonradan işdən azad edilib.
 
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri üçün Nərimanov rayonunda tikilən çoxmərtəbəli binada mənzil vədi ilə 177 nəfəri aldadanların və onların miyonlarla manat pulunu mənimsəyənlərin işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində 2018-ci il fevralın 26-da başlayıb.
 
 
İlk iclasda müttəhimlər kürsüsündə adı çəkilən cəmiyyətin sədri Səmyar Abdullayev, cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin keçmiş rəhbəri Yoməddin Şıxəliyev əyləşib. S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib. Dəyən zərərin məbləği isə 12 milyon manatdan çox hesablanıb.
 
Dələduz şəbəkəsinin əsas üzvlərindən olan “makler” Məzahir Nəsibov əvvəlcə Almaniyaya qaçıb. Mediada yayılan məlumatlara görə, Nəsibov pul alınıb-verilməsi işlərində əsas vasitəçi olub. Lakin sonradan o, İnterpol vasitəsilə tutularaq Azərbaycana gətirilib. 
 
Bununla bağlı Respublika Baş Prokurorluğu Mətbuat Xidmətinin  13 may 2020-ci il tarixdə yaydığı məlumatda deyilir:
 
 
“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilmiş mənzilləri qanunsuz olaraq satan şəxs Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub. Ölkəmizdə aparılan kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin miqyas və keyfiyyət göstəriciləri daha da gücləndirilib, sosial siyasətin prioritet istiqamətlərindən biri kimi bu sferada idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunub.
 
Bununla yanaşı, həyata keçirilən bu mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiənin ayrılmaz tərkib hissəsini təşkil edən sosial təminat sistemində sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
 
Bakı şəhər sakini Məzahir Nəsibovun “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən hündür mərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bil-bilə yalan məlumatlar daxil edib 111 nəfər kənar şəxslərə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş, Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib.
 
Ukrayna Respublikasının hüquq-mühafizə orqanları ilə qurulmuş sıx əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə ölkəmizə ekstradisiya olunub.
 
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
 
 
Şikayətçinin ölkə Prezidentinə müraciətində də qeyd etdiyinə görə, sözügedən məsələ ilə bağlı cinayət işi hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində icraatdadır.

 
Onu da xatırladaq ki,  paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının  tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və həmin bina 2015-ci il dekabrın 24-də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.
 
Materialı nəşrə hazırlayarkən vətəndaş Elşad Haqverdi oğlu Ələsgərov tərəfindən bildirildi ki, zərərçəkənlərindən biri olduğu 8 milyonluq  dələduzluq məsələsi haqda ölkə rəhbərliyinə və ictimaiyyətə ünvanlanmış daha geniş təfərrüatlı yeni bir müraciət hazırlayır və onu yaxın müddətdə redaksiyamızın poçtuna göndərəcək.
 
Qeyd: Materialda adı çəkilən digər qurum və ya şəxslərin də münasibətini təqdim etməyə hazırıq.
 
Tarix: 28-05-2021, 09:47
Xəbəri paylaş





Xəbər lenti