DYP istehlakçıların hüquqlarını avtomobil nömrələrini gizlətməklə pozur - Vətəndaşın istədiyi nömrəni seçmək hüququna icraçının qadağa qoyması yolverilməzdir



DYP istehlakçıların hüquqlarını avtomobil nömrələrini gizlətməklə pozur -
İstehlakçıların qeyri-əmlak hüquqlarının pozulması daha çox qeydiyyat nişanlarının, telefon nömrələrinin verilməsində baş verir. Vətəndaşı qanunla müəyyən edilmiş xidmət haqqı -rüsum ödəməklə istədiyi nömrəni seçmək hüququndan məhrum etməklə icraçı xidmət qurumu “Dövlət rüsumu haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunları kobud şəkildə pozmuş olur. Bu kobud hüquq və qanun pozuntusuna görə tədbir görülmədiyindən xidmət bazarında hökmran mövqe tutan dövlət rabitə və nəqliyyat qurumları , Konstitusiya bir yana, az qala, Allahı da inkar etməyə girişiblər. Təsəvvür edin, “Dövlət rüsumu haqqında” qanunun 18.65.6.1 maddəsində 001 avtomobil nömrəsinin verilməsinə görə 1500 (seriyası müxtəlif hərflərdən ibarət olduqda) və 2500 (seriyası eyni hərflərdən ibarət olduqda) manat dövlət rüsumu nəzərdə tutulub, icraçı Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat -imtahan idarəsi isə 001 nömrəsinin mövcud olmadığını bildirir! (?) Birincisi, 001 nömrəsi mövcud deyilsə, niyə qanuna salınıb? İkincisi, bəs bu yollarda şütüyən “nömrə 1” avto (ş)lar neçə “mövcud olub” ? Üçüncüsü, nömrənin mövcudluğunun inkar edilməsi ilə büdcədə də milyonlarla manatın mövcud olmaması yaranır və ən başlıcası, 1-i inkar etmək, elə tək olan, bir olan Allahı da inkar etmək anlamına gəlir, axı! Belə çıxır, say sistemi 2-dən başlayır?

Qarabağ qazilərinin “əlil maşınları”na nömrə təhkim olunmasında ayrı-seçkiliyə yol verilməsinə yol polisinin nəyə görə yol verməsi anlaşılan və qanunauyğun deyil. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995-ci il tarixli 1113 saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə, qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa , istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. SOSİAL MÜDAFİƏYƏ EHTİYACI OLAN VƏTƏNDAŞLARIN AYRI-AYRI QRUPLARINA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİK AKTLARI İLƏ MÜƏYYƏN EDİLMİŞ QAYDADA GÜZƏŞTLƏR VƏ ÜSTÜNLÜKLƏR VERİLƏ BİLƏR. İstehlakçıya SƏRBƏST xidmət seçməkdə hər cür köməklik göstərməyin İCRAÇININ BORCU olması və ona lazım olmayan çeşidi və xidməti ( konkret halda nömrəni) seçməyə məcbur edilmənin qadağan edilməsi də qanunun tələbidir.

Nə yazıq, vətəndaşlara zorla istəmədikləri nömrələri təhkim edən Dövlət Yol Polisinin qanundan və Konstitusiyadan xəbəri yoxdur. Bu xəbərsizik isə, Konstitusiyaya görə məsuliyyətdən azad etmir. Ümidvarıq ki, DİN rəhbərliyi , bağlantılı dövlət və hüquq müdafiə orqanları BDYPİ rəhbərliyinə qanunu və məsuliyyətlərini anlada biləcəklər.

Məğrur Bədəlsoy

P.S. Sovet dönəmində ən “bərkgedən” nömrələr müharibə iştirakçılarının “zapı”larına verilirdi. ..
Teref.az
Tarix: 3-06-2021, 00:35
Xəbəri paylaş





Xəbər lenti