Qudurmuş məmurun daxili monoloqu

Qudurmuş məmurun daxili monoloqu

"...Ay başıbatmış millət! Sən yaşamırsan!.. Sən sürünürsən, sən yuxulusan, mürgüləyirsən, sən fil qulağında yatmısan! Yaşamağın, sudan quru çıxmağın təhərini bilmirsən... Tutmusan ləyaqətin, şərəfin, mənəviyyatın, filanın – beşməkanın quyruğunnan ki, iş bilmişəm.
Ay başıdaşlı millət, bunlar hamısı fuflodu, vozdux şeylərdi! Bəli, mən arını yeyib, namsunuu çölə tullamışlardanam – noolsun? Soruşuram axı, noolsun?!
Bəli, mənim arvadım gəzəyəndi, ipiqırığdı, ayağısürüşkəndi və sair və ilaxır,– bunun kimə nə dəxli?.. Gəzir, lap belə əcəb eləyir gəzir!.. Gəzməyin nəyi pisdi kı, ay tupoybaşkalar?.. Qoy gəzsin də; əsas odur, fırrana-fırrana axırı gəlib öz xarabasına çıxır, - vsyo! Axı həyat adama bir dəfə, cəmi bircə dəfə verilir, bunu qanırsız heç, ay danqabaş yığınağı?..
Qızıma da polnıy volya vermişəm, demişəm ki, doçenka, nə badə kayfınnan-zadınnan qalasan ha! Ha-ha!.. Get, anan gəzən ağacları budaq-budaq... yox, lap belə, yarpaq-yarpaq gəz, - papan ölməyib ki! Sonra gec olacaq, yetişmiş, kukla kimi qızssan, kimnən, kimlərnən istəyirsən keyf elə, özünçün.
Qaldı oğluma... xoflu xainlər oğul balamı görəndə paxıllıqdan alışıb yanıllar!.. Canım-ciyərim oğlum! Bığ yeri təzəcə tərləmiş, xoruz yerişli oğlum! Gələcəyim, davamçım, varisim- vərəsəm, toçnu Kançitaya oxşayan oğlum!!! İndi bəzi ağzıgöyçəklər oğul balamın öz “ferrari”siylə dörd-beş nəfəri vurub xosunbay eləməsini şişirdib şou düzəldillər. Guya ki, içkili olub, narkoş-markoş vəziyyətində olub, huşu başında olmayıb... Lap belə, deyilən kimidi, hə, noolsun?! Olub-olmayıb, lap belə əcəb eləyib, olub-olmayıb! Lap belə əlinin içinnən gəlib, içinin içinnən gəlib, içində bir noxud var - noxudun içinnən gəlib! Vurub üç- dörd nəfər... lap olsun beş-altı nəfər, avara-uvara adam öldürüb... noolsun?! Adam öldü, it öldü – böyük fərqi var bəyəm?! İindi mən boyda kişi bunnan ötürü durub uşağıma “gözün üstə qaşın var” deməliyəm?.. Cavandı, dəliqannıdı, hallıdı,- bu yaşında da avtoşluq eləmiyib bə nə vaxt eləyəcək?.. Əlqərəz, gözü götürməyənnlərin gözü çıxsın, necə ki, çıxır da!
Tifilə cəmi-cümlətanı doqquz yüz əlli beş min manata maşın alıb bağışlamışam, paraşa buraxıblar ki, maşının qiyməti üç milyondu. Vallahi-billahi bu millət ... millət ha! Ha-ha! - məhv olmalıdı! Şəxsən mənim imkanım olsa bunları sıraya düzüb, bittə-bittə tapdalayıb əzərdim, - tarakan kimi! Xurd-xəşil eləyərdim. Nəyə lazımdı, kimə lazımdı bu millət? Guya, bunlar olmasa dünya dağılacaq, ölkədə iş getmiyəcək!?.. Boş sözdü! Fuflodu, sabun köpüyüdü! Lap yağ kimi gedəcək! Odey ha, pakistanlı, çinli, əfqanistanlı... o qədər ucuz, su qiymətinə işçi qüvvəsi var ki, lap itivə tök!.. Nə mitinq eləyillər, nə şikayət , nə də haqların-hüquüların tələb eləyillər!..
Həə, indi keçək özümə. Mən veçni acam. Acgözəm. Təpəgözəm! Döymuram... yox, yeməyi-xörəyi nəzərdə tutmuram: mən puldan-paradan doymuram. Mən pulun ətrinnən, qoxusunnan, şıx-şıxınnan, hökmünnən doya bilmirəm. Mənim Allahım yüzlük manatdı - AZN! Mənim dinim-imanım yüzlük dollardı - ABŞ dolları! Mənim vicdanım-etiqadım yüzlük avrodu- daşdan keçən sevgili yevro! Paçka-paçka! Qalaq-qalaq! Kilo-kilo! Oxx, qadasın allam, başına dolannam pulun!.. Bu gün mən öz böyüyümə, yəni sahibimə, yiyəmə, başımın ağasına heyvan kimi sədaqətliyəm. Lazım gələndə onun ayaqqabılarının altını yalayıram, lazım gəlsə, lap gündə yüz dəfə donbalaq da aşaram, şıllaqlayaram da ... Sahibimin sahibinin iti, onun sahibinin isə küçüyüyəm. Amma eyni zamanda, mən həm də hər şeyi götür-qoy eləyənəm, çoban iti kimi sayıq, dağ qazı kimi ayığam. İşdi-şayətdi, əgər sabah – “kiş-kişlər” olsun, şər deməsən xeyir gəlməz,- çərxi-fələk tərsinə dövran eləsə, yəni hakimiyyət-filan dəyişməli olsa, heç “uf”da demədən öz yiyələrimi baqaja qoyaram. Baqaja qoyaram ki, sudan quru çıxa bilim. Vot tak! Sivişib sudan quru çıxmaq nə vaxtdan qəbahət sayılır? Burada nə pis iş var ki?.. Bacarana can qurban! Hələlik isə mən kölənin köləsinin köləsiyəm. Quyruq bulayıram, yalmanıram, ikiüzlülük, əclaflıq, alçaqlıq, satqınlıq eləyirəm. Və bir qram da vicdan əzabı çəkmirəm. Bilin, olmayan şeyin əzabı da olmaz ha. Ha-ha!..
Bəli, mən oğraşam, dəyyusam, gözüynən görənəm... - noolsun? Sizdən soruşuram: noolsun axı?! İndi kimin duxu çatar ki, ağız bahəm eləyib məynən çiling-ağac oynasın?! Vallahi, heç “mıqq”da eləməyə macal tapmaz,- basdırram!!! Cibinə narkotik, evinə avtomat, tapança, həyətinə S-300 raketi-çala-çala əlli-ayaqlı gedər!..
Ay şərafətli, mərifətli, ləyaqətli millət! Xəbərin yoxdu, sən ölməyə məhkumsan. Təəccüblüsü budur ki, indiyə qədər niyə hələ ölməmisən!.. Əlqərəz... Siz ölməyinizdə, mən də öz keyfimdə olum. Bəli, mən sizdən fərqli olaraq,yaşamağın yol-yolağasını tapmışam və özümçün bala-bala ya-şa-yır-am!.. Ham-ham! Ham- ham-ham!"
Eldəniz QULİYEV
Tarix: 25-08-2021, 22:33
Xəbəri paylaş





Xəbər lenti