Uşaq bağçaları ilə bağlı gözləntilər: Qəbul şəffaf aparılacaq?


Uşaq bağçaları ilə bağlı gözləntilər: Qəbul şəffaf aparılacaq?

"Bağçaların təhvil-təslim prosesinin mart ayında yekunlaşdırılması nəzərdə tutulub".
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin təhvil-təslim prosesi davam edir:
"Mart ayında bu prosesin yekunlaşdırılması nəzərdə tutulub".
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələrinin (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı ötən il dekabrın 20-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, sozügedən təhsil müəssisələri 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi.
Uşağını dövlət bağçasına qoymaq istəyən valideynlər xeyli əziyyət çəkirdilər. Valideynlər yaxınlığındakı dövlət bağçalarında uşaqlarına yer tapa bilmədiklərini, yaxud da pulla bu yerin təşkil olunduğundan şikayətlənirdilər. Dövlət bağçalarında baş verən bir neçə neqativ hallarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər də vəziyyətin ürəkaçan olmadığını göstərirdi.
Bundan sonra nələr dəyişəcək, gözləntilər nələrdir? Hansı yeniliklər proqnozlaşdırılır?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bağçalara həm tərbiyəçi, həm də uşaqların qəbulu prosesi şəffaf şəkildə həyata keçiriləcək:

"2011-ci ildə Təhsil Nazirliyindən uşaq bağçaları alınanda bağçaların maddi-texniki bazasının yüksəldilməsi istiqamətində böyük ümidlər vardır. Amma son 10 ilə baxanda görürük ki, hədəflər özünü doğrultmadı. Xüsusilə işə qəbul prosesində, uşaqların bağçalara qəbulunda ciddi nöqsanlar var.
Bilirik ki, 2009-cu ildən müəllimlərin orta məktəbə işə qəbulu şəffaf mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu prosesin uşaq bağçalarına tətbiq edilməsi, layiqli, savadlı, bu sahədə ixtisaslı kadrların işə qəbul edilməsinə gətirib çıxaracaq.
Bundan başqa ölkə başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən dövlət qurumları xidmətlərini elektron qaydada göstərməli idilər. Təhsil Nazirliyi birinci sinfə, məktəbə hazırlıq qruplarına uşaqların qəbulu, şagirdlərin yerdəyişməsi kimi prosesləri elektron qaydada həyata keçirir. Amma uşaq bağçalarına qəbulda bu, belə deyildi. Bir çox hallarda uşaq bağçalarının direktorlarının əsassız tələbləri ilə proseslər həyata keçirilirdi, yəni yalnız kim pul verirdisə, onun uşağını qəbul edirdilər, digərləri qəbul olmurdu. Valideynlər müraciət edəndə onlara yer olmadığı deyilirdi. Təhsil Nazirliyinə veriləndən sonra uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək və həmin bağçanın ərazisində yaşayan hər kəs rahatlıqla uşaqlarını bağçaya qoya biləcəklər. Bu da əlçatanlığına xidmət eləyəcək".
Təhsil eksperti hesab edir ki, dəyişiklik müsbət istiqamətdə olacaq:
"Təəssüf ki, uşaq bağçaları icra hakimiyyətlərində olanda uşaqlara verilən qida menyusunda ciddi şəkildə yeyintilər olub. Yəni nəzərdə tutulmuş qidalar uşaqlara tam şəkildə gedib çatmır. Bu da ciddi problem idi, valideynlər özləri bağçada yemək üçün uşaqlara yemək qoyurdular. İndi Təhsil Nazirliyinə bu proses veriləndən sonra qeyd edilən neqativlərin hər biri aradan qalxacaq".
Tarix: 6-02-2022, 14:51
Xəbəri paylaş





Xəbər lenti