Möhtəşəm qadın!


Müsavat Partiyasının üzvü, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu
Heç cür anlamaq olmur, məgər Gültəkin xanım hakimiyyətin yanında olduğunu danır və ya bu, kimin üçünsə sirrdir? Sizcə, o, axıradək bu mənfur, antimilli hakimiyyətin yanında qalsa, yaxşıydı? On illərdir ki, üzümüzü iqtidar komandasında olanlara tutub deyirik ki, xalqın tərəfinə keçin və birlikdə bu antimilli rejimə qarşı mübarizə aparaq. Özü də bilə-bilə ki, o düşərgədən kimsə bu çağırışa müsbət cavab verməz, çünki düşərgəni dəyişib müxalifətin tərəfinə keçən şəxs İlham Əliyevin qəzəbinin və zorba gücünün birbaşa hədəfində olacaq. Məhz buna görə də bu illər ərzində iqtidardan xeyli qopanlar olsa da, onlardan kimsə müxalifətə üz tutmadı. Bu məsələdə mənim xatırladığım bircə istisna var, o, Gültəkin Hacıbəylidir. İlham Əliyev bu mübariz qadına daha hansı pislikləri etmədi? Ona edilmiş təzyiqlərin və cəzaların onda biri bir çox özündən deyən müxalifətçi kişilərə edilsəydi, bircə gün də davam gətirə bilməzdilər. Təkcə bircə faktı deyim, Gültəkin xanımı tək övladını əlindən almaqla təhdid etdilər, özü də çox ciddi-ciddi, bunun bandotdeldə kişilərə verilmiş işgəncələrdən qat-qat ağır işgəncə olduğunun fərqindəsinizmi? Buna baxmayaraq, siz onun müxalifətçilik mövqeyində azca da olsun tərəddüd etdiyini görmüsünüzmü? Xanım təxminən 12 ildir ki, müxalifətdədir, müxalifətin liderlərindən biridir və bu missiyanı çox ləyaqət və rəşadətlə davam etdirir. Müxalifətçiliyə elə müxalifət düşərgəsindən başlamış və bu qədər uzun yolu ləyaqət və şərəflə gəlmiş çoxmu ənənəvi müxalifətçi tanıyırsınız? Bütün bu illər ərzində ona qarşı hücumlar, əsassız ittihamlar və təhqirlər ara vermədi. İqtidar düşərgəsindən edilən hücumları başa düşürəm. Amma rejimə qarşı mübarizə aparan, mübariizə aparmayıb sadəcə olaraq onun getməsini istəyən insanların da belə kampaniyalara qoşulmasını heç cür anlaya bilmirəm. Belə çıxır ki, xalqın tərəfinə keçəni, bu cəsarətli addıma görə alqışlamaq, o birilərinə də stimul vermək əvəzinə, onu bu cəsarətli addıma görə peşiman edirik. Hətta bəziləri Gültəkin xanımın iqtidar düşərgəsindən müxalifətə keçməsini satqınlıq adlandırırlar, yəni iqtidarı satdısa, müxalifəti də satacaq. Onlardan soruşuram, elə isə, xalqın və haqqın tərəfinə keçmək necə olur? Kimsə bunu izah edə bilərmi? O, nəyin müqabilində satılıb və bu satılmadan nə əldə edib? Məsələnin bu tərəfini düşünmək çoxmu çətindir? Biriləri də bu möhtəşəm qadını qaralamaq üçün daha dərin fantaziyalar qururlar, bəs deməzsinizmi, Gültəkin xanım vurulmuşdu, daha ona mandat verməyəcəkdilər, ona görə müxalifətə keçib. Bayaq da qeyd etdim, iqtidar düşərgəsində vurulmuşlardan müxalifətə keçən bircə nəfərin adını çəkmək mümkün ola, ya olmaya. Digər tərəfdən, hətta belədirsə, bu da Gültəkin xanımın xeyrinədir. Hamı bilir ki, çoxlu xarici dil bilən bu savadlı xanımın həm də hüquq təhsili var və siyasəti mükəmməl bilir. Sizcə, iqtidar belə bir parlaq istedadı niyə vurmalıydı? Cavabı çox sadədir, iqtidar komandasında vurulmağın yeganə şərti, bu komandanın oyun qaydalarına qarşı çıxmaqdır. Deməli, Gültəkin xanım onlar kimi, onların istədiyi kimi olmayıb və buna görə ona əhsən deyirəm. Təbii ki, əgər həmin fantaziyanı doğru saysaq. İndi kimsə burada Gültəkin xanımın prezident seçkiləri zamanı İlham Əliyevin təbliğat mitinqində çıxışını xatırlatmasın. Çünki bayaq da dedim ki, Gültəkin xanım bir vaxtlar iqtidar düşərgəsində olduğunu danmır və bu çıxış da həmin dövrə aiddir. Bunu Gültəkin xanıma o vaxt irad tutmaq olardı ki, cəmiyyət onun bir vaxtlar iqtidar düşərgəsində olduğunu bilmirmiş, özü də bunu cəmiyyətdən gizlədib və məsəlınin üstü indi açılıb. Necə olur ki, bir vaxtlar müxalifətdə olmuş tanınmış simaları çox kəskin tənqid edəndə, onların vaxtilə alovlu müxalifətçi olmaları unudulur, amma müxalifətçi Gültəkin xanımın iqtidarla bağlı keçmişi unudulmur? Yeri gəlmişkən, Gültəkin xanımış iqtidar komandasında qırğılarından, odioz fiqurlarından da olmayıb, ha! Məsələnin başqa bir absurd tərəfi var. Biriləri də Gültəkin xanımın iqtidardan müxalifətə “satılmasını”, bəzilərinin müxalifətdən iqtidara satılmaları ilə eyniləşdirirlər. Çox absurd və məntiqsiz yanaşmadır. Biri kurort həyatını zindan həyatına, o biriləri isə zindan həyatlarını kurort həyatına dəyişiblər. Yəni, hər iki tətəf əks tərəfdə onu nə gözlədiyini yaxşı bilir və addımı atır. Bunların eyni şey olmadığını dərk etmək üçün o qədər də güclü ağıla sahib olmaq lazım deyil, azacıq vicdanın olması kifayət edir.
Tarix: 12-08-2021, 23:00
Xəbəri paylaş





Xəbər lenti