Vüqar Səfərli məhkəmədə susmaq fikrində deyil - Kimlərin adını çəkə bilər?


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli məhkəmə prosesi kifayət qədər maraqlı ola bilər. 
HİT.az xatırladır ki, Vüqar Səfərli Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirli bilinir. Artıq ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İyulun 23-nə hazırlıq iclası təyin edilib.
İddialara görə, Vüqar Səfərli məhkəmə prosesində susmaq fikrində deyil. Onun müəyyən adlar çəkəcəyi gözlənilir. Bu sırada xüsusilə Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı hallanır.
Vüqar Səfərli KİVDF-nin icraçı direktoru olsa da, bu qurum Əli Həsənovun nəzarətində olub. Vüqar Səfərli Əli Həsənovdan iznsiz hər hansı addım atmayıb. 
Hələ Vüqar Səfərlinin istintaqı zamanı Əli Həsənovun da istintaqa çağırıldığı bildirilirdi. O zaman Baş Prokuroluq bu məlumatı nə təkzib, nə də təsdiq etmişdi. Prokurorluğun açıqlamasında deyilirdi: "Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir".
Daha sonra xəbər yayıldı ki, Əli Həsənov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və axtarışa verilib. Baş Prokurorluq bu məlumatı təkzib etmişdi. “Facebook”da Əli Həsənovun adına olan səhifədə də onun cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı iddialar təkzib olunmuşdu: "Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam".
Bu məlumatların yayılması təsadüfi hesab edilmir. Ehtimal olunur ki, Vüqar Səfərli, yaxud istintaqa təqsirləndirilən şəxs və şahid qismində cəlb edilən digərləri ifadələrində Əli Həsənovun da adını çəkib. Bu barədə məlumatın mediaya sızması Əli Həsənovun məsuliyyətə cəlb olunacağı barədə xəbərlərin yayılmasına səbəb olub. 
Vüqar Səfərli məhkəmədə susmayacaqsa və Əli Həsənovun adını çəkəcəksə, Prezidentin keçmiş köməkçisi də mühakimə olunanlarla bir sırada dayana bilər.
Tarix: 13-07-2021, 16:03
Xəbəri paylaş





Xəbər lenti