“Elə icra başçıları var ki, insanlar onun üzünü görmür” - ETİRAZ


“Təəssüflər olsun ki, bizdə bəzən vəzifəyə qoyulan adamlar elə bilirlər ki, bunlara ağıll da, bacarıq da verilib. Halbuki vəzifə səlahiyyətləri verilib, ağıl, bacarıq, fərasət insanın özündə varsa, ona tapşırılan işi daha vicdanla, namusla, yüksək səviyyədə və xalqın mənafeyinə uyğun şəkildə icra edəcək”

Bunu Moderator.az-a açıqlamasında professor İlham Rəhimli deyib. Professor vəzifəyə təyin olunan məmurların daha vicdanla, ləyaqətlə xalqa xidmət etmələrinin arzusunda olduğunu bildirib:

“Rayona təyin olunan rəhbərin adının bələdiyyə rəhbəri və ya icra başçısı olmasının fərqi yoxdur. Söhbət seçilən adamların ona göstərilən etimadı necə yerinə yetirmələrindən, doğrultmalarından gedir. Təəssüflər olsun ki, bizdə bəzən vəzifəyə qoyulan adamlar elə bilirlər ki, bunlara ağıll da, bacarıq da verilib. Halbuki vəzifə səlahiyyətləri verilib, ağıl, bacarıq, fərasət insanın özündə varsa, ona tapşırılan işi daha vicdanla, namusla, yüksək səviyyədə və xalqın mənafeyinə uyğun şəkildə icra edəcək. Mənə elə gəlir ki, icra hakimiyyətlərinin ləğv edilib bələdiyyələrlə əvəz edilməsinin heç bir fərqi yoxdur. Sadəcə olaraq bunlardan hansınısa ləğv etmək lazımdır ki, paralel idarəçilik olmasın. Ancaq söhbət ondan gedir ki, respublikada görülən o böyük möhtəşəm işlərə uyğun olaraq rayon rəhbərləri də bütün fəaliyyət sistemlərini köklü şəkildə dəyişməlidirlər.

Elə icra başçıları var ki, aylarla insanlar onun üzünü görmür. Halbuki bura inam, güman, xalqın dərdini, sevincini bölən yeri olmalıdır. Xalqla icra başçısı arasında sərhəd möhkəmləndikcə, rayonda tərəqqi tənəzzülə doğru daha sürətlə gedir. Sadəcə olaraq arzu edərdim ki, vəzifənin özünün icra metodu dəyişsin. Rəhbərlərin camaatla ünsiyyəti formalaşsın, əlaqə bağları möhkəmlənsin. Bunlar olarsa, mənə elə gəlir ki, rəhbərin tutduğu vəzifənin adının necə olmasının əhəmiyyəti olmayacaq. Çünki icra başçısı yerində olanda, vicdanla işləyəndə o rayonda sahibkarlara da imkan yaranır, prokuror da, məhkəmə də, polis də vicdanla işləməyə başlayır. Yəni artıq rayonda azad nəfəsalma, azad iş, azad insani münasibətlər yaranır. Rəhbərlik və camaat münasibətləri formalaşır, yüksək səviyyədə olur. Təəssüflər ki, bizim əksər rayonlarımızda biz bunun şahidi ola bilmirik. Müəyyən işartılar, uğurlar var, bunu Cənab Prezident özü də dönə-dönə təkrar edir ki, xalqla ünsiyyəti möhkəmlədin, xalqa inanın, onların inamını doğruldun. Məsələn, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axunzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Nəriman Nərimanov, Cəfər Cabbarlı və digər bizim qüdrətli sənətkarlar xalqın maariflənməsi üçün böyük iş görüblər. Əslində Hüseyn Cavid, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov kimi ziyalılarımız müəllim olublar, amma görün bu müəllimlik adının arxasında nə boyda nəhəng işlər görüblər. Deməli şəxsiyyətin özünün xalqa bağlılığı, inamı, məsləkinin, vicdanının saflığı, paklığı rol oynamalıdır. İnanıram ki, bu istiqamətdə ilkin addımlar atılsa da, tam qələbə olmasa da, amma qələbəyə doğru yolun açıldığını görürəm. Arzu edirəm ki, bu yola inanıb göndərilən adamlar vicdan və namusla işləsinlər”.
Tarix: 9-07-2021, 15:52
Xəbəri paylaş





Xəbər lenti