Partiya sədri: "Yol polisi demək olar ki, hər kəsin narazı olduğu fəaliyyət növlərindən biridir"



“Cəmiyyətdə heç kimə sirr deyil ki, xüsusi seçilən dövlət nömrə nişanları satılması fərqli həyata keçirilir. Həmin nömrələrin satılması ilə bağlı qərar var, amma görürük ki, həmin nömrələr qərarda nəzərdə tutulduğundan fərqli yollar və qiymətlərlə satılır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Dövlət Yol Polisinin dövlət nömrə nişanlarının satışı ilə bağlı yol verdiyi qanunsuzluqla bağlı danışan partiya sədri bu sahədə ciddi neqativ halların olduğunu bildirib:

“Bu xüsusi nömrələrin qiymətləri də simvolik qiymətlər olur. Bu nömrələrin ən yüksək qiyməti 2500 manat olmalıdır, amma daha baha qiymətə satılır. Bu da hər kəsə məlumdur. Lakin düşünürəm ki, bu məsələ ilə bağlı ictimaiyyətin edə biləcəyi çox bir şey yoxdur, məsələ ciddi araşdırılmalıdır. Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsi məsələ ilə maraqlanmalıdır. Həmçinin audit şirkətləri ciddi yoxlanış aparmalıdırlar. Bu, Dövlət Yol Polisinin fəaliyyəti ilə bağlı olan neqativ məqamlardan sadəcə biridir. Ona görə də, bu qurumla bağlı ciddi araşdırmalara ehtiyac var. Əsas məsələ budur ki, Dövlət Yol Polisinin fəaliyyəti ilə bağlı vahid yoxlama mexanizmi yoxdur. Bu cür faktlar ortaya çıxanda, müvafiq qurumlar bunu araşdırmalıdır”.

Partiya sədri bildirib ki, yol polisi sahəsinə diqqət olsa da, qanunsuzluqlar qalmaqdadır:

“Yol Polisinin fəaliyyəti ilə bağlı yeni bir proqram qəbul olunmalı, yaxud mövcud proqrama yenidən baxılmalıdır. Yol polislərinin məvacibi qaldırıldı, amma bu cür halların qalması xüsusilə sürücüləri qıcıqlandırır. Yol polisi demək olar ki, hər kəsin narazı olduğu fəaliyyət növlərindən biridir. Dövlət Yol Polisinin fəaliyyəti ilə bağlı köklü islahatlar aparılmalıdır. Onlarla bağlı mövcud olan neqativ halların qarşısını almaq vacibdir və bunun üçün proqram, yaxud yoxlama mexanizmi qəbul edilməlidir. Digər tərəfdən, hazırda bir çox ölkələrdə post-patrul xidməti, nəqliyyat xidməti bir qurumda birləşib. Lakin bizdə bu xidmətlərin hər biri ayrı qurumlar tərəfindən idarə olunur. Düşünürəm ki, bu xidmətlərin ayrı-ayrı qurumlara bölünməsi də qanunsuzluğu və özbaşınalığı artırır. İstənilən halda görünən budur ki, Dövlət Yol Polisinin fəaliyyəti ilə bağlı ciddi islahatlara ehtiyac var”.
Tarix: 6-08-2021, 16:03
Xəbəri paylaş





Xəbər lenti