“Necəsinizsə, elə də idarə edilirsiniz...” - Cahanın ən böyük öndəri...

“Necəsinizsə, elə də idarə edilirsiniz...” - Cahanın ən böyük öndəri...
“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun! Məhz onlardır müvəffəq olanlar...“
 
"Kütlə psixologiyasından istifadə edib milləti küçəyə tökənlər, bəlkə də, onun hissi tərəfindən istifadə edirlər.  Amma müntəzəmlik tələb edən işlərdə bu, o qədər də əhəmiyyətli deyil..."
 
"Allah Rəsulu insanların hissə qapılıb arxasınca gəlməsini istəməmişdir. Çünki bir hislə gələnlər başqa bir hislə də çıxıb gedər..."
 
(Əvvəli burada://moderator.az/cemiyyet/410826/o-en-byuk-lider-en-byuk-rehber-ve-en-byuk-nder-idi/)
 
Varlıların imtiyaz istəməsi...
 
İslamın başlanğıcında Allah Rəsuluna iman gətirənlərin çoxu kasıb idi. Böyük əksəriyyəti də gənclər idi. Küfrün kəsavətinə bürünmüş qərəzli yaşlılar inadkarlıqdan əl çəkmək bilmirdilər. Nəhayət, “İnsanlar dəstə-dəstə Allahın dininə daxil olanda”[2] Allah Rəsuluna iman etməyə ehtiyac duydular. Amma ilk günlərdə Ona yalnız gənclər iman gətirmişdi. Həm də yoxsul gənclər!..
 
Özünü başqalarından üstün sayan bəzi müşriklər bundan heç də məmnun deyildilər. Tez-tez Allah Rəsuluna müraciət edib “Bizə xüsusi gün ayır” deyirdilər. Başqa müsəlmanlarla, xüsusilə, kasıblarla – Bilallarla, Ammarlarla, Yasirlərlə, Xabbablarla bir məclisdə olmağı özlərinə sığışdırmırdılar. Onlar Məkkənin ağaları idi, sadə camaatla bir yerdə oturmaq onlara yaraşmazdı. Bəlkə də, o dövrün cəmiyyətində belə şeylər adiləşdiyi üçün bunu ağlabatan və məqbul istək hesab edirdilər. Ancaq vəziyyət heç də onların təxmin etdikləri kimi deyildi. Onlar belə bir təklifin məmnuniyyətlə qarşılanacağını düşünməkdə olsunlar, Uca Allah (cəllə cəlaluhu) artıq Rəsulunu xəbərdar edib hazırlamışdı…:[3]
 
“(Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından uzaqlaşdırma. Sən onların əməllərinə görə məsuliyyət daşımırsan, sənin əməllərinə görə də onlar məsul deyil. Ki, (onları uzalqaşdırıb) zalımlardan olasan“.[4]
 
Yəni: Sən daha böyük işlərlə məşğul olmalısan! Kasıbları uzaqlaşdırıb müşriklərin hidayətini ummaq kimi xırda hesablarla məşğul ola bilməzsən. Çünki bu, zülmdür.. və Sən zülm etməkdən çox uzaqsan! Bəli, sırf müşriklər məmnun olsun deyə kasıbları uzaqlaşdırmaq ən böyük zülm idi.. və Allah ən böyük ədalət timsalı Rəsulunu ta başdan hifz edirdi.
 
Quran bunu elə bir dövrdə söyləyirdi ki, Allah Rəsulunun ətrafında bu üç-dörd kasıbdan başqa heç kim yox idi. Amma O, bu dövrdə də gələcəkdən arxayındı.. hər kəsin, hətta o inadkar fironların bir çoxunun yumşalıb İslamı qucaqlayacağına və Quranı baş tacı edəcəyinə inanırdı. Yəni əvvəl-axır gələcəkdilərsə, yoxsulları yanından niyə uzaqlaşdırmalı idi ki?!
 
Allah Rəsulu onları heç yanından uzaqlaşdırardımı?! Özü buyururdu: “Cənnət bu üç insana müştaqdır. Əli, Salman və Ammara…”[5]
 
Bəli, hər kəs Cənnət arzusunda, Cənnət isə onlara müştaqdır.. məşuqa həsrət aşiq, cəmala həsrət gözlər, rüyət (Allahın cəmalını görmə) hicranı ilə qıvrılan vicdan, Haqqa çatmaq arzusu ilə alışıb yanan qəlb kimi müştaqdır.
 
İki Cahan Sərvəri başına pərvanə olan bu ilklərin, bu kasıb insanların bir gün cahanşümul bir inqilaba imza atacaq heyət olduğunu yolun başından bilir və hər addımını ona uyğun atırdı. Şərqin də, qərbin də bir gün mütləq Onunla göndərilən həqiqətlərə iman gətirəcəyinə zərrə qədər şübhə etmirdi… İlahi vədin gerçəkləşəcəyinə əmin idi.
 
Müşriklərin istəyini rədd etdi. Onlara iltifat da göstərmədi. Bu gücsüz və kasıb insanlara göz bəbəyi kimi baxdı və onları hüzurunun şərəfli sakinləri olaraq həmişə əziz tutdu.
 
İnsan amilinə biganə yanaşmaq olmaz...
 
Allah Rəsulu insan amilinə zərrə qədər biganəlik göstərməmişdir. Hətta insanların bir qismini döyüşə göndərəndə belə düşüncə, fikir və elm həyatı zəifləməsin, geri qalmasın deyə insan, elm və mədəniyyət faktoruna böyük əhəmiyyət vermişdir. Başqa cür ola da bilməzdi, çünki Qurani-Kərim fərman edirdi:
 
“Möminlərin hamısı birdən döyüşə çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman (Allahın əzabı ilə) qorxutsun, onlar da (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən) çəkinsinlər!“[6]
 
Bəli, möminlər cihada gedəndə belə bir zümrə arxada qalmalı və dini öyrənməlidir ki, cihaddan qayıdanlara dini öyrədən olsun. Cihad fərzi-eyn olanda belə, sizin elm və mədəniyyət yuvalarınızın qapıları taybatay açıq olmalıdır. Əgər düşmən atlılarının hər tərəfi tapdaq altına aldığı bir dövrdə elm və mədəniyyət ocaqları bağlanar, hər kəs cihada yollanarsa, düşmən üzərində qələbə çalınsa belə, elm və mədəniyyət çox şey itirmiş olar. Ona görə də İslamiyyət  belə fövqəladə hallarda bəzi insanların hərbi səfərə getməyib elm və kültür sahəsində çalışmasını əmr edir. Demək ki, Allah Rəsulu ən çətin vaxtlarda belə elm və kültür səfərbərliyini ehmal etməmişdir: döyüşə getməyənlər özlərini elmə həsr etmiş, gedənlərə də arxada qalanların zəmanəti verilmişdir. Daha əvvəl də təmas etdiyimiz kimi İslamın ilk illərində oxuma-yazma bilənlər tək-tük olsa da, iyirmi il sonra yazı savadı olmayan bircə nəfər də qalmamışdı. Belə bir nəticə isə ancaq Allah Rəsulunun səy və zəhməti ilə əldə edilmişdi.
 
Bəli, O, heç vaxt insan amilini əhəmiyyətsiz görməmiş, fərdləri və milləti mükəmməl yetişdirməyi bacarmış, öyrətmiş, öyrətməyi əmr etmiş.. nəzəri məsələləri praktikaya çevirmiş.. şəxsən özü də bir müəllim kimi tələbə yetişdirmiş.. və ölü bir dünyanın ölü kütlələri içində  elm və iman toplumu təsis etmişdir.
 
İlk memar və banidən sonra, cəmiyyət artıq öz idarəçilərini öz fərdlərindən seçir ki, bu da əvvəlki ilə qarışdırılmamalıdır.
 
Bəli, elmi, fikri və texnoloji tərəqqiyə meyilli bir toplum həmin toplumun qaymağı olan bu cür elmli və açıqfikirli insanlar tərəfindən idarə edilir. Südün qaymağı süddən olduğu kimi, elm, düşüncə və texnologiyanın qaymağı da onların özündən olur. Allah Rəsulu bu məqamı bir cümlə ilə ifadə edir: “Necəsinizsə, elə idarə edilirsiniz”.[7]
 
Bir ölkə kamil insanları ilə abad olur
 
İnsan amilinə dəyər verməyi əmr və təşviq edən bir çox ayə vardır. Bunların hamısına baxa bilsək, İslam dininin insana verdiyi önəmi daha yaxşı anlayarıq. Ancaq biz bu mövzu haqqında müəyyən təsəvvür oyatmaq məqsədiylə bir iki ayəyə təmas edib keçəcəyik:
 
“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun! Məhz onlardır müvəffəq olanlar“[8].
 
“(Ey müsəlmanlar!) Siz insanlar arasında ən xeyirli ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha qəlbən inanırsınız.”[9]
 
Bu və oxşar ayələr İslamın insana və elmə verdiyi əhəmiyyəti göstərən bariz nümunələrdir.
 
İslam qəlb, ruh, hiss, duyğu və düşüncəni ən düzgün və tarazlı şəkildə götürmüş və onları yaradılış qayəsinə yönəltmişdir. Nə ehmal var, nə də natarazlıq.. bu duyğuların hamısı ilə birlikdə səyahət və onların hər biri ilə varlığın mahiyyətini seyr etmək. Allah Rəsulu da bu məsələyə heç vaxt laqeyd yanaşmamışdır.. bu, bir rəhbər üçün çox əhəmiyyətlidir. Neçə-neçə rəhbər əlinin altındakı insan və imkanlarla zəfər gözlədiyi yerdə məğlubiyyətlə üzləşir. Daha doğrusu, zəfərə gedən yolda xətalardan heç cür xilas ola bilmirlər. Kütlə psixologiyasından istifadə edib milləti küçəyə tökənlər, bəlkə də, onun hissi tərəfindən istifadə edirlər.  Amma müntəzəmlik tələb edən işlərdə bu, o qədər də əhəmiyyətli deyil.
 
Allah Rəsulu insanların hissə qapılıb arxasınca gəlməsini istəməmişdir. Çünki bir hislə gələnlər başqa bir hislə də çıxıb gedər. Halbuki Allah Rəsulunun ətrafındakı insanlar ən ağır, ən acılı-ağrılı zamanlarda belə Onu tək qoymamışdı. Tək qoymaq bir yana qalsın, Onun yolunda ölməyi həyatın qayəsi, şəhid olmağı da canın şükrü saymışdılar.
 
Mövzuya qayıdırıq; bəli, bir ölkə kamil yurddaşları ilə abad olur. Hz. Məhəmməd (s.ə.s) də məhz bunu həyata keçirmişdir. Dünyanın müxtəlif yerlərinə göndərdiyi insanlar dövlət və millətlərin idarəsində, hətta məktəb və mədrəsələr açmaqda heç vaxt uğursuzluğa düçar olmamışdır. Bu da Allah Rəsulunun əshabını çox yaxşı yetişdirdiyini və ən böyük dəyəri insana verdiyini göstərir…
 
Mənbələr:
 
[1] Buxari, “Mənaqib”, 25; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, 4/257; Hakim, “Əl-müs­tədrək”, 4/564.
 
[2] “Nasr” surəsi, 110/2.
 
[3] İbn Macə, “Zühd”, 7.
 
[4] “Ənam” surəsi, 6/52.
 
[5] Tirmizi, “Mənaqib”, 33.
 
[6] “Tövbə” surəsi, 9/122.
 
[7] Deyləmi, “Müsnəd”, 3/305.
 
[8] “Ali-İmran” surəsi, 3/104.
 
[9] “Ali-İmran” surəsi, 3/110.
 
Meneviyyat.az

Tarix: 4-02-2022, 10:08
Xəbəri paylaş





Xəbər lenti